Cəmiyyət

Rasim Əliyevin anası: "Oğlumun ölümündə zərrə qədər də günahı olan insanı..."

30 Dekabr 2015 19:27
6 Şərh     Baxış: 3 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən "Qəbələ" futbol klubunun keçmiş kapitanı Cavid Hüseynov və digər 5 nəfərin cinayət işi icraata verilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq. İş üzrə məhkəmənin hazırlıq iclası yanvarın 5-nə təyin edilib.

Öldürülən jurnalistin ailə üzvləri Rasim Əliyevin qətlində təqsirləndirilən şəxslərin ən ağır şəkildə cəzalandırılmasını istədiklərini və heç kimi bağışlamayacaqlarını deyib.

"Qafqazinfo" xəbər verir ki, R.Əliyevin anası Teyfurə Əliyeva musavat.com-a açıqlamasında bildirib ki, yanvarın 5-də başlayacaq məhkəmədə iştirak edəcəklər: "Bütün proseslərdə iştirak edəcəm. Hadisələrin əsas şahidi və baş verənləri bilən mənəm. Ən ağır cəzanın verilməsini tələb edəcəyik. Oğlumun qatilləri cəzalandırılmalıdır".

Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərdən birinin - Samir Mustafayevin atası Şakir Mustafayevin öz oğlunun günahsız olması ilə bağlı müraciətinə də münasibət bildirən T.Əliyeva qeyd etdi ki, Rasimin ölümündə zərrə qədər də olsa, günahı olan şəxsi bağışlamayacaqlar: "Oğlumun ölümündə zərrə qədər də günahı olan insanı bağışlaya bilmərəm. Əgər kimlərsə Rasimlə görüşə gələndə nə baş verəcəyindən xəbərsiz olduqlarını deyirlərsə, gərək orada oğluma kömək edərdilər. İcazə verməzdilər ki, digərləri onu döysünlər. Onlar nə üçün gəldiklərini bilirdilər. Onların izahatı ilə tanış olmuşam. Nə məqsədlə gəldiklərini biliblər. Elşənlə Rasim bir neçə dəfə danışıb. Elşən Rasimi aldadıb ki, guya üzr istəməyə gəlib. Bundan xəbərsiz olan yalnız Rasim olub".

T.Əliyeva Samir Mustafayevin valideynlərinin onlara müraciət etdiklərini də bildirib: "Samirin yaxınları Rasim öləndən bir müddət sonra gəlmişdilər. Sonra yenə də görüşmək istəyirdilər. Samir Bayıl uşağıdır. O da nə məqsədlə gəldiklərini bilib. Heç birini bağışlaya bilmərəm. Maşını sürən də, o birilər də hamısı bilirdilər".

Xatırladaq ki, Rasim Əliyev avqustun 8-də Bayıl qəsəbəsində Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyev tərəfindən döyülmüşdü. Jurnalist aldığı bədən xəsarətlərindən avqustun 9-da xəstəxanada dünyasını dəyişmişdi. Jurnalisti döyənlərdən Elşən İsmayılov Cavid Hüseynovun bibisi oğludur.

Cavid Hüseynov da Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək, həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.