Cəmiyyət

Nardaranda həbs olunanlar barəsində 18 maddə üzrə ittiham yalandır - YENİLƏNİB

27 Noyabr 2015 21:48
Baxış: 3 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:48

Noyabrın 26-da Nardaranda baş vermiş qarşıdurma ilə əlaqədar həbs olunanlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 maddəsi üzrə cinayət işinin açılması ilə bağlı yayılan xəbərlər həqiqətəuyğun deyil.

Vəkil Cavad Cavadov Trend-ə bildirib ki, sosial şəbəkədəki səhifəsində yazdığı maddələr ehtimaldır. C.Cavadov onun adından məlumat yayanda diqqətli olmağı xahiş edib.

Qeyd edək ki, vəkil bundan əvvəl sosial şəbəkədə Cinayət Məcəlləsinin 18 maddəsini sadəcə paylaşaraq heç bir şərh qeyd etməyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məlumatına görə, hadisə zamanı 14 nəfər həbs olunub, həmçinin radikal qruplaşma üzvlərindən 4 nəfər məhv edilib.

--------

21:35

Ölkə gündəmini zəbt edən Nardaran hadisələri ilə bağlı yeni xəbər var.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, dünən DİN-in keçirdiyi əməliyyat zamanı həbs edilən kənd sakinlərinin hansı maddə ilə ittiham olunduqları məlum olub.

Bu barədə vəkil Cavad Cavadov məlumat yayıb:

"Noyabrın 26-da hüquq-mühafizə orqanlarının Bakının Nardaran kəndində keçirdiyi əməliyyat nəticəsində həbs olunanlara qarşı CM-nin 120.2.1(qəsdən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə),120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə), 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törətmək), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törətmək), 214-2 (terrorçuluq), 220.2 (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 228.3, 228.4 (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.3(Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar), 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi açılıb".

Xatırladaq ki, dünənki əməliyyat zamanı Nardaranda 2-si polis olmaqla, 6 nəfər vəfat etmişdi. Rəsmi məlumata görə, kənd sakinləri şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi" adlı hərəkat yaradıblar. Və atışma baş verən evdə də məhz həmin birliyin yığıncaqları keçirilirmiş.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.