Cəmiyyət

“Azərinşaatservis”: maaş ala bilməyən fəhlələr yenə toplaşdı - FOTO

2 Dekabr 2015 00:03
3 Şərh     Baxış: 2 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərinşaatservis" MMC-nin 6 aydır maaş ala bilməyən işçiləri dekabrın 1-də yenidən şirkətin qarşısında toplanıb.

Bu dəfə də səbəb maaşdır. Belə ki, işçilərə bir neçə gün əvvəl maaşların verildiyi desə də bu, sadəcə 4 ayın maaşı olub. Onlar oktyabr və noyabr aylarının maaşlarını hələ də ala bilməyiblər. İşçiləri çətinə salan yeganə səbəb maaşların ləngiməyi deyil. Yol tikintilərində əmək sərf eləyən fəhlələr kartlarına yüklənən maaşlarını, şirkətlə müqaviləsi bitən işçilər isə əmək kitabçalarını ala bilməməkdən şikayətçidir.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hələ bu da son deyil. Fəhlələrdən bəzilərinin isə ümumiyyətlə əmək müqaviləsi olmadığından onların maaş almaq işi dalana dirənir.

İşçi Aftandil Babayev problem barədə danışarkən deyib ki, o, işə düzələndə rəhbərliyə əmək müqaviləsi üçün sənədlərini təqdim etsə də onunla heç bir müqavilə imzalamayıblar: "Mən 3 ay podratçı kimi müqavilə bağlayıb işləmişəm. Vəzifəm briqadir idi və bir neçə nəfər də işçim var idi. Müqavilə bitəndən sonra yenidən işə başlayanda "Azərinşaatservis"dəki nümayəndədən müqavilə barədə soruşdum o da dedi ki, layihənin meneceri Kudret Tuncsiperə müraciət etməliyəm. Mən də ona bütün sənədlərimi təqdim etdim ki, müqavilə imzalansın. O da məni arxayın etdi ki, işə başlayım bir ay ərzində müqavilə həll olunacaq. Ondan bir müddət sonra da şirkət rəhbərliyi ilə məlum problemlər başladı, mən qaldım havada. İndi bilmirəm hara müraciət edim ki, şirkətdəki 3 aylıq işimə görə almalı olduğum 6 min manatdan çox pulu ala bilim".

Elməddin Ələkbərov isə əmək müqaviləsi ola-ola əziyyət çəkənlərdəndir. Onun sözlərinə görə, şirkətlə imzaladığı müqavilənin müddəti bitsə də ona xitam kağızı verilmir ki, başqa yerdə işə düzəlsin: "Bizə müqavilənin bitməsi barədə əmr, rəsmi sənəd verilmir ki, əmək kitabçamızı alıb iş tapdığımız başqa yerə təqdim edək işləyək. Deyirlər, özümüz ərizə yazaq ki, öz xahişimizlə işdən çıxırıq. Bunu da ona görə etdirmək istəyirlər ki, kompensasiya verməsinlər".

Bir neçə gün əvvəl mətbuatda "Azərinşaatservis" MMC-nin işçilərinə maaş verildiyi yazılsa da işçilərin bir qismi maaşlarını yalnız bu gün ala biləcəklərini deyib. Bunun da səbəbi şirkətin borclu olduğu işçilərin hamısında maaş kartının olmaması ilə bağlı olub.

"Azərinşaatservis" MMC-nin Maliyyə şöbəsinin müdiri Zaur İsmayılov da açıqlamasında sadalanan problemləri təsdiqlədi, amma bəzi problemlərdə günahın bir az da fəhlələrin özündə olduğunu bildirdi.

Z.İsmayılovun sözlərinə görə, bu gün şirkətin qarşısında toplaşan işçilərin əksəriyyəti burada əmək müqaviləsiz işləməyə razı olublar: "Onların əmək müqaviləsi olmadığına görə şikayət etməyə kağız üzərində haqqı, heç bir faktı yoxdur. Düzdür, onlar bizim şirkətdə işləyiblər. Qeyd etdiyim kimi, əmək müqavilələri olmadığına görə onların burada işlədiyinə dair göstərici yoxdur. Bir qisminin əmək müqaviləsi var. Onların müqaviləsinə xitam verilib əmək kitabçalarının geri qaytarılması üçün şirkət rəhbərinin imzası və rəsmi möhür olmalıdır. Hazırda rəhbərliklə bağlı məlum problemlərə görə rəhbərin imzası və möhür yoxdur. Müavinin rəhbərin səlahiyyətlərini icra edə bilmək üçün də əmr lazımdır, o da yoxdur".

Z.İsmayılov işçilərin oktyabr və noyabr aylarında ödənməli olan maaşların nə vaxt veriləcəyini isə bilmir: "Beynəlxalq Bankla yaşanan problemlərə görə maaşların vaxtı barədə bizdə heç bir məlumat yoxdur. Əvvəlki 4 ayın maaşlarına gəlincə isə bizim 1100 nəfər işçinin təxminən 800-nün əvvəlcədən maaş kartı olduğuna görə onlar pulu həmin gün aldılar. Amma digərləri üçün yenidən maaş kartı sifariş verildi və onun da hazırlanması bir neçə günə başa gəldiyinə görə o işçilər pulu bu günlərdə ala biləcək".

Hüquqşünas Nemət Kərimli isə bildirir ki, əmək müqaviləsi olmadan kimisə işə götürmək Əmək Məcəlləsi ilə qadağan edilir: "Əgər əmək müqaviləsi yoxdursa, hər hansı formada müqavilə bağlanmalıdır. Heç bir müqavilə yoxdursa, bu, işçinin əməyinin istismar olunması hesab olunur. Buna görə də işəgötürən cinayət məsuliyyəti daşıyır. Belə olan halda əməyi istismar olunan işçilər hüquq-mühafizə orqanlarına müraciət etməlidir".
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.