Cəmiyyət

Nardaranda atışma: polisə qumbara atdılar, 6 ölü və yaralılar var - YENİLƏNİB - VİDEO - FOTO

26 Noyabr 2015 16:43
Baxış: 51 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:43

Respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə (DİN) daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri edib.

Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərindən Milli.Az-a verilən məlumata görə, müəyyən olunub ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu MikayılovƏbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi" adlı hərəkat yaradıblar. Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər. Həmçinin paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıblar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib.

Qeyd edilənlər nəzərə alınaraq həmin şəxslərin tutulması məqsədilə, 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.

Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.

Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Fakt üzrə Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

Cinayətin bütün iştirakçılarının, o cümlədən bu silahlı cinayətkar dəstəyə köməklik edən şəxslərin müəyyən edilib tutulması və məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.

Ölkənin hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən bu cür hadisələrin qarşısının vaxtında alınması, formalaşan istənilən mütəşəkkil cinayətkar dəstənin və ya cinayətkar birliyin dərhal zərərsizləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək.

----------

16:10

Bu gün Nardaranda baş vermiş silahlı insident nəticəsində dörd polis əməkdaşının həlak olduğu bildirilir.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, polisə müqavimət göstərən radikal qrupun Abbas adlı bir üzvü də öldürülüb.

Radikal qrupun üzvləri polisə qumbara atıb, sonra isə atəşə tutublar.

Atışma zamanı daha bir neçə nəfər yaralanıb.

Onların arasında polis əməkdaşları da var.

---------

15:24

Milli.Az xəbər verir ki, virtualaz.org saytının əldə etdiyi son məlumata görə, islamçı ekstremistlərin silahlı hücumu zamanı 4 nəfər həlak olub. Onların 3-ü DİN əməkdaşlarıdır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Nardaranda başda hacı Tale Bağırzadə olmaqla bir qrup islamçı ekstremistə qarşı xüsusi əməliyyat keçirib.

----------

14:59

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, baş vermiş insidentlə bağlı polis və prokurorluq orqanları tərəfindən müvafiq araşdırmalar aparılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Trend-in əldə etdiyi son məlumata görə, insident nəticəsində ölənlərin sayı 4 nəfərdən artıqdır.

---------

14:56

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Tale Bağırzadəni həbs etmək üçün polislər evə basqın edərkən onun tərəfdarları silah işlədib, bu zaman qarşılıqlı atışma olub.

Sosial şəbəkələrdə Tale Bağırzadənin evindən görüntülər də yayılıb. Kadrlardan görünür ki, evdə və həyətdə qan izləri var.

----------

14:53

Virtualaz.org bildirir ki, hacı Tale Bağırzadənin tərəfdarlarının facebookda yaydıqları məlumata görə, əslində atışma bu din xadiminin evində namaz vaxtı baş verib.

Tale Bağırzadəni həbs etmək üçün polislər evə basqın edərkən onun tərəfdarları silah işlədib, bu zaman qarşılıqlı atışma olub.

Sosial şəbəkələrdə Tale Bağırzadənin evindən görüntülər də yayılıb. Kadrlardan görünür ki, evdə və həyətdə qan izləri var.

X X X 

Hüquq-mühafizə orqanlarından "Turan"a bildiriblər ki, atışma Taleh Bağırzadənin saxlanılması zamanı baş verib. Əməliyyat zamanı Bağırzadənin tərəfdarları olan islamçı ekstremistlərdən biri polislərə tərəf qumbara atıb, bundan sonra atışma baş verib.

Yaralılardan birinin bizimyol.info-ya verdiyi məlumata görə, avtomatla silahlanmış naməlum şəxs qarşısına çıxan insanlara atəş açmağa başlayıb. Hadisə bu gün təxminən saat 13:00 radələrində qeydə alınıb.

X X X 

3 saylı Klinik Xəstəxananın baş həkimi Fikrət Zeynalov virtualaz.org saytına bildirib ki, xəstəxanaya 3 yaralı daxil olub.

Baş həkimin sözlərinə görə, onların hər üçünün vəziyyəti ağırdır, odlu silahdan açılan atəşlə yaralanıblar. Yaralıların hamısı gənclərdir, onlardan birinin üzərində təcili əməliyyat aparılıb. Əməliyyat başa çatsa da yaralının vəziyyəti kritik olaraq qalır. Qalan iki yaralının üzərində cərrahiyyə əməliyyatı davam edir.

-----------

14:49

Milli.Az haqqın.az-a istinadən bildirir ki, radikal islamçıların liderlərindən olan Zülfüqar Mikayılzadə tutulub.

O, evində olarkən saxlanılıb.

---------

14:42

Bu gün günorta saatlarında Sabunçu rayonu Nardaran qəsəbəsində Tale Bağırzadə və ətrafındakı şəxslərlə polis arasında qarşıdurma olub.

Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində yaralananlar var. T.Bağırzadənin saxlanıldığı bildirilir.

T.Bağırzadənin vəkili Cavad Cavadov Trend-ə bildirib ki, müvəkkilinin saxlanıldığı barədə məlumatı olsa da, hansı polis idarəsinə aparılması barədə hələ məlumatı yoxdur.

----------

14:35

Milli.Az femida.az-a istinadən bildirir ki, hadisə şahidlərinin verdikləri məlumata görə, atışma nəticəsində polis nəfəri yaralanıb. Bakının digər rayonlarının polis idarəsinin əməkdaşları da hadisə yerinə cəlb ediliblər.

Sabunçu rayonunda baş vermmiş silahlı insident nəticəsində Sabunçu Rayonu Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Sadiq Həsənov yaralanıb. 

---------

14:32

Bu gün günorta saatlarında Sabunçu rayonu Nardaran qəsəbəsində Tale Bağırzadə və ətrafındakı şəxslərlə polis arasında qarşıdurma olub.

Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində yaralanan var. T.Bağırzadənin saxlanıldığı bildirilir.

-----------

14:30

Milli.Az haqqın.az-a istinadən bildirir ki, 3 saylı xəstəxanaya güllə yarası ilə 3 nəfər aparılıb. Bunu xəstəxanananın baş həkimi Fikrət Zeynalov deyib.

Yaralıların hamısı gənclərdir. Onların biri artıq əməliyyat olunub.

İslamazeri saytı bildirir ki, məscidin yaxınlığındakı atışmada iki nəfər həlak olub.

---------

14:25

Hadisə bu gün təxminən saat 13 radələrində qeydə alınıb

Bakının Nardaran qəsəbəsində silahlı insident baş verib. Hadisə nəticəsində xeyli sayda yaralı Sabunçu Rayon Mərkəzi Xəstəxanasına gətirilib. 
Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, yaralılardan birinin verdiyi məlumata görə, avtomatla silahlanmış naməlum şəxs qarşısına çıxan insanlara atəş açmağa başlayıb. Hadisə bu gün təxminən saat 13 radələrində qeydə alınıb. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə saxladıq. DİN rəsmisi bununla bağlı sualımızı Baş Prokurorluğun mətbuat xidmətinə ünvanlamağı məsləhət gördü.  Ətraflı məlumat veriləcək.
 

Milli.Az

----------

14:43

Videoları izləmək üçün şəkillərə klikləyin.

Перестрелка в Баку

Перестрелка в Баку (1)

--------------

14:38

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.