Cəmiyyət

Köhnə "QHT-şnik"lər indi haradadırlar?

19 Noyabr 2015 15:48
0 Şərh     Baxış: 1 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaxtilə ölkədə geniş şəkildə fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları artıq tarixə qovuşur. Bunun bir sıra obyektiv səbəbləri var.

Milli.Az femida.az-a istinadən bildirir ki, ölkədə QHT sektorunun çöküş yaşamasının səbəbini belə izah etmək olar:

Qərbin donor təşkilatları ilə əməkdaşlıq edən təşkilatların, demək olar ki, böyük əksəriyyətinin bank hesabları donduruldu və mövcud hesablara həbs qoyuldu. Yəni QHT rəhbərləri xaricdən göndərilən pul vəsaitini banklardan götürə bilmədilər. Daha dəqiq desək, dəyirmanın suyu qurudu. Belə olduğu təqdirdə isə vaxtilə Qərbdən külli miqdarda donorlar alan bir sıra QHT rəhbərləri çarəni ölkədən qaçmaqda və xaricdə özlərinə biznes qurmaqda gördülər. 

Bu şəxslərdən biri də vaxtilə Miqrantlara Hüquqi Yardım təşkilatının rəhbəri vəzifəsini tutmuş Əlövsət Əliyevdir. Hazırda Almaniyada yaşayan Əlövsət Əliyevin həmin ölkədə biznes fəaliyyəti ilə məşğul olduğu barədə məlumatlar dolaşmaqdadır. 

Əlövsət Əliyevin Açıq Cəmiyyət İnstitutundan külli miqdarda maliyyə vəsaiti aldığı məlum faktlardandır. Açıq Cəmiyyət İnstitutu Corc Sorosun fondlarından biridir.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova da vaxtilə Qərbdən gələn donorların hesabına fəaliyyət göstərirdi. Lakin dəyirmanın suyu quruduqdan sonra o da digər QHT rəhbərləri kimi xaricə üz tutdu.

Aldığımız məlumatlara görə Mətanət Əzizova hazırda Çexiyada yaşayır. Çexiyada biznes fəaliyyəti ilə məşğul olan Mətanət Əzizova bir neçə ay bundan əvvəl parlament seçkilərinə qatılmaq qərarına da gəlmişdi. Hətta o, deputat olmaq arzusunu reallaşdırmaq üçün "125-lər Siyasi Klubu"na üzv də olmuşdu. 

Praqada sahib olduğu restoranların şəklini paylaşan Mətanət Əzizovanın bu biznesi necə qurduğu isə sual doğurur.

"İqtisadi Tədqiqatlar Mərkəzi" nin rəhbəri Qubad İbadoğlu da bu qəbildəndir. Vaxtilə qrant mafiyasının "xaç atası" sayılan Qubad İbadoğlunun 2004-2014-cü illər ərzində Sorosun fondlarından bir neçə milyon dollar qrant aldığı məlum faktlardandır. O, Böyük Britaniyanın Oksfam humanitar təşkilatından təkcə 2011-12-ci illərdə 50 min avro vəsait alıb. Hazırda ABŞ-da yaşayan Qubad İbadoğlunun ABŞ senatorlarının yanına sığındığı iddia olunur.

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları artıq xaricdən külli miqdarda donorlar qəbul edə bilmirlər. Nazirlər Kabinetinin qəbul etdiyi yeni qaydalara əsasən, qeyri-hökumət təşkilatları aldıqları donorların məbləği və həmin donorları vermiş şəxslər barədə Ədliyyə Nazirliyinə məlumat verməlidirlər. Yəni istənilən QHT xaricdən donor qəbul edərkən müəyyən qanuni prosedura əməl etməlidir. Bu qaydaların tətbiq olunması isə sadə dildə desək, QHT-lərin əl-qolunu bağladı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.