Cəmiyyət

"Azərbaycanın geosiyasəti"

8 Fevral 2016 14:55
Baxış: 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Əvvəli burada

Müəllif yazır ki, bu gün Qafqazdakı postsovet ölkələrinin üçü etnik separatizm zəminində daxili münaqişələrə cəlb olunub. Ermənistan-Azərbaycan (Dağlıq-Qarabağ), Rusiya-Gürcüstan(Cənubi Osetiya, Abxaziya) və Çeçenistan Dağıstan (Rusiya) münaqişələri regiondakı nisbi sabitliyi hər an poza biləcək ciddi geosiyasi amilə çevrilib. Ona görə də müasir dünyada, Avropa və bölgədə son zamanlar "Xəzər hövzəsi və Qafqazın regional təhlükəsizlik sistemi" prinsiplərinin müəyyən edilməsi və birgə təhlükəsizliyin yaradılması çağırışları daha təkidlə səslənir, bölgənin hər bir dövlətinin və regionun sabitliyində marağı olan beynəlxalq geosiyasi qüvvələrin diqqətini ciddi şəkildə cəlb edir.

Qeyd edək ki, Türkiyə və Gürcüstan Cənubi Qafqazın regional təhlükəsizliyi sahəsində və qarşılıqlı milli təhlükəsizliklərin təminatı məsələsində Azərbaycanın ən yaxın strateji tərəfdaşları hesab olunur.

Belə ki, Türkiyə tərəfi Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmaqla yanaşı, həm də  regionda təhlükəsizlik sistemində aktiv fəaliyyətə başlamışdı. Eyni zamanda Gürcüstanla da geostrateji əməkdaşlıq bu dövrə təsadüf edir. Regional və milli təhlükəsizlik təminatı ilə bağlı Azərbaycan-Gürcüstan münasibətləri Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfəri zamanı tərəflər arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik" və "Qafqaz regionunda sülh və təhlükəsizlik və əməkdaşlıq" haqqında qarşılıqlı bəyannamələr imzalandı. Daha sonra, 1996-cı ildə yenə Tbilisidə "Tbilisi bəyannaməsi"adlanan regional təhlükəsizlik sənədinin altına imza atıldı. Bunun ardınca H. Əliyev 2002-ci ildə Cənubi Qafqazda regional sülh və təhlükəsizlik haqqında yeni bir təşəbbüs irəli sürdü. Həmin ilin aprelində Türkiyənin Trabzon şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan daxili işlər nazirlikləri arasında "Trabzon razılaşması" adlanan geostrateji sahədə mühüm sənəd imzalandı. 2004-cü ildə M. Saakaşvilinin Bakıya rəsmi səfəri zamanı prezidentlər uzunmüddətli "Gürcüstanla Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkələridir" fikrini bəyan etdilər.

Əli Həsənov yazır: "Azərbaycanla Gürcüstanın xarici siyasət prioritetləri təxminən eynidir. Bunları mütəxəssislər müvafiq olaraq:

·        dünya birliyinin diqqətinin təcavüzkar separatizm probleminə yönəldilməsinə və dövlətlərin sərhəd toxunulmazlığı prinsipinin bərpasına nail olmaq;

·        müxtəlif güc mərkəzlərinin geosiyasi maraqlarının kəsişdiyi Cənubi Qafqazda sabitlik, sülh və əməkdaşlıq mühiti yaratmaq, bütün maraqlı tərəflər üçün cəlbedici amilə çevirmək, güc mərkəzlərinin geosiyasi ziddiyyətlərindən istifadə edərək öz dövlətinin milli təhlükəsizliyini möhkəmləndirmək;

·        ərazilərdəki etnik münaqişələri dinc yolla həll etmək və ərazi bütövlüklərini bərpa etmək;

·         Rusiyadan geosiyasi və geoiqtisadi asılılığı azaltmaq üçün Qərbin siyasi və iqtisadi dəstəyindən bəhrələnmək;

·        neft və qaz yataqları ilə zəngin olan Orta Asiya, Xəzər və Avropa arasında tranzit ölkəyə çevirmək, enerji və nəqliyyat layihələrində birgə iştirak edərək Qərbə çıxış üçün alternativ yollar tapmaq və sairə ilə bağlayırlar". (Bax. s. 825)

2005-ci ildə Gürcüstan özünün Milli Təhlükəsizlik Konsepsiyasını qəbul edərkən regionda xarici siyasətinin prioritetlərini aşağıdakı kimi təsnifatlaşdırmışdı:

- Strateji tərəfdaş- ABŞ, Ukrayna, Türkiyə və Azərbaycan

- tərəfdaş- Rusiya

- Praqmatik əməkdaşlıq- Ermənistan

***

Bölmənin IV fəslində Azərbaycanın milli təhlükəsizlik siyasəti, əsas milli maraqları, geosiyasi və təhlükəsizlik perspektivləri haqqında yazarkən müəllif qeyd edir ki, müstəqil dövlət maraqlarının təmin edilməsi tələbləri, yeni geosiyasi faktorlarla birbaşa ünsiyyətin yaradılması, fərqli təhlükəsizlik mühitinə daxil olması, iqtisadi, ictimai-siyasi münasibətlərin demokratiya, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı yoluna çıxması və s. kimi yeniliklər Azərbaycanda şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinə dair yeni-yeni yanaşmaların, proqram və konsepsiyaların zərurətini ortaya çıxarıb. Bütün bunlar Azərbaycan dövlətindən ölkənin milli və vəzifə tələblərinə uyğun, yeni prinsiplərə söykənən Milli Təhlükəsizlik Konsepsiyasının (MTK) formalaşdırılmasını tələb edib.

Qeyd edək ki, MTK-nın fəaliyyəti H. Əliyevin dövründən başlayaraq onun müxtəlif çıxışlarında öz əksini tapsa da, 1998-ci ildən başlayaraq dövlətin xarici və daxili təhlükəsizliyinin milli sisteminin yaradılması sahəsində ardıcıl konseptaul siyasi xəttə çevrilib.

Bunun ardınca 2004-cü ildə AP Milli Məclisi "Milli təhlükəsizlik haqqında" qanun qəbul etmiş, həmin il bu qanuna uyğun olaraq AP prezidentinin sərəncamı ilə Milli Təhlükəsizlik Konsepsiyasının hazırlanması üzrə işçi qrupu yaratmış, yekun nəticə olaraq prezidentə təqdim olunan layihə 23 may 2007-ci ildə təsdiq olunmuş və MTK-nın fəaliyyəti üçün əsas götürülmüşdür.

Bu konsepsiya giriş, dörd bölmə və yekun müddəadan ibarətdir. Əli Həsənov yazır: "Milli təhlükəsizliyin əsas obyektlərinə dövlət- onun müstəqilliyi, suverenliyi, Konstitusiya quruluşu, milli ərazilərinin bütövlüyü və təhlükəsizliyi, vətəndaşlar- onların hüquq və azadlıqları, cəmiyyət- onun maddi və mənəvi dəyərləri daxildir.

Milli təhlükəsizliyin əsas subyektlərinə isə insanların, cəmiyyətin və dövlətin təhlükəsizlik maraqları və tələbatlarının təmin edilməsi məqsədilə yaradılmış dövlət hakimiyyəti orqanları, hərbi və təhlükəsizlik institutları.

Milli təhlükəsizlik siyasətinin birinci ali məqsədini Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, Konstitusiya quruluşunun, vətəndaşların hüquqlarının, cəmiyyətin milli və vətəndaş birliyinin, ölkənin sabit inkişafının tələb etdiyi ən ümdə dövləti vəzifələr və onların təminatı yolları, mövcud milli ehtiyatların bu işə səfərbər edilməsi proqramı və bəhs olunan sahədə məsuliyyətli dövlət idarəçiliyinin yaradılması təşkil edir.

Hər bir dövlət kimi, Azərbaycan da xaricdən müdaxilə olmadan öz dövlət idarəçiliyini yaratmaq, ölkənin strateji inkişaf yolunu seçmək, Konstitusiya quruluşunun, daxili həyatının, cəmiyyətin və hər bir vətəndaşın təhlükəsizliyini, əhalinin firavan həyatını təmin etmək, milli-vətəndaş birliyinin və ictimai-siyasi sabitliyi qorumaq və s kimi strateji vəzifələr həyata keçirir. Bu vəzifələrin reallaşdırılması onun milli təhlükəsizlik siyasətinin ikinci əsas məqsədini təşkil edir...

... Azərbaycan Respublikası müstəqilliyə qovuşduğu andan hüquqi və dünyəvi dövlət və demokratik cəmiyyət və siyasi plüralizm yolunu öz inkişafının və Konstitusiya quruluşunun əsası elan edərək, bölgə ölkələri ilə sülh və mehriban qonşuluq şəraitində, dünyanın qabaqcıl siyasi, iqtisadi və təhlükəsizlik sistemləri ilə bərabər hüquqlu əməkdaşlıq etmək və bu strukturlara inteqrasiya olunmaq xətti yürüdür... Bu konsepsiyanın yaradılması və ondan irəli gələn məsələlərin həlli ölkənin milli təhlükəsizlik siyasətinin üçüncü əsas məqsədini və vəzifəsini təşkil edir". (Bax. s. 872-874)

Hörmətli professorun, bu əsərindən uzun-uzadı iqtibas gətirəndə dövlətimizin milli təhlükəsizliyinə qarşı nə qədər təhdidlərin və təzyiqlərin, hətta siyasi, iqtisadi və hərbi müdaxilənin baş verməsi və prezidentlərimiz tərəfindən qarşısının alınması gözlərimin önündən keçdi.

Ardı var

Yunus Oğuz

Olaylar.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.