Cəmiyyət

Gəncə və Şəmkirin "gənclər paytaxtı" seçilməsi gənclərə olan ümidi artırır - VİDEO

7 Fevral 2016 22:25
Baxış: 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il qərb bölgəsinin bir şəhər və bir rayonu gənclər paytaxtıdır. Gəncə Avropanın, Şəmkir isə respublikanın. Deməli, bu il ölkənin qərbində gənclərə diqqət birə-beş artacaq. Bu, artıq indidən hiss olunmağa başlayıb. Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, ötən həftənin son günlərində Şəmkirdə Gəncə-Qazax iqtisadi rayonunun fəal gəncləri bir araya gəldi, yüksək vəzifəli şəxslərin iştirakı ilə onların planları və problemləri müzakirə olundu.

"Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış" adlı forumda Gəncə-Qazax iqtisadi bölgəsinə daxil olan 11 rayonun hər birindən - Gəncə və Naftalan şəhərləri, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonlarından 200-ə yaxın fəal gənc iştirak edirdi. Forumun ilk günündə panel müzakirələrdə bu bölgədə dövlət gənclər siyasəti sahəsində görülmüş işlər, əldə olunan nailiyyətlər və gələcək üçün planlar, qarşıda duran vəzifələr müzakirə edildi. Gənclərin mənəvi və intellektual inkişafı, ölkənin ictimai-siyasi, sosial, mədəni həyatında onların iştirakı ilə yanaşı, regionlarda gənclərin sahibkarlıq fəaliyyətinin inkişafı, sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənclərin məşğulluğu məsələləri diqqət mərkəzində oldu. Bu istiqamətdə artıq yeni layihələrin reallaşdırılmasına da başlanılıb. İndi nəinki yalnız rayon mərkəzlərində, hətta ucqar kəndlərdə də belə layihələr həyata keçirilir və onların icrasında gənclərin fəal iştirakı təmin edilir.

İntiqam Babayev - Gənclər və idman nazirinin müavini: "Biz bu yaxınlarda Gənclər Təşkilatları Milli Şurasının bir layihəsinə dəstək verdik. İnanıram ki, bu layihə də uzunmüddətli olacaq. "Yerli" - şərti olaraq belə bir adı var. Söhbət ondan gedir ki, Azərbaycanın məhz rayonlarında deyil, kəndlərində gənclərlə onların təşəbbüslərinin dəstəklənməsi, yəni artıq gənclər təşkilatları yalnız regiona çıxmalı deyillər, həm də regionun kəndinə getməlidirlər. Fikrimiz bundan ibarətdir ki, bunu bir qədər də genişləndirək. Bu il ərzində xüsusilə 2016-cı ildə bu və digər layihələrimizi də biz məhz Gəncə şəhərində, Gəncəbasar zonasında həyata keçirmək niyyətindəyik. Bu il biz xüsusilə gücümüzü bu bölgəyə verəcəyik. Sadaladığım layihələrin də bu il burada keçirilməsinə geniş miqyasda dəstək vermək niyyətindəyik".

Forumda müzakirə edilən bir istiqamət də bölgə gənclərinin təşkilatlanması, onların ideya və layihələrinin dəstəklənməsi idi. Region gənclərinin bu sahədə aktivliyi yüksək qiymətləndirilir. 2011-ci ildə təsis edilən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti dövründə Fond tərəfindən maliyyələşdirilən 2333 layihənin 60 faizi məhz bölgə gəncləri tərəfindən irəli sürülüb və reallaşdırılıb.

Fərhad Hacıyev - Prezident yanında Gənclər Fondunun icraçı direktoru: "Biz ümumiyyətlə, layihələrin seçimində də daha çox diqqəti məhz regionlara yönəldirik. Regionlarda çox maraqlıdır ki, artıq layihələr yerlərdə daha çox keçirilir. Bizim əməkdaşlarımız monitorinqlər zamanı kənd məktəblərinə, kənd klublarına gedirlər. Orada bizim layihələr çox maraqla icra edilir. Elə gənclər var ki, Bakıda təhsil alır, amma öz yaşadığı bölgədə, rayonda layihəni icra edir".

Layihələrin seçimi zamanı üstünlük verilən istiqamətlər isə əsasən vətənpərvərlik, ekologiya, təhsil, gənclərin sahibkarlıq fəaliyyətinə başlaması və s.dir. Bu ilin prioritetlərinə gəlincə...

Fərhad Hacıyev - Prezident yanında Gənclər Fondunun icraçı direktoru: "Bu il bilirisiniz ki, "Gəncə 2016 Avropa Gənclər paytaxtı"dır. Bu mövzuya çox böyük diqqət ayrılıb və bu sahədə çox böyük layihələr icra olunacaqdır. 8-ci qrant müsabiqəsində "Gəncə 2016"nı xüsusi prioritet elan etdik. Bu mövzuda yüzlərlə layihə daxil olub. Eyni zamanda "Gəncə 2016" layihəsinin özü ilə bizim birbaşa əlaqəmiz olacaqdır".

Gəncə və Şəmkirin paytaxt seçilməsi elə bu bölgədə gənclərin fəallığının göstəricisidir. İndi qalır bu fəallığın daha da genişləndirilməsi və təşəbbüskarlığın artırılması. Bu il əsas diqqətin qərb regionuna yönəldilməsini bu bölgə gənclərinin yeni ideyalarının dəstəklənməsi üçün bir şans hesab etmək olar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Gəncə və Şəmkirin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.