Cəmiyyət

"Din pərdəsi altında insanlarda dövlətə qarşı mənfi fikir formalaşdırmaq ən böyük cinayətdir"

27 Noyabr 2015 18:54
Baxış: 1 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün dünyanın müxtəlif bölgələrində qanlı münaqişələr baş verir, günahsız insanlar həlak olur. Buna baxmayaraq, Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür, ölkəmiz möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Təbii ki, bunu gözü götürməyən daxili və xarici qüvvələr var və onlar hər fürsətdə bu sabitliyi pozmağa cəhd edirlər. Ancaq unudurlar ki, möhkəm təməl üzərində qurulmuş bu dövlətin müstəqilliyini heç kim sarsıda bilməz.

Milli.Az xəbər verir ki, bu fikirləri Trend-ə paytaxtın Nardaran qəsəbəsində baş verən məlum hadisələrə münasibətində Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Onun sözlərinə görə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə yaradılan "Müsəlman birliyi" adlı hərəkatın cinayət əməlləri dövlətə, millətə qarşı yönəlmiş xəyanətdir: "Nardaran qəsəbəsində "Müsəlman birliyi" adlı hərəkatın üzvlərinin qanunsuz əməlləri bu gün cəmiyyətin bütün üzvləri tərəfindən qətiyyətlə pislənilir. Çünki qanunlara tabe olmamaq, polisə qarşı silahlı müqavimət göstərmək, insanların həyatına təhlükə yaratmaq dövlətçiliyə qarşı böyük təhdiddir. Artıq hüquq-mühafizə orqanları Nardarandakı vəziyyəti tam nəzarətə götürüblər, hadisəni törədənlər, şübhəli bilinənlər saxlanılıb. Din pərdəsi altında xarici antimilli qüvvələrin sifarişlərini həyata keçirməklə qanunsuz əməllər törədən bu insanlar ciddi şəkildə cəzalandırılmalıdırlar".

V.Rəhimzadə bildirib ki, hüquqi, dünyəvi dövlət olan Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi göstərilir: "Bu gün ölkəmizdə müxtəlif dinlərin nümayəndələri azad, sərbəst və mehriban şəraitdə yaşayırlar. Buna baxmayaraq hüquqi dövlət olan Azərbaycanda hər şey qanunlarla tənzimlənir. Yəni hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. "Müsəlman birliyi" hərəkatının üzvləri isə qanunları kobud şəkildə pozaraq, ölkəmizdəki ictimai-siyasi sabitliyə açıq-aşkar təhlükə yaradıblar. Dindən vasitə kimi istifadə edərək insanların beynini zəhərləmək, onlarda dövlətə qarşı mənfi fikir formalaşdırmaq ən böyük cinayətdir. Əminəm ki, hüquq-mühafizə orqanları "Müsəlman birliyi" hərəkatı üzvlərinin əməlləri ilə bağlı ciddi ölçü götürəcək və onlar layiq olduqları cəzanı alacaqlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.