Cəmiyyət

"Son 25 ildə Bakıda..."

25 Noyabr 2015 23:48
1 Şərh     Baxış: 1 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Keçən əsrin 60-90-cı illərində Bakıda cəmi 2 "isti hava dalğası" qeyd edilmişdisə, son 25 il ərzində bu rəqəm 17-yə çatıb. Sayın artması ilə yanaşı "isti hava dalğalarının" (İHD) davamiyyəti də artıb. Əvvəllər 6 gündən çox olmayan kəskin istilərin davamiyyəti, son illərdə 8-12 günədək artıb. 100 ildən artıq müşahidə dövrü ərzində 2010-cu ildə ən isti yay qeydə alınıb ki, həmin il "isti hava dalğası" 24 gün davam edib".

Milli.Az "report"a istinadən bildirir ki, bunu AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Cəmilə Əhmədova deyib.

O bildirib ki, "isti hava dalğaları"nın (İHD) təkrarlanması və davamiyyətinin artması dünyada baş verən qlobal iqlim dəyişmələrinin təzahürlərindən biridir:

"Son onilliklərdə iqlimin sürətlə dəyişməsi ətraf mühitə mənfi təsir göstərməklə yanaşı, insanların bu dəyişikliklərə həssaslığını da artırıb. Bu səbəbdən yay aylarında Abşeron yarımadasında kəskin istilər zamanı "isti hava dalğaları"nın təkrarlanması və davamiyyətini tədqiq etmişik.

C.Əhmədovanın sözlərinə görə, İHD, əsasən Abşeron yarımadasında Şimali Afrika və Yaxın Şərqdən qızmar tropik hava kütlələrinin cənub, cənub-qərb axınları ilə Cənubi Qafqaza davamlı müdaxiləsi nəticəsində yaranır ki, bu da şimal və mülayim enliklərdən nisbətən sərin hava kütlələrinin respublika ərazisinə daxil olmasını əngəlləyir:
"Tədqiqatın nəticələrinə görə, son onilliklərdə Abşeronda yay aylarında havanın orta maksimal temperaturu xeyli artıb. 2014-cü ilin avqust ayının 16-dan 20-dək Bakı şəhəri və Abşeron yarımadasında birinci "isti hava dalğası" hadisəsi qeydə alınıb, havanın maksimal temperaturu Abşeronda 40 °C-dək yüksəlib".

C.Əhmədova deyib ki, belə yüksək temperaturlar zəif külək və şəlakətlə (küləksiz hava) müşayiət olunub, cənub, cənub-şərq küləklərinin üstünlüyü isə havada rütubətliliyin artmasına, günün bəzi saatlarında bürkülü havanın yaranmasına səbəb olub:

"Belə hava şəraiti əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə riskli qiymətləndirilir. Həmin günlərdə Bakı şəhəri təcili və təxirəsalınmaz yardım stansiyasının məlumatına əsasən, ümumən 12 günvurma hadisəsi qeydə alınıb. İkinci "isti hava dalğası" hadisəsi isə avqustun 23-29-da baş verib. İsti hava dalğalarının tədqiqi qabaqcadan xəbərdarlıq sisteminin təkmilləşdirilməsinə töhfə verə bilər. Yay aylarında əhalinin gözlənilən "isti hava dalğası" barəsində vaxtında xəbərdar edilməsi, kəskin istilərə uyğunlaşma prosesinə köməklik göstərməklə böyük praktiki əhəmiyyət daşıyır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.