Cəmiyyət

Başkəsən ərəblər və dünya

25 Noyabr 2015 21:32
45 Şərh     Baxış: 4 343
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya qana susayıb. Terror, müharibə xofu bəşəriyyəti qorxu altında saxlayır. 

Dünya səksəkədədir. 
Günahsız insanlar öldürülür. 
Nə fərqi, harada, necə, hansı şəraitdə? Görünən odur ki, insan oğlu qandan, ölümdən doymur. Suriyada, Fransada və dünyanın müxtəlif yerlərində baş verən hadisələri həyəcanla izləyirik. Harada olur-olsun, öldürülən məsumların yasını tuturuq. Terror, müharibə kimi bəlalar bəşəriyyət üçün necə təhlükəlidirsə, cəhalət də bir o qədər təhlükəlidir. Cəhalət terrorun da, müharibənin də əsas səbəbidir. Müsəlman dünyasını kütləvi şəkildə tənqid edənlərlə çox vaxt razılaşmıram. İslamı tənqid etsəm də, günahsız müsəlmanların terrorçu elan edilməsini, məsum, günahsız müsəlmanların öldürülməsini qəbul edə bilmirəm. Dinindən, inancından asılı olmayaraq günahsız insanların öldürülməsini pisləmək bizim insanlıq borcumuzdur. Heç kəsə sirr deyil ki, dünyanın gözü müsəlman ölkələrinə dikilib. Dünya Avropada baş verən teraktların günahkarı olaraq müsəlmanları görür. Və müsəlman dünyası özünü təmizə çıxarmaq üçün heç bir addım atmır. Başda islamın beşiyi Səudiyyə Ərəbistanı olmaqla, heç bir müsəlman ölkəsi dünyaya sülhü dəstəklədiyini sübut edə bilmir. 
Dünya islamın humanizminə inanmaq istəyir. Avropada yaşayan müsəlmanlar dinlər arası dialoq üçün çabalayır, sülh tərəfdarı olduqlarını göstərməyə çalışırlar, Səudiyyə Ərəbistanı isə ateist olduğu üçün dünyada tanınan bir şairin başını kəsməyə qərar verir. 

Üç həftə sonra Səudiyyə Ərəbistanında fələstin əsilli şair, "Edge of Arabia" incəsənət təşkilatının üzvü Əşrəf Fəyyadın boynu vurularaq edam ediləcək. Əşrəf müasir ərəb şeirinin tanınan simalarından biri olmaqla yanaşı, Ərəbistanın modern incəsənətini dünyada tanıdan kuratordur. Şair 2013-cü ildə 55-ci Venesiya müasir incəsənət biennalesində "Rhizoma (Gözləyən nəsil)"  sərgisinin kuratoru olub. 

O, dünyada kifayət qədər tanınan imzalardan biridir.

O, Səudiyyə Ərəbistanının Şəriət Qvardiyası tərəfindən həbs edilib. Onu Fəzilətə Çağırış və Pozulmaqdan Qorunmaq Komitəsinin (?) göstərişiylə 2013-cü ilin avqustunda komitəyə daxil olan anonim məktub əsasında həbs ediblər. Həbsin səbəbi ilə bağlı rəsmi açıqlamada deyilir ki, şair hökumət və Məhəmməd peyğəmbər əleyhinə senzurasız sözlər danışıb, ateizm və inancsızlıq təbliğ edib. Həbs edilən zaman şəxsiyyətini təsdiq edən bütün sənədlər polis tərəfindən alındığı üçün Əşrəf vəkil tuta bilməyib. Deyilənə görə, Əl-Məmləkətül-Ərəbiyətüs-Suudiyənin mutəvvinləri (din polisi) qisas məqsədi ilə həbs edib. Belə ki, gənc şair həbsindən bir müddət əvvəl Əbha şəhər meydanında şallaqlanan bir nəfərin videosunu çəkib və sosial şəbəkələrdə paylaşıb. Bəzi hüquq müdafiəçiləri onun fələstin əsilli olduğuna görə həbs edildiyi versiyasını irəli sürürlər. 

Saxlanıldıqdan bir müddət sonra, 2014-cü ilin mart ayında Əşrəf Fəyyada 4 il həbs və 800 qamçı cəzası verilib, amma sonra bu hökmə yenidən baxılıb, hökm  bu ilin 17 noyabrında ölüm cəzasıyla əvəzlənib.

Şair Əşrəf Fəyyadın 3 həftəsi qalıb. 

Üç həftədən sonra camaatın gözü qarşısında onun başını bədənindən ayıracaqlar. Çünki Səudiyyə Ərəbistanında ölüm cəzası meydanda camaatın qarşısında başın kəsilməsiylə icra olunur. 

Bu cür qanlı tamaşalar quran islam ölkəsi, islamın beşiyi Əl-Məmləkətül-Ərəbiyətüs-Suudiyə dünyaya islamın sülh və qardaşlıq dini olduğunu necə izah edəcək?

Başkəsənlərin məsumluğuna dünya inanacaqmı?

Dünya səksəkədədir və günahsız insanlar öldürülür...

Cəlil Cavanşir
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.