Cəmiyyət

Hərənin öz mollası: varlıların ayrı, kasıbların ayrı

29 Noyabr 2015 10:48
7 Şərh     Baxış: 6 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Molla" ərəb dilində "sahib olan" mənasını verən  "mevla" sözündən törəyib, dini bilgilərə sahib olan şəxs anlamına gəlir. Əsasən fiqh (islam hüququ) və şəriət məsələləri ilə məşğul olan həmin şəxslər bu gün yalnız yas məclislərini yola vermək funksiyasını yerinə yetirirlər. Orta əsrlərdə və hətta XX əsrin əvvəllərinə qədər isə dövrün elm alimlərinə, bilikli şəxslərinə "molla" titul olaraq verilirdi.

Çox təəssüflər olsun ki, sonradan nadanlıq və islamın yanlış olaraq izahı nəticəsində "molla" anlamı da öz dəyərini itirdi. Klassik dramaturgiya, publisistika və ədəbiyyatda mollalar daha çox nadanlıq göstəricisi kimi dəyərləndirildilər.

Bu gün müxtəlif kateqoriyaya bölünən mollalar da var. Belə ki, yaxşı maddi  imkana malik şəxslər el arasında xüsusi nüfuz qazanan mollalara üstünlük verərək, onları hüzr mərasimlərinə dəvət edirlər. Təbii ki, bir növ reklam xarakterli olan və maddi imkanı başqalarına nümayiş etdirməkdən ötrü  qurulan yas məclislərdə mollaların "qonorar"ı da o məclisin şəninə uyğun olmalıdı. Yüksək "qonorar"a layiq görülən molların  isə əsasən hansısa şəhər, yaxud kəndin sayılıb-seçilən olması vacibdir. Beləliklə, restoran biznesində müğənnilər toyxanalara necə cəlb olunursa, yas mərasimlərinə də daha çox reklamı olan mollalar dəvət edilir.

Modern.az saytına adının çəkilməsini istəməyn və cənub zonasını təmsil edən mollalardan biri əslində bunu könül işi adlandırdı. Onun sözlərinə görə, bizdə əksər mollalar hansısa məclisə gedərkən  qiymət qoymur və məclis sahibinin könlündən nə qədər pul keçirsə, onunla kifayətlənirlər:

"Bizdə çox mollanın konkret qiyməti olmur. Hüzr sahibinin könlündən nə qədər keçirsə, o qədər də pul verir. Elə vaxtlar olub ki, molla heç yasdan pul da almır. Məclis sahibinin imkansızlığı, yaxud aradakı qohumluq münasibətinə görə hərdən mollaya pul ödənilmir".

Müsahibimizin dediyinə görə, bəzən hüzr günü, üç mərasimi və cümə axşamlarını aparan molla həmin məclisin 40-cı günündə pul da almır. Bəzən isə qırxa ayrıca dəvət olunan mollanın haqqı ödənilir.

İndi yas mərasimlərində mollalalara verilən pul 30 manatdan 100 manata qədər dəyişə bilir. Minimal və maksimal məbləğdən az və çox qiymətlərin olması da yox deyil.

Ümumiyyətlə, bu ənənəyə dinlə bağlılığı olan ziyalı kəsimin münasibəti necədir? Molla da bütün insanlar kimi təbii ki, müəyyən sosial təminat sahibidir və o bacardığı işdən pul qazanmalıdır. Amma bu pulun bəzi müğənnilər kimi birində çox, birində az olması, birinin "prestijli" yasa, o birinin kasıb yasına getməsi və ona uyğun pul alması nə dərəcədə doğrudur?

Deputat Fazil Mustafa modern.az-a açıqlamasında bəzi məclis sahiblərinin mollaları pis öyrətdiyini qeyd edir:

"Bu  əslində mənəvi məsələdir. Ona görə də kimisə qınamaq olmur ki, sən niyə zənginlərin məclisinə gedib, kasıblara  məhəl qoymursan. Bu məsələyə irad fonunda münasibət bildirmək, məncə, doğru olmaz. Bu sırf mənəvi məsələdir. Mollalara gəlincə isə, İranla Azərbaycandan başqa dünyanın heç bir yerində belə bir sinif yoxdur. Bizdə daha yayqın olub. Müəyyən mənada dinin mahiyyətindən çox uzaqda qalmışıq deyə onun monopoliyasını da mollaların ixtiyarına vermişik. Sonra zaman-zaman tənbəllik edib oxumadığımız Qurana baxanda tamamilə fərqli bir din və humanist əxlaq sistemini görürük. Ona görə də kimsəni qınamayaq. Bu vicdan, insanın insana münasibəti məsələsidir. Amma hesab edirəm ki, səmimi müsəlman fərq qoymaz ki, bu zəngindir, yaxud yoxsuldu, hamısının hüzrünə eyni münasibət göstərər.

Restoranda necə davranırlarsa, molla ilə də elə davranırlar. Yəni bir də görürsən ki, haqqı olan 100 manat əvəzinə 200 manat verilməsi onu pis öyrədir. Gələn dəfə başqa bir yerə gedəndə ondan da əlavə 100 manat ummağa çalışır. Belə olmadıqda isə yasda öz işini düzgün yerinə yetirmir. İnsanlara haqqı çatanı vermək lazımdır. Mollalara qarşı da bu meyar tətbiq olunmalıdır. Əks halda, ona artıq pul verəndə mollada başqalarına olan münasibəti dəyişir. Fikirləşir ki, "burada olsam, daha çox pul qazanacağam". Bu həm həmin pulu alanın, həm də bunu ona öyrədənin günahıdır".

İlahiyyatçı Elşad Miri isə qiymət məsələsindən danışmazdan əvvəl ümumiyyətlə islamda molla anlayışının olmadığını vurğulayıb:

"Bu yeni tendensiya deyil. Mən gözümü açandan bunu görmüşəm. Hər zaman  kəndin, ya şəhərin axundu, mollası  hər zaman imkanlı şəxslərin evinə qara "Jeep"lərdə getməyə çalışır. Dindən mənfəət kimi istifadə etmək istəyənlərin dinə, islama heç bir aidiyyatları yoxdur. Mən xüsusilə də bunu vurğulamaq istəyirəm ki, ümumiyyətlə islam dinində mollalıq adlanan anlayış yoxdur. Bu cür insanlar getdiyi yerlərə mənfəət güdükləri üçün gedirlər.  Heç kəs ora boşu-boşuna getmir.

Olduğum hüzr yerlərində elə hadisələrlə, elə söhbətlərlə qarşılaşıram ki,  bunlar məni nəinki qıcıqlandırır, hətta iyrəndirir. Elə söhbətləri elə tərzdə danışırlar ki, sanki qarşısındakı insanlar  islamı, dini anlamayan bisavadlardır. Danışdıqları da sanki qoca bir nənənin nəvələrinə danışdığı  "Məlikməmməd nağılıdır". Nə bilim qılınc vurdular, amma peyğəmbər orasından tutduğu üçün qılınc başını kəsmədi, bir qılıncla 500 nəfəri vurdu. Allahın göndərdiyi kitab bir qırağa qalıb, bunlar öz uydurduğu qaydalarla yaşayırlar. Bax bu cür şeylər məni iyrəndirir. Dini belə bir həddə gətirib çıxarırlar. İnsanlar da din olaraq, məzhəb olaraq bunları görüb soyuyurlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.