Cəmiyyət

Bu ürəyin sahibi çox yaşaya bilməzdi...

25 Noyabr 2015 21:44
19 Şərh     Baxış: 4 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nə gizlədim, uşaq vaxtı "Ögey ana" filminə baxanda İsmayılın şəhərdən gələn analığına "ana" deməsini heç istəmirdim. Həmin məqamda səmimi qəlbdən İsmayılın nənəsinin tərəfində idim. Buna səbəb rayonda boya-başa çatmağım da ola bilərdi. Çünki Dilarə xanım mənim gözümü açıb gördüyüm qadınlardan fərqli idi. Ancaq əsas səbəb mənim də İsmayıl kimi uşaq olmağım, o körpə qəlbin iztirablarını duymağım, o gözlərdəki işıq idi. Ceyhun Mirzəyevin işığı...

Bilmirəm, fikir vermisiniz, ya yox, Ceyhun Mirzəyevin fotodan baxan o işıqlı gözlərinə, uşaq məsumluğu ilə gülümsəyən üzünə baxanda özündən asılı olmadan kövrəlir insan. İndiyə qədər düşünürəm ki, o kədərsə məhz balaca İsmayılın kədəridir... Həyat dolu Ceyhun Mirzəyevin içindəki ilahi işığı söndürməyə o filmdə ögey anaya zorla "ana" dedirtməklə cəhd eləmişdilər. Bu cəhdlər nəticəsində o coşquyla, işıldayan gözlərlə "Kəndimiz" mahnısını oxuyan bir uşaq, bir insan gələcəkdə ürək ağrısı da tapacaq, bu ürək ağrısıyla da erkən yaşda dünyadan köçəcəkdi hələ. Amma həyat yoldaşının dediyi kimi, Ceyhun kimi bir adamı incitmək olmazdı axı...

***
Mənə görə, "Ögey ana" filmi başdan-ayağa milli ideoloji düşüncənin fiaskosudur. Bəlkə, elə Ceyhun Mirzəyev ömrünün sonunda "Fəryad"da baş verən hadisələri doğuran səbəblərin antimilli ideologiya üzərində çəkilmiş "Ögey ana"ların zəminində hazırlandığını sənətkar həssaslığı ilə hiss eləmişdi. Məhz buna görə də, təsadüfi deyil ki, o, əvvəlcədən ssenaridə olmayan "Ögey ana"dan bir hissəni "Fəryad" filminə əlavə edir. Bu mənada "Fəryad"dakı İsmayıl balaca İsmayılın gələcəyidir. Ümumilikdə "Ögey ana" Ceyhun Mirzəyevin uşaqlığı, "Fəryad" isə qocalığı, sonudur. O, bu sondan salamat çıxa bilmədi... 

"Fəryad"ın quruluşçu operatoru Kənan Məmmədov danışır ki, filmin çəkilişi zamanı bir də gördüm, kimsə hönkürtü ilə ağlayır. Çevriləndə Ceyhunu gördüm. Soruşdum ki, niyə ağlayırsan? Dedi, bu insanlar xilas olsalar da, Xocalı dəhşətini yenidən yaşayırlar. 
O, filmi çəkərkən, montaj edərkən çox tələsirmiş. Yəqin, özü də bilirmiş ki, bu ürəyin sahibi çox yaşaya bilməzdi...

Ceyhun Mirzəyev mənim aləmimdə Azərbaycanın simvoludur. Azərbaycan da  Rusiyaya "böyük qardaş" deməyə məcbur olmuşdu. Azərbaycanın da işığı zorla söndürülmüşdü. Bu da elə "Fəryad"la bitməliydi...

Sevinc Fədai
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.