Cəmiyyət

"Bizim dünya miqyasında çıxarılası və nümunə olaraq göstəriləsi gənclərimiz var" - VİDEO

7 Fevral 2016 23:00
Baxış: 1 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan gəncliyi bu gün nə düşünür, planlar, maraqlar nədir? Üstünlüklər və çatışmayan cəhətlər hansılardır? Milli.Az bildirir ki, bu suallarla Kəpəz TV-nin (Region TV) efirində yayımlanan "Bu həftə" proqramında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Layihələr və Regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyova müraciət etmişik.

- Vaqif müəllim, müasir Azərbaycan gəncliyini müsbət və mənfi cəhətləri baxımından necə xarakterizə etmək olar?

- Bu gün Azərbaycan gəncini kifayət qədər təşəbbüskar, savadlı və beynəlxalq arenaya çıxmağa hazır bir insan kimi xarakterizə etmək olar. Bizim fondumuzun iş zamanı əldə etdiyi müşahidələrə görə, gənclərimiz çox çalışqan, təşəbbüskar və gözəl ideyalara sahibdirlər. Bu gün gənclər üçün yaranmış münbit şərait onların bütün layihələrinin həyata keçirilməsinə gözəl imkanlar yaradıb. Təbii ki, gənclər də bu fürsətlərdən düzgün istifadə edərək, həm özlərinin fərdi qaydada inkişafı üçün, eyni zamanda cəmiyyət və dövlət üçün layiqli bir vətəndaş olmaq üçün kifayət qədər güc sərf edirlər. Azərbaycan gəncləri həqiqətən də vətənpərvər ruhda böyüyən insanlardır. Bu gün bizim dünya miqyasında çıxarılası və nümunə olaraq göstəriləsi gənclərimiz var.

Çatışmazlıqlar deməzdim, istəklərimiz daha çoxdur. Ölkədə aparılan gənclər siyasəti gənclərin daha da yüksək səviyyəli, geniş spektrli insanlar olmaları üçün şərait yaradıb. Və biz də istərdik ki, ölkənin bütün gəncləri bu fürsətlərdən düzgün istifadə etsinlər.

- Sirr deyil ki, regionlarda yaşayan gənclər paytaxta - Bakıya can atırlar. Sizcə bunun səbəbi nədir və bu situasiyanı dəyişmək üçün nə etmək olar?

- Bu məsələ ilə bağlı bir sıra səbəblər var. Düşünürəm ki, bu daha çox iqtisadi və dünyada gedən proseslərlə bağlı məsələlərdir ki, bu gün nəinki Azərbaycanda, digər dövlətlərdə də gənclər kəndlərdən və rayonlardan şəhərlərə axın edirlər. Bu, bizim ölkə üçün də normal haldır. Yarandığı gündən bəri Gənclər Fondu tərəfindən regionlarda gənclərin layihələrinin həyata keçirilməsi ilə bağlı müəyyən işlər görülmüşdür. Fondun 1-ci qrant müsabiqəsi zamanı demək olar ki, 70% layihələr məhz region gənclərinin öhdəsinə düşmüşdü. Biz də ilk gündən özümüz üçün prioritet sahə kimi region gənclərinin layihələrinin maliyyələşdirilməsini məqsəd kimi qarşımıza qoymuşduq. Eyni zamanda, Bakı şəhərində fəaliyyət göstərən gənclər təşkilatının regionlarla bağlı olan layihələrinin regionlarda həyata keçirilməsi bizim üçün çox önəmlidir. Yəni demək olar ki, Gənclər Fondu bu ötən dövr ərzində nəinki Bakıda, eynilə regionlarımızda fəal surətdə layihələrimizin keçirilməsi üçün şərait yaratmışdır.

- Gənclərin potensiallarının üzə çıxarılması, onların ideyalarının gerçəkləşdirilməsi baxımından fondun qarşısında duran əsas hədəflər hansılardır?

- Bildiyiniz kimi, Gənclər Fondu 8-ci qrant müsabiqəsini həyata keçirib, biz artıq 1500-dən çox layihəni qəbul etmişik. Bunlar həm fərdi şəxslərin, həm də gənclər təşkilatlarının layihələridir. Bu layihələr artıq ilkin yoxlamadan keçiriliblər, növbəti mərhələ olaraq Müşahidə Şurasının diqqətinə çatdırılacaqlar. Nəticədə, yekun qərar qəbul olunaraq, qalib gələn layihələr haqda qərar gənclərə elan olunacaq. Biz hər zaman öz layihələrimizin qəbulu ilə bağlı mövzuların istiqamətlərini dəyişdiririk. Hər müsabiqədən sonra biz gənclərə maraqlı olan mövzularla bağlı analitik iş aparırıq və bu səbəbdən də hər zaman mövzuları dəyişərək, gənclərin ixtayarına yeni-yeni sahələrdən olan mövzular veririk. Düşünürük ki, gələcəkdə də gənclərin özlərinin maraqlarını, istəklərini nəzərə alaraq, onların ixtiyarına daha yeni mövzular verə biləcəyik.

- Paytaxt gəncləri ilə region gəncləri arasında fəallıq və layihələrə yanaşma baxımından hər hansı bir fərq varmı?

- Mən şəhər və region gəncləri arasında xətt çəkmək istəməzdim. Sevindirici haldır ki, bizim regionlar heç də paytaxtdan geri qalmırlar. Bu gün onların göndərdiyi layihələrin sayı yox, keyfiyyəti özü də çox yüksəkdir. İnandırım sizi ki, bu gün regionlarda gözlənilməz dərəcədə kifayət qədər yüksək satandartlara cavab verən layihələr həyata keçirilir. Hətta bizə olan müraciətlərdə şahidi oluruq ki, nəinki regional və respublika səviyyəsində, eyni zamanda beynəlxalq səviyyədə üzə çıxarılası layihələr var və bu layihələr məhz regionlardan gəlir. Bu da o deməkdir ki, bu gün regionlardakı gənclər kifayət qədər fəaldırlar və fəallıqları ilə əlaqədar onların potensialları və imkanları da güclənir. Məncə, bu gün region gənclərini şəhər gənclərindən nə iləsə seçmək düzgün olmazdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.