Cəmiyyət

Gəncəlilər üçün özəl gün - FOTO

30 Dekabr 2015 13:26
0 Şərh     Baxış: 1 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarix boyu azadlıq, istiqlaliyyət uğrunda mübarizə aparan, qurbanlar verən qədim və qəhrəman Gəncə şəhərinin adının bərpasından 26 il keçir. İgid və mərd gəncəlilər illərlə Gəncənin adının özünə qaytarılmasına çalışıblar. Kəpəz TV (Region TV) xəbər verir ki, xalqın ziyalılarının, eləcə də mütərəqqi fikirli vətəndaşların təkidi ilə məhz 1989-cu ilin 30 dekabrında qədim Gəncə öz adına qovuşub.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 30 dekabr 1989-cu il tarixli Fərmanı:
"Gəncənin tarixi adını bərpa etmək haqqında şəhər vətəndaşlarının, əmək kollektivlərinin və respublikanın geniş ictimaiyyətinin çoxsaylı müraciətini, Kirovabad Şəhər Xalq Deputatları Sovetinin xahişini nəzərə alaraq və Azərbaycan SSR Konstitusiyasının 114-cü maddəsinə (18-ci bənd) uyğun olaraq Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır:
Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın".

Bəli... Bu qərar şəhərin adını, keçmişini tarixdən silmək istəyənlər üzərində qazanılan qələbə idi. Gəncə iki əsrə yaxın davam edən mübarizədən qalib çıxmışdı... Nə tənqidlər, nə də təqiblər "Gəncə" adının və o adla birlikdə şəhərin qədim tarixinin hafizələrdən silinməsinə, yox olmasına gətirib çıxara bilmədi...

Şəhərin adı ilk dəfə 1804-cü ildə dəyişdirilib. Düz 114 il igidlər, ərənlər məskəni olan Gəncə "Yelizavetpol" adlandırılıb. 1918-ci ilədək.

Həmin ilin 30 iyununda "xalqa azadlıq tamını dadızdıran" AXC-nin rəhbərliyi tarixi qərar qəbul edir və Yelizavetpol Gəncə ilə əvəzlənir. Lakin tarixi hadisələr nəticəsində şəhərin adı bir müddət sonra yenidən dəyişdirilir və 1935-ci ilin 22 fevralında Kirovabad olur. Gəncəlilər uzun müddət əzəli adın şəhərə qaytarılmasını arzulayırlar. Bunu birbaşa etmək mümkün olmadığı dövrdə qətiyyətli addım ulu öndər Heydər Əliyevdən gəlir. 1980-ci ildə iki rayona bölünən Kirovabadın rayonlarından biri Gəncə adlandırılır, salınan yeni yaşayış massivinə Yeni Gəncə adı verilir. Bunun ardından şəhərin adının bərpası istiqamətində işlərə başlanıldı.

Nüşabə Məmmədli - əməkdar jurnalist: "Mən düşünürəm ki, elə bir azərbaycanlı tapılmaz ki, Gəncə adının bərpa olunmasını istəməsin. Sadəcə mənim qismətimə düşdü ki, yüksək tribunada bunu dilə gətirim. Bu 1987-ci il 13 fevralda olub. Azərbaycan jurnalistlərinin VII Qurultayında. Bu qurultayda Moskvadan, mərkəzi komitədən çox nüfuzlu adamlar iştirak edirdilər. Bütün respublikamızın rəhbərliyi də burada idi. Mən bu məsələni qaldıranda təbii şok effekti yarandı".

Təpkilərə baxmayaraq, 1988-ci ilin sonu - 1989-cu ilin əvvəllərindən başlayaraq Gəncə adının bərpası uğrunda şəhər əhalisi imzatoplanma kampaniyasına başladı. Kampaniya nəticəsində 60 minə yaxın imza toplandı. Xalqın təkidi 1989-cu ilin noyabr-dekabr aylarında bəhrə verdi. 29 noyabrda Kirovabad Şəhər Xalq Deputatları Sovetinin sessiyasında sözügedən məsələ müzakirə olundu. Gəncə adının bərpası təklifi qəbul edildi və ertəsi gün qərar verildi. Həmin ilin 30 dekabrında isə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti bu qərarı təsdiq etdi.

Bu gün 4000 illik yaşı olan Gəncə öz adını qürurla, məsuliyyətlə daşıyır və "Mən gəncəliyəm" deyən hər bir kəs də bu qüruru, məsuliyyəti hiss edir. Bu ad hər səslənəndə tarixin sınaqlarından üzü ağ çıxan xalqın boyunəyməzliyini, öz keçmişinə, tarixinə, milli dəyərlərinə sahib çıxdığını bəyan edir. Adınla min yaşa, Qədim Gəncə!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.