Cəmiyyət

Məmurlar üçün cəza mexanizmləri

8 Fevral 2016 08:10
Baxış: 2 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hammurapi qanunları"

Dörd min il əvvəl yaşamış Akkad hökmdarı Hammurapinin günümzə qədər xatırlanması təsadüfi deyil. E.ə. 1755-ci ildə imperator statusuna yüksələn Hammurapini minlərlə hökmdarın sırasından fərqləndirərək tarixi şəxsiyyətə çevirən, tarixdə yaşadan məqam özünün dediyi kimi, "dünyanın dörddə birinin hökmdarı" olması yox, stabil cəmiyyət formalaşdırmaq üçün verdiyi qanunlar olub. Müasir anlamda xüsusi mülkiyyətin, vətəndaş hüquqlarının möhkəmləndirilməsi, qarşılıqlı münasibətlərin tənzimlənməsi, təbiətin qorunması kimi məsələləri əhatə edən, təqribən 282 maddədən ibarət "Hammurapi qanunları" tarixə bəlli olan ilk sistemli qanunlar toplusudur. Daş kitabələrə köçürüldüyü üçün qoruna bilən, eksponata çevrilən bu toplu tarixi əhəmiyyəti ilə yanaşı, həm də məzmununa, işlək mexanizmlərə malik olmasına görə məşhurdur. Hökmdar yaşadığı dövrün şərtlərinə uyğunlaşdırdığı qanunun hər bir maddəsini iki hissədən ibarət olaraq tərtib etdirib. Birinci hissə qaydanı, ikinci hissə isə qaydanın pozulmasına görə cəzanı müəyyən edir. Məsələn, toplunun 195-ci maddəsinin birinci hissəsində deyilir ki, övladlar öz valideynlərinə qarşı sayğılı olmalıdırlar. İkinci hissədə isə qeyd edilir ki, "Əgər övlad öz atasını vurubsa, onun əlləri kəsilməlidir". Başqasının "gözünü zədələyənin gözünün çıxarılması", "oğurluq edənin əlinin kəsilməsi" kimi sərt şərtlər üzərində qurulduğu üçün "Hammurapi qanunları" müasir hüquq və ədalət prinsipləri baxımından qəbuledilməz sayılır. Amma öz dövrünün "rifah dövləti"nin ən gözəl nümunəsi, həmçinin modern Qərbdə qanunlarla ehtiva edilən ədalət anlayışının tarixi inkişafının stimulu sayılır. Tədqiqatçılar topluda əks edilmiş bəzi bəndlərin müasir dövrdə də öz aktuallığını qoruduğunu düşünürlər. Buna sübut kimi 23-cü maddə göstərilir: "Əgər bir şəxsin əmlakı oğurlanıbsa və oğru tapılmayıbsa, o halda oğurluğun baş verdiyi şəhərin hakimi əmlakı oğurlanmış şəxsin mülkünün əvəzini ödəməlidir". Prinsipi pozan, itən mülkün əvəzini ödəməyən şəhər hakimi, yəni məmur üçün "qarşılığı canı ilə ödəmək" qədər sərt qaydalar nəzərdə tutulub. Topluda, məmur məsuliyyəti və onların cəzalanmasına yönəlik bənzər maddələr kifayət qədərdir.

Məmurlar üzərində ciddi məsuliyyət yaradan maddələrlə zəngin olan "Hammurapi qanunları" günümüzün "məmur probleminin" tarixdən gələn, 4 min əvvəl də aktuallıq kəsb edən problem olduğunu isbatlayan nümunədir. Yaşadığımız dövrün şərtləri asmaq, kəsmək, gözünü çıxarmaq... kimi sərt prinsipləri istisna etsə də, məmur təbəqəsinin "əyri davranışına" qarşı qurulmuş modern cəzalar da sadə deyil. Amma tarixin sərt cəzaları, dövrümüzün loyal yanaşmaları bu problemi aradan qaldırmayıbsa, deməli, problem bu sahənin fəlsəfəsində, mahiyyətindədir. Məmur institutu mövcud olduqca, bu təbəqənin həm cavabdehliyinin, həm də cəzalandırılmasının mexanizmləri yenilənməli, daha işlək formalar tapılmalıdır.

Azərbaycanda problem mənbəyi, məmur bəlası

Milli Məclisin fevralin 1-də işə başlayan yaz sessiyası parlamentdə son 10 ildə mövcud olan sükutun pozulması kimi tarixə düşdü. Siyasi konyukturasına, mənsub olduğu düşərgənin fərqinə varmadan, deputatların hər birinin çıxışı tənqid, etiraz üzərində kökləndi. Tənqidlərin hədəfi isə birdir: monopolist məmurlar. "Dünən iş adamlarından rüşvət qismində 10 min manat istəyirdilər, bu gün ikiqat, üçqat tələb etməyə başlayıblar" tezisi ilə vergi məmurlarını hədəfə gətirən millət vəkilləri hansısa radikal müxalifətin nümayəndəsi yox, hakim komandanın təmsilçiləridir. İş yerlərinin bağlanması, infilyasiyanın artması, əhalinin banklarla yaranmış borc bataqlığına düşməsi, millət vəkillərinin fikrincə, qlobal maliyyə böhranı ilə yanaşı, həm də yarıtmaz məmur fəaliyyətinin nəticəsidir. Bu problemləri həll etməli olan Maliyyə, İqtisadiyyat nazirlikləri, Mərkəzi Bank məsullarının fəaliyyəti o qədər ciddi tənqid edildi ki, hətta mediada "Milli Məclislə hökumət arasında qarşıdurma" kimi başlıqlar gündəmə gəldi. Millət vəkillərinin fikrincə, böhran dövründə maliyyə sistemini sağlamlaşdırmaq, yeni iqtisadi reallıqlardan doğan addımlar atmaq, resursların effektiv idarə edilməsi ilə əlavə maliyyə resursları yaratmaq və bu yolla ölkə vətəndaşlarını problemli durumdan çıxarmaq olar. Amma bu addımları atmalı olan müvafiq strukturlar və bu strukturlara cavabdeh olan məmurlar nəinki adekvat iş görmürlər, əksinə durumu ağırlaşdıran fəaliyyətə qurşanırlar. "Nazirliklər arasında nüfuz savaşı ölkənin maliyyə sisteminə ciddi zərbə vurub. Bir çox hallarda anormal rəqabət mühiti funksional öhdəliklərin icrası ilə yox, təsisatların birinci şəxslərinin ambisiyalarından qaynaqlanıb", - dedilər millət vəkilləri.

Həftə içində diqqət çəkən məqam məmurlarla bağlı cəmiyyətdə, parlamentə mövcud olan fikirlərə Prezident Administrasiyasının da dəstək verməsi oldu. Quba şəhərində regional müşavirəyə qatılan Prezidentin siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun hədəfi icra hakimiyyətləri oldu. "Yaranmış durumda insanları problemlə təkbətək buraxmaq olmaz", - deyən Əli Həsənov maliyyə çətinliklərindən çıxış yolunu işçilərin ixtisarında axtaran idarə və müəssisələri, həmçinin iş adamlarını sərt tənqid etdi. Administrasiya təmsilçisi vurğuladı ki, böhran vəziyyətindən itkisiz çıxmaq üçün ölkənin hər cür resursları var: "Yetər ki, bu resurslar səmərəli idarə olunsun, vəziyyətdən çıxış üçün proqramlar qurulsun". Məruzədən nəticə çıxdı ki, yerli icra məmurları ya böhran vəziyyətindən çıxış üçün proqramlar hazırlamaq potensialında deyillər, ya da hansısa maraqlar naminə bunu etmək istəmirlər.

Həsənovun çıxışından belə ehtimal yarandı ki, Adminstrasiya məmur fəaliyyətinin stimullaşdırılması üçün ciddi islahatlara start verməkdə qərarlıdır. Ehtimal özünü çox gözlətmədi.

Səlahiyyətsizləşdirilən məmurlar

Başa çatan həftənin yadda qalan hadisələrindən biri ölkə prezidentinin imza atdığı struktur islahatları oldu. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilərək, əvəzində yeni qurum - Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı. Bu, təkcə maliyyə sahəsində yeni-effektiv qurumun yaradılması yox, həm də Maliyyə Nazirliyi və Mərkəzi Bankın önəmli səlahiyyətlərinin əllərindən alınması kimi şərh edildi. Ekspertlər hesab edirlər ki, bu struktur islahatı ölkənin maliyyə sektorunu tənzimləyən 2 dövlət təsisatı - Maliyyə Nazirliyi və Mərkəzi Bankın arasındakı anormal rəqabət mühitini aradan qaldırmaq və maliyyə sistemini sağlamlaşdırmaq üçün həyata keçirilib.
Həftənin ikinci mühüm qərarı isə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması oldu. Apellyasiya Şurasının yaradılması imkan verəcək ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər rastlaşdıqları problemlərdən, mərkəzi və yerli icra hakimiyyətlərinin basqılarından şikayət verib dərhal da effekt görsünlər.

Hər iki qərardan görünür ki, məmur özbaşnalığının, ambisiyalarının, qanunsuz fəaliyyətlərinin və fəaliyyətsizliklərinin aradan qaldırılması üçün yeni forma seçilib. Məmur vəzifələrinin şöhrət, lovğalıq, ambisiya törədən səalhiyyətləri ləğv edilir, üzərlərində yalnız verilən tapşırıqları icra etmək öhdəliyi qalır.

Məmurları cəzalandırmaq, islah etmək üçün bu da yeni, orijinal formadır. Nəticəsini tarix göstərəcək.

Müşfiq Ələsgərli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.