Cəmiyyət

Bakı məktəbləri soyuqdan donur

26 Noyabr 2015 08:25
17 Şərh     Baxış: 1 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əksər məktəblərin qazanxanaları mərkəzləşdirilmiş istilik sisteminə bağlı olmasa da, Təhsil Nazirliyi məsələni həll etmir...

Paytaxtın orta məktəblərində istilik problemi ciddiləşib. Redaksiyamiza gələn çoxsaylı şikayətlər göstərir ki, orta məktəblərə istilik verilmir, şagirdlər soyuq sinif otaqlarında dərs keçməyə məcburdurlar. 
Milli.Az musavat.com-a istinadən bildirir ki, problemin Bakının əksər məktəblərini əhatə etdiyi bildirilir. 

Məsələn, Yasamal rayonunda yerləşən 308 saylı məktəbdə uşaqların soyuq sinif otaqlarında dərs keçdiyi, problemin nazirlik səviyyəsinə qədər qaldırıldığı, lakin həllini tapmadığı bildirilir. Valideyn Natiq Bayramov bildirir ki, iki övladı həmin məktəbdə təhsil alır və günlərdir ki, soyuq sinif otaqlarında oturmağa məcburdurlar: "Uşaqlar 3-cü və 6-cı siniflərdə təhsil alırlar. Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı var ki, noyabrın 15-dən istilik verilməlidir. Ancaq "otopleniyalar", istilik sistemləri işləmir. Dəfələrlə Təhsil Nazirliyinə, 146-ya, qaynar xəttə zəng etmişəm, işləmir, cavab vermir. Məktəb kimi qaynar xətt də donub. 

Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq şöbələrindən mənə cavab verirlər ki, onlara təsir etmək rıçağı yoxdur. Nazirləq Kabineti də deyir ki, qaz yoxdur. Məktəb Təhsil Nazirliyinin öz balansındadır, "Azəristilik"in balansında deyil. Nazirlik niyə bunu həll etmir? Gələn qışamı hazırlaşırlar? Sonuncu cavabları o oldu ki, Yasamal Rayon Qaz İdarəsi ilə Bakı Baş Təhsil İdarəsi hesablaşmayıblar. Qaz pulunu Təhsil İdarəsi bu gün ödəyib, Qaz İdarəsinin isə hələ qazı açmaq fikri yoxdur. Nəticədə uşaqlarımız məktəbdə donur".

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, məktəblərdə istiliyin olmaması ilə bağlı problemləri araşdırırlar. Onun sözlərinə görə, nazirliyə bu mövzuda gələn tək-tək şikayətlər də araşdırılır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.