Cəmiyyət

Qanunsuz torpaq zəbt edənlər həbs ediləcək

24 Noyabr 2015 22:59
0 Şərh     Baxış: 7 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan prezidenti İlham Əliyev "Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2015-ci il 30 sentyabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb. 

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının "Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq ə bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək həvalə olunub. Ekspertlər isəbildirirlər ki, sözügedən qanunda nəzərdə tutlan azadlıqdan məhrumetmə barədə  maddələr vəziyyəti xeyli sərtləşdirir. Qanunda hətta beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan müddəalar var. 

Ekspert Ramil Osmanlı məsələ ilə bağlı açıqlamasında bildirib ki, məsələnin əsas tərəfi bəzilərinin düşündüyü kimi, kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı deyil: "Əsas problem şəhərsalma qaydalarının kəskin şəkildə pozulması məsələsidir. Son dövrlərdə məmurlar tərəfindən Bakının ayrı-ayrı ərazilərində böyük ölçülü torpsaq sahələrinin zəbt olunaraq böyük tikililər, villaraq, digər iri obyektlərin tikilməsi ilə bağlıdır. Mahiyyət bu məsələdən qaynaqlanır. Gələcəkdə anoloji hadisələrin qarşısını almaq, məmurların qarşısında konkret məsuliyyət qoymaq vacib idi ki, Cinayət Məcəlləsində bu dəyişiklik edildi".

Ekspertin sözlərinə görə, regionlarda kifayət qədər kənd təsərrüfatı təyinatlı torpaqlar var ki, istifadəsiz qalıb: "Bunların istifadəsi üçün kifayət qədər imkanlar var. Amma heç də hər hansı məmur kontingenti, sahibkarlar buna maraq göstərmirlər. Aktual olan Bakı və Abşeron ərazisidir ki, bəzi şəxslər tərəfindən zəbt olunaraq təyinatı üzrə olmadan burada iş, tikinti aparır. Məsələ budur".

Ekspert Nüsrət İbrahimov isə açıqlamasında qeyd edir ki, qanuna edilmiş sözügedən dəyişikliklər daha çox torpaq sahələrinin düzgün istifadəsi ilə bağlıdır, yəni buna nail olmaq üçündür: "Xüsusən kənd təsərrüfatının inkişafı üçün istifadəsi nəzərdə tutulan torpaqlardan digər məqsədlərlə istifadə edilir. Yerli icra strukturları, bələdiyyələr torpaqların təyinatını qanunsuz olaraq  dəyişdirirlər, fərdi yaşayış evi, başqa tikililər tikirlər. Təyinatlı kənd təsərüfatı torpaqlarının sahəsi azalır və bu tendensiya davam edir. Əsas istiqamət Bakıdır. Qanunda dəyişiklik edilməsində məqsəd torpaqların təyinatı üzrə düzgün istifadəsidir. İkincisi, özbaşınalığın qarşısını almaqdır. Bələdiyyələr istənilən yerdə torpaqları qanunsuz olaraq paylayıblar, satıblar. Fərqi yoxdur, bu torpaqlar onların özlərinin istifadəsindədir, ya yox. Nəticədə bu da vətəndaşların narazılığına səbəb olur. Vətəndaş torpaq alır və sonradan məlum olur ki, bu, bələdiyyənin deyil, dövlətin istifadəsindədir. Dəyişikliklər bunların qarşısını almaq üçündür". 

Qeyd edək ki, artıq bələdiyyələrin torpaq haqqında sənəd vermək hüququ əllərindən alınıb. Bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda- Daşınmaz Әmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrində qeydiyyata aldıra bilirlər. Bununla da vətəndaş, eləcə də bələdiyyə hər hansı sənədləşmə işində iştirak etmir. "Bir pəncərə" prinsipinin tətbiq edilməsilə, əvvəllər mövcud olan uzun prosedur aradan qaldırılıb. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rafiq Cəlilov noyabrın 24-də Bakıda keçirilən "Torpaq münasibətlərinin tənzimlənməsində bir pəncərə: bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində optimal yanaşmalar" mövzusunda işgüzar forumda məlumat verib. Bildirilib ki, forumun məqsədi torpaq münasibətlərinin tənzimlənməsində Əmlak Məsələləri Dövlət Komitəsinin tətbiq etdiyi "bir pəncərə" prinsipinin mahiyyəti, bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmaqdır. (Fins.az)

Eyni zamanda, bələdiyyə torpaqlarının mülkiyyətə, icarəyə və istifadəyə verilməsində komitə, bələdiyyələr və aidiyyəti dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi və əmlak məsələlərinin həlli yollarının birgə müzakirəsidir. Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələri, eləcə də 30-dək şəhər və rayon bələdiyyəsinin sədrləri iştirak edib.

Xatırladaq ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.