Cəmiyyət

Mübariz Mənsimov: "Mən həyatda olduğum müddətdə..."

29 Noyabr 2015 14:17
4 Şərh     Baxış: 4 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az anspress-ə istinadən bildirir ki, Azərbaycanda doğulmuş türkiyəli iş adamı, "Palmali" Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov Mirşahin Ağayevin suallarını cavablandırıb.

- Son zamanlar həm Azərbaycanda, həm də Türkiyə müzakirə olunan mühüm məsələlərdən biri, Türkiyədə keçirilən parlament seçkiləri idi. Parlament seçkiləri məhz Rəcəb Tayyib Ərdoğanın böyük üstünlüyü ilə başa çatdı. Bir iş adamı olaraq necə bilirsiniz, bu qələbədən sonra sahibkarların vəziyyəti daha da yaxşı olacaq? Yoxsa, hər hansı bir dəyişiklik gözləmək hələ tezdir? 

- Bilirsiniz, bu, sürpriz deyildi. Hazırda AK parti son 10 il müddətində həm iqtisadi, həm də insanların rifah səviyyəsinin yüksəldilməsi istiqamətində çox böyük işlər görüb. Rəcəb Tayyib Ərdoğan artıq dünyada qəbul olunacaq güclü bir liderdir. Türkiyədə AK partinin təkbaşına iqtidara gəlməsi ilə nəticə etibarı ilə Türkiyə daha da inkişaf edəcək. Məhz bunun Türkiyə üçün pozitiv effekti olacağını düşünürəm. Əsas da bunun bir sürpiriz olduğunu qətiyyən qəbul etmirəm. Çünki xalq tərəfindən seçilib. Çox rahat bir şəkildə bəyan edə bilərəm ki, Türkiyədə keçirilən seçki demokratikliyi ilə belə Avropa ölkələrindən də üstündür. Qeyd edim ki, seçki zamanı insanlar seçkiyə bayram ab-havası ilə gəlirdilər. Bu gün xalq AK partini seçibsə, deməli, ona inanır. Bu isə sonda öz nəticəsini verəcək. 

-Bir müddət əvvəl də xalq AK partini seçmişdi. Amma bu seçimin nəticəsində hakimiyyətə gəlmiş bir partiya olaraq təkbaşına iqtidarı idarə edə biləcək gücə malik olmadı. Bu müddət ərzində nə baş verdi ki, AK parti təkrar seçkilərdə böyük üstünlüklə qalib gəldi və yenidən hakimiyyəti təkbaşına təşkil etmək gücünə sahib oldu? 

-Dünyada baş verən məlum hadisələrdən sonra Türkiyə terrorizmə qarşı mübarizədə daha aktiv rol oynamağa başladı. Bu sırada Türkiyədə PKK-nın yenidən aktivləşməsi müşahidə olundu. AK parti bunun qarşısını almaq istiqamətində lazımi addımlar atdı. Nəticə etibarı ilə hökumətin son 6 ay ərzində həyata keçirilən yenilikləri xalqı çox sevindirir. Türkiyə güclü bir dövlətdir. Amma insanların daxilində bir terror xofu var. Məhz AK partinin "Terrora yox" deməsi və ona müharibə elan etməsi xalqın buna qarşı inamını bir daha artırdı. 

-Yəni hesab edirsiz ki, Ankarada və İstanbulda baş verənlər seçicinin qəti qərara gəlməsinə təkan verdi? 

-Mən elə düşünürəm. Bəlkə, səhv edirəm, amma belə görürəm.

-Terrorizmin bu dərəcədə mütəşəkkil şəkil alması, miqyasını genişləndirməsində, iş adamı olaraq, siz hansı təhlükələri görürsüz? Buna qədər İŞİD-li və İŞİD-siz bu günə qədər. İŞİD daha çox itirir, ya daha çox qazanır? 

-Əlbəttə ki, itirir. Terrorizmdən qazanan şirkətlərin özü də terrorist sayılır. Bu mənim fikirimdir. Düzgün iş adamları isə terrorun vurduğu ziyandan öz neqativ təsirini alır. Məsələn, Parisdəki son hadisələr iqtisadiyyatın istənilən sahəsinə neqativ təsir edir. Bunlar insanlara ziyan verən insanlardır.

-Mübariz Mənsimov olaraq, siz öz biznesinizi terrordan necə qoruyursuz?

-Bizim işimiz çox rahatdır. Bilirsiz, aldıq yük, apardıq yük. "Palmali" bu gün dünyanın ən önəmli şirkətləri ilə işləyir: BP, TOTAL, SOCAR, LUKoil. Dənizçilik sektorunda indi çox şəffaflıq var. Amma bəzən bizim də adımızı hallandırırlar. Mən bunu üstündən gülərək keçirəm.

-Mən elə onu soruşmaq istəyirdim ki, deyirlər ki, sizi birbaşa da olmasada, dolayı yollarla İŞİD-lə əməkdaşlıqda az qala günahlandırırlar. 

-Bunu deyən insanlar özləri də dediklərinə inanmırlar. Çünki bu xəyal edilə bilməyəcək bir şeydir. "Palmali"nin son 12 ildə bütün gəmiləri hansı yükü haradan götürüb, haraya apardığına qədər hər şey var. Yüklərin analiz sertifikatı olur. Bu da var bizdə. İstəyən şəxs internetə girib 24 saat, hətta 10 gün əvvəldən gəminin gedişatını izləyə bilər. 

-Razılaşaq ki, mətbuatda, internet şəbəkəsində, sosial səhifələrdə müzakirəyə çıxarılmış mövzu olaraq bu və ya dirgər cəhətdən sizin mənsub olduğunuz sahəyə toxunur. Yəni, işgüzar nüfuzunuza ziyan gətirir. Bununla bağlı sizin hansı addımlarınız var? 

-Biz bu məsələləri hüquqi yolla həll edirik və edəcəyik də. Onu qeyd edim ki, Azərbaycanda bəlli saytlar yazır, mən onları dırnaqarası media və saytlar adlandırıram. Onlar bizi illərdir əzməyə çalışırlar. Bunu, bəlkə, kiminsə sifarişi ilə və ya öz reytinqləri xatirinə edirlər. Bilmirəm. Mafiya üsuludur bu. Biz bunların heç birində olmamışıq. Azərbaycan da hüquqi bir dövlətdir və biz buna inanırıq. Biz bu media qurumlarına qarşı məhkəmə iddiası qaldırmışıq və sonuna kimi gedəcəyik.

- Son məlumatlardan biri də Mübariz Mənsimovun Rəcəb Tayyib Ərdoğanın ailəsi ilə dostluq münasibətidir. Daha doğrusu, onun oğlu ilə biznes əlaqələrinin olması ilə bağlıdır. Guya siz nəsə vermisiz onlara...

-Bunu Türkiyədə də yazdılar. Bəli, mən Rəcəb Tayyib Ərdoğana hörmətim sonsuzdur. Mən onu prezident olmamışdan əvvəldən də çox hörmət etdiyim bir insan və böyüyüm kimi tanıyırdım. O hər zaman iş adamlarının yanında olub. O bilir ki, Türkiyənin gələcək inkişafı üçün nələr etmək lazımdır. Amma inanın ki, mən Rəcəb Tayyib Ərdoğanın oğullarını belə tanımıram. Hər kəs boş-boş danışır. 

-Necə bilirsiz, Mübariz Mənsimovu kim belə məşhurlaşdırmaq istəyə bilər? Nə münasibətlə birdən-birə? 

-AK partiyə çox böhtanlar atırlar. Bəlkə, düzü də var, bilmirəm. Amma bu gün hamıya aydındır ki, "Məcid Aslanov", "Fariz İsmayılxanov" və "Leyla Şıxliniskaya" gəmiləri kimindir. Bunlar hamısı üzdə olan məlumatlardır. Sadəcə yalan xəbər yaymaqla deyil. Yalan xəbərin arxasında durmaq lazımdır. Gəmilərimizə verdiyimiz adlar Azərbaycanla bağlıdır. Bunlar Azərbaycanın elm xadimləri, qəhrəmanları, şəhid olmuş əsgərləri, tanınmış şəxsiyyətləridir. Bu gəmilərə bu adları mən vermişəm və mən həyatda olacağım müddətdə onlar dəyişməyəcək. Çünki mən bir azərbaycanlı olaraq öz xalqımla qürur duyuram. Bu gün onları belə ucuz ssenari ilə bir oyun hissəsi edən media mənsubları var. Utanmalıdırlar. Hər şeydən öncə onların köklərini öyrənmək lazımdır, araşdırmaq lazımdır, bunlar Azərbaycanı sevən insanlardırlarmı? Azərbaycanı sevirlərmi? Yoxsa bir meyvənin içində olan qurd kimi Azərbaycanın içində ziyan verənlərdilər? Dəyişən, inkişaf edən Azərbaycanın içində...

- Mübariz müəllim, təbii ki, hazırda dünya qlobal krizis keçirdir, maliyyə böhranı var. Siz də bu dünyanın tərkib hissəsi olaraq, böhrandan kənarda deyilsiz. Ümumiyyətlə, biznes adamları yaranmış vəziyyətdən çıxmaq üçün necə mübarizə aparırlar? Elə milyarderlər, milyonçular, həmçinin Azərbaycanda da var ki, onlar bu vəziyyətdən çıxa bilmir və müflisləşirlər. Sizin hansı reseptiniz var bununla bağlı? 

-Bizim əsas işimiz dənizçilik və gəmiçilkdir. Lazım olanda biz sənayedən kənara çəkilsək də, əsas işimizi görəcəyik. Hazırda dünyanın bir çox yerində bizim hazırlanan gəmilərimiz var. Təbii ki, bir logistik şirkət olaraq krizisdən öz payımızı alırıq. Heç bir şirkət deyə bilməz ki, krizis bizə təsir etmədi. Buna inanmaq bir az çətindir. Biz yeni gəmilər yadaraq, Azərbaycan qəhrəmanlarının adlarını yaşatmaqda davam edəcəyik. 

- Bu qolbal böhran hansısa bir planınıza mane olmadı ki? Və Azərbaycanda, Türkiyədə və Rusiyada hansısa yeni işlər planlaşdırırsınızmı? 

-Bilirsiniz ki, Azərbaycanda qida sektorunda işlər görürük. Məncə, "Pal süd" Azərbaycanda yaxşı bir marka hesab olunur. Bundan başqa, tək bir büromuz var. "Palmali"də 400-dən çox Azərbaycan dənizçisi işləyir. Bunların içərisində dənizçisi də, aşpazı da, mekaniki də var. Başqa bir layihə yoxdur. Rusiyada da Sankt-Peterburq, Rostov, Novorossiysk limanlarında işlər davam edir. Turizim işimiz də var. Amma orada azalmalar etmək fikrindəyik. Yenə də deyirəm ən çox əsas işimizlə məşğul oluruq. 

- Bizim mətbuatda sizin bəzi mehmanxanalarınızı guya satmaq haqqında da yazırlar. 

-Türkiyədə əvvəllər "Ağzı olan danışır" adlı reklam var idi. Bizim markalarımızın hamısı bizdədir. Heç bir şey satılmayıb, hamsı da işləyir. Sadəcə onlar genişlənməyəcək.

- Oturuşunuz, müvazinətiniz rahatdır. Mən düşünürəm ki, biznesini qurmuş və onun üçün arxayın olan adamın pozasıdır. Bununla da siz müəyyən mesajlar vermiş olursunuz. Təsəvvürümdə yanılmıram? 

- Yanılmırsınız. Biz artıq "Palmali" olaraq, sovetlər birliyindən sonra qurulmuş bir şirkətik. Gələn il 20 illiyimizi keçirəcəyik. Nə qoca, nə də yeni şirkət deyilik. Artıq ilk istehsal olunan gəmilərimiz ömrünü başa vurdu. Yeni nəsl gəmilər yarandı. İşimizi sevirik və dünyada dənizçilik sektorunda işini ən yaxşı bacaranlardan biri olduğumuza inanıram. Biz dənizçilikdə inkişafa davam edəcəyik. Dayanmaq yoxdur! 

- Siz başlayandan, lap uşaq vaxtından Viləş çayının yanında idiz və bir az böyüdüz, Xəzər dənizinin yanında olduz. İndi isə okeandasız və bir gəmiçi olaraq, çox gözəl bilirsiniz ki, fırtınalar həmişə olur. Əgər okean fırtınalarını təsəvürümüzə gətirsək, baş verən hadisələrə soyuqqanlı yanaşmaq olar. Necə deyərlər, səmt küləyi diləyirəm. 

- Sağ olun. Allah razı olsun. Mən də sizə uğurlar arzulayıram. Mənim üçün ANS hər zaman Azərbaycanın media bayrağıdır. Düzgün, dürüst və yalan olmayan bir media. Təəssüflər olsun ki, sizin kimi təmiz medialar bu gün çox az qalıb. Sizə də uğurlar. 

- Allah köməyiniz olsun. Sağ olun.

-Sağ ol.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.