Cəmiyyət

İlhamə və Aygün - nadan modellər

6 Fevral 2016 19:55
95 Şərh     Baxış: 13 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lent.az-a istinadən Sevda Sultanovanın yazısını təqdim edir 

Səhər tarixçi Aydın Balayevin Məmməd Əmin Rəsulzadə haqda kitabını oxumağa hazırlaşırdım ki, zəng vurub təklif elədilər ki, bəlkə İlhamə Quliyeva və Aygün Kazımovanın qarşıdurmasından nəsə yazasan.
 
Dedim, düşünərəm. Bu mövzuda yazılmış xəbərləri demək olar ki, oxumamışam. Sadəcə gözucu baxdığım nələrsə olub.  
 
Və düşündüm: Təklif olunan mövzuya necə yanaşma tapmaq olar? Müğənnilərin dava-şavasına, təhqiramiz şərhlərinə hansı rakursdan yanaşım, necə bir motivi yazımda dominanta çevirim ki, mən bir müəllif kimi öz gözümdən düşməyim?
 
Necə etməli ki, gündəmi zəbt eləmiş, fiziki səviyyədə belə ikrah doğuran bu absurd rəzilliyə, mənasızlığa, abırsızlığın mümkün olan bütün variantlarını cəmiyyətə sərgiləyən müğənnilərə münasibət bildirəndə özünə hörmət hissini itirməyəsən?
 
Bu mənada vəkil Aslan İsmayılovu çox yaxşı anlayıram: "Mən bu günə qədər İlhamə Quliyevaya qarşı olan aqressiyamı mətbuata ona görə tökməmişəm ki, öz abrımı gözləyim".
 
Müğənni geniş kütlələr qarşısına çıxırsa, bəlli bir auditoriyası varsa, üstəlik, onu "xalq artisti" adına layiq görüblərsə, o, artıq ifaçı çərçivəsindən kənara çıxır, avtomatik olaraq ictimai fiqura çevrilir.
 
İctimai fiqur olmaq, onun məsuliyyətini daşımaq ağır yükdür. Həmin şəxsin dərk eləməli olduğu çox önəmli şeylər var: Məsələn, özünə təlqin eləsin ki, büt deyil. Pərəstiş obyekti heç deyil. Təriflənər də, tənqid də olunar, hətta kütlə tərəfindən təhqir də edilə bilər. İctimai fiqur bütün alternativ fikirlərə hazır olmalıdır.
 
Yerinə düşmüşkən, bir məqamı qeyd edim. Yaxınlarda millət vəkili Aqil Abbasın "soğan ək, ailəni saxla" fikri sosial şəbəkələrdə ən müxtəlif məzmunlu, kəskin şərhlərə məruz qaldı. Aqil Abbasın doğmaları ona ifadə olunan münasibətdən umu-küsü elədilər. Və o umu-küsünün intonasiyası o idi ki, hansı haqla tənqid edirlər, təhqiramiz münasibət bildirirlər. Aqil Abbas millətin vəkili seçilibsə, gözlənilməz reaksiyalara hazır olmalıdır və ümumi, ictimai problemlərdən danışırsa, icazə verin, fikirlərinə də millət münasibət bildirsin. Hərçənd, Aqil müəllimin özü haqqında yazılanlara çox dözümlü münasibət nümayiş etdirdi.  
 
Yəni bu vəziyyətdə ən önəmli məsələ, həmin ictimai fiqurun onun haqda deyilənlərə reaksiyasıdır, necə davranmasıdır. Onun həqiqi mahiyyəti daha çox o reaksiya anında, hansı davranış modelini nümayiş etdirəndə meydana çıxır.
 
Əgər o təhqirə təhqirlə cavab verirsə, üstəlik, bu ictimai fiqur yaradıcı adamdırsa və onun kreativ, maraqlı yanaşması yoxdursa, o zaman cəmiyyətdə İlhamə Quliyeva-Aygün Kazımova davranış modeli peyda olur. Özü də cəmiyyətin bütün sferalarında geniş yayılan, mental, nadan davranış modeli.
 
Və cəmiyyət, xalq 72 yaşlı artisti İlhamə Quliyevadan hansı nümunəni, hansı əhəmiyyətli, faydalı təcrübəni öyrənməlidir? Yaxud A.Kazımovadan? Ümumiyyətlə, onlar indiyə kimi örnəyə çevrilməyə layiq, rəğbət doğuran, ictimai çəkisi, yükü olan hansı davranış modelini göstəriblər? Yaxud son açıqlamaları ilə cəmiyyətə nə verdilər? Cavab amansız ola bilər: boşluq, nadanlıq, cahillik, savadsızlıq və s.
 
Bu sıraya "sinizm" sözünü də əlavə eləmək istəyirdim ki, dayandım. Onlara münasibətdə "sinizm"i, bu sözün daha bəsit - ədəbsizlik, hörmətsizlik mənasında işlədə bilərdim. Amma əslində sinizm məzmunlu anlayışdır, ideyası var, klişelərə, əxlaqi, ideoloji doqmalara protest ifadə edir, onların abırsızlığının ciddi motivləri var və s . Bu mənada xətrini istədiyim adamlara da bəzən "sinik" deyirəm. XX əsrin bütün avanqard cərəyanları bir şəkildə sinizmdən də bəhrələnib.
 
Bəs siz? Bəs sizin nəyiniz var?  
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.