Cəmiyyət

Bakı Olimpiya Stadionunda toylar da keçiriləcək - FOTO

5 Fevral 2016 22:55
Baxış: 2 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı 2015" İlk Avropa Oyunları zamanı istifadəyə verilən Bakı Olimpiya Stadionunda (BOS) futbol oyunlarından başqa toy şənlikləri də keçirmək mümkün olacaq.

Milli.Az gün.az-a istinadən xəbər verir ki, bu barədə Stadionun rəsmi saytında elan yerləşdirilib:

"Bakı Olimpiya Stadionunda toy etməklə siz bu mühüm hadisəyə yaradıcı yanaşma etmiş olacaqsınız. Ərazinin əzəməti peşəkarlara burada unudulmaz və original mühit qurmağa kömək edəcək. Siz burada kiçik banketlərdən böyük toy mərasimlərinə qədər tədbirlər keçirə bilərsiniz. Dəbdəbəli interyer, unikal atmosfer, yüksək səviyyəli tədbirlərin təcrübəsi sizə unudulmaz və əvəzolunmaz mərasim yaşadacaq. Əlavə məlumatlar üçün tədbirlər üzrə komandamız ilə əlaqə saxlayın", - deyə elan yazılıb.

Bəlkə də bu, Azərbaycan üçün yad olan bir ənənədir. Amma Avropada stadionlarda nikah mərasimlərinin keçirilməsi uzun illərdir var. 

Görünür Azərbaycanda da stadiondan təkcə futbol ilə yox, həm də toylar vasitəsilə pul çıxarmaq ənənəsi qoyulur.

Bəs görəsən 68 min oturacaq yeri olan bu stadionda toy şənliyi necə və hansı qiymətə başa gəlir. Stadiondan dəqiqləşdirdik ki, burada toy səhnəsi meydançanın tam ortasında qurulur. Yemək masaları isə Avropa dəbi ilə yerləşdirilir. Əgər toy dəvətliləri 150 nəfərə qədərdirsə, onda stadionda qapalı məkanda oturacaqlar olan yerdə şənlik etmək mümkündür. 150 nəfərdən çoxdursa, o zaman meydançada yerləşdirilən masaların ətrafına oturacaq qoyulmur. Toy dəvətliləri Avropa dəbinə uyğun caz musiqisi sədaları altında ayaqüstü masalar ətrafında dayanacaqlar.

Stadiondan bildirdilər ki, bir nəfər üçün ödəniş haqqı dekorasiya, yeməklər, caz musiqiçiləri və digər xidmətlərlə birlikdə 100-150 manat təşkil edir. Hətta onu da dedilər ki, bu, son qiymətdir. Heç bir güzəştli paket yoxdur.

Bu vaxta qədər orada toy mərasiminin təşkil edilib-edilmədiyi ilə maraqlandıq. Bildirdilər ki, bu vaxta qədər hələlik mərasim keçirilməsə də, artıq sifarişlər var. Martın 19-da BOS-da ilk toy olacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.