Cəmiyyət

Müəmma dolu intihar: Cavad özünü niyə asdı? - FOTO

8 Fevral 2016 20:47
27 Şərh     Baxış: 13 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bir canım var, o da cəhənnəmə...".  "WhatsApp"da son statusunu yazır... və sonunda da bir təbəssüm işarəsi. Ölümə gülürmüş kimi. Profil şəklini də dəyişib kəndir şəkli qoyur.
 
Telefonunu da götürüb evdən çıxanda yataq xəstəsi atası haraya getdiyini soruşur. "Məhləyə dəyib, gəlirəm", - deyir. Bundan sonra saatlar keçsə də, Cavad geri qayıtmır. Sabahı gün qardaşı qızının doğum günü olacağından anası bir gün əvvəldən onlara gedibmiş.  Anasını da Cavad özü yola salıbmış.
 
Səhərə qədər yataqda oğlunun yolunu gözləyən ata tezdən qonşulardan alır Cavadın ölüm xəbərini. Sən demə, atanın oğlunu gözlədiyi o vaxtlarda Cavad özünü həyətdə asıbmış.
 
Yaşasaydı, fevralın 14-də Cavad Cəfərovun 20 yaşı olacaqdı. Əslən Cəlilabadın Qarqulu kəndindən olan ailə 2003-cü ildə Bakıya köçüb. 13 ildir paytaxtın Bayıl qəsəbəsində, SOCAR-ın Qaz Emalı Zavodunun həyətində yaşayırlar.
 
Cavad 9 illik təhsilini 1 saylı Zəngilan məktəbində alıb. Sonradan peşə məktəbində qaynaqçı sənəti üzrə təhsil alırmış. Hələ bu yaxınlarda qohumunun yanında işə də düzəlibmiş. İki qardaş olublar. Böyük qardaşı ötən ay hərbi xidmətə yollanıb. Yayda Cavad da yaşıdları kimi əsgər olacaqdı. Əgər o gecə özünü asmasaydı.
 
Gecə həyətə çıxanda əynini qalın geyinməmişdi. Ayağına şəpik keçirib bayıra çıxır. Atası ancaq bu qədərini görə bilir. Onların evinə bitişik barı var. Barıdakı dəlikdən insanlar keçib iş-güc dalınca gedirlər. O barının başında isə elektrik xətləri keçir. Cavad əvvəlcədən hazırladığı kəndiri həmin xətlərin bərkidildiyi dirəyə bağlayır və ayağının altına həyətdən götürdüyü boş su qabını qoyur. Və...
 
Hadisə şənbə günü gecə baş versə də, meyidi bazar günü işə gedən qonşular aşkarlayırlar. Həyətdəki uşaqlar deyirlər, əvvəl elə bildik, "kukla"dır. İnanmaq çətindir ki, Cavad özünü asıb.
 
Cavad həyətdə sakit, ağır təbiətli biri kimi tanınırmış. Hadisədən bir neçə gün əvvəl hasarın dibində qonşu uşaqlarla siqaret çəkəndə onu fikirli görüblər. Səbəbini soruşanda deyib, mən burada ürəyim nə istəyir, edirəm, qardaşımsa edə bilmir.
 
Bu yaxınlarda Cavadın qardaşının andiçmə mərasimi olacaqdı. Qardaşı üçün pul toplayırmış. Yanına gedəcəkmiş. Cavadın intiharı çox şeyi yarımçıq qoydu. Eləcə də qardaşların görüşünü.
 
Deyirlər, kaş əl boyda bir kağız yazıb qoyardı: "Ən azından bilərdik, niyə bunu edib?! Təsəlli alardıq. Nə dərdi vardı axı? Pul problemi olmayıb, sevgi problemi olmayıb".
 
Onun gözlənilməz ölümü ailəni ümidsiz qoyub. Ömrünü övladlarına qurban vermiş ana çarəsiz sağa-sola vurnuxur. Nəsə axtarırmış kimi. Atası isə başqalarının köməyi olmadan yerindən tərpənə bilmir. Cavad bu gün Lökbatan qəbristanlığında dəfn edildi. Onunla birgə ailəsini düşündürən onlarla sualın cavabı da.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.