Cəmiyyət

Qəbiristanlığında taksi sürücüsünü öldürdülər, 30 il aldılar - FOTO

10 Noyabr 2015 22:33
8 Şərh     Baxış: 2 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son ay maddi sıxıntı keçirdiklərinə görə kimisə qarət eləməyi qərarlaşdırıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsində Ağcabədi rayon sakinləri Vaqif Məmmədovun (1990-cı il təv.) və Ruslan Sahibovun (1993-cü il təv.) CM-nin 120.2.1 (qəsdən adam öldürmə, bir qrup şəxs tərəfindən törədildikdə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu il martın 26-da təxminən gecə saat 01.30 radələrində Binəqədi qəsəbəsinin ərazisində təqsirləndirilən şəxslər şəhər sakini Tural Əliyevə (1975-ci il təv.) çoxsaylı bıçaq xəsarətləri yetirərək, hadisə yerindən uzaqlaşıblar.

Sonuncunun meyitini yerli sakinlər idarə etdiyi "Mercedes" markalı avtomobilin yanında aşkar ediblər, daxil olan məlumat əsasında hadisə yeri Binəqədi RPİ və rayon prokurorluğunun əməkdaşları tərəfindən müayinə olunub. Avtomaşının salonunda, həmçinin ətrafda, asfalt üzərində qan ləkələri aşkar edilib.

Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanıb, təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, mərhumun ölümünə boyun və döş qəfəsi nahiyələrində aşkar edilən kəsilmiş-deşilmiş yaralar fonunda inkişaf edən kəskin qanitirmə səbəb olub. Həmin gün mərhumun şəxsiyyəti aydınlaşdırılıb, onun fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olması məlum olub.

Hadisədən 1 gün sonra şübhəli şəxslər Binəqədi RPİ və 4-cü polis bölməsinin əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində tutularaq, istintaqa təqdim olunublar.

İstintaqla müəyyən olunub ki, hadisə günü Vaqif Məmmədov və Ruslan Sahibov "Qara Qarayev" metrostansiyasının yanında fəaliyyət göstərən kafedə yeyib-içəndən sonra, özgənin əmlakını ələ keçirmək qərarına gəliblər.

Sərxoş halda olan dostlar yol kənarında dayanan taksi sürücüsü Tural Əliyevə yaxınlaşaraq, onları 10 manat müqabilində Binəqədi qəsəbəsinə aparmalarını xahiş ediblər. Əvvəlcədən razılaşdıqları kimi qəbiristanlığa çatanda arxada əyləşən Vaqif sürücüyə zərbələr vurmalı idi. Həmin yerə çatdıqda onlar sürücüdən maşını saxlamasını xahiş ediblər və gödəkçəsindən bıçaq çıxaran Məmmədov Tural Əliyevin boyun və sinəsindən zərbələr endirib.

Mərhumun ciblərini, həmçinin avtomobilin salonunu axtaran şəxslər 58 manat pul taparaq, yola çıxıblar və başqa taksi saxlayıb, həmin ərazidən uzaqlaşıb Bakı Metropoliteninin "Neftçilər" stansiyası yaxınlığında kirayə qaldıqları mənzilə gəliblər.

Məhkəmə prosesində Vaqif Məmmədov ittiham üzrə özünü qismən təqsirli hesab edərək, bildirib ki, Ruslanla Ağcabədi rayonunda böyüyüblər, təxminən 3-4 ay əvvəl işləmək məqsədi ilə Bakıya gəliblər və tikintidə fəhlə işləyiblər. Son ay maddi sıxıntı keçirdiklərinə görə, kimisə qarət eləməyi qərarlaşdırıblar. Həmin axşam kafedə araq içərkən o, Ruslana burdan çıxandan sonra taksi sürücüsünü soymağı təklif edib, sonuncu əvvəl razılaşmayıb, amma bir-iki qədəhdən sonra razılaşıb.

Məmmədov söz verib ki, hər şeyi özü edəcək, o isə sadəcə yanında olsun.
Kafedən çıxıb, yol kənarındakı taksilərdən birinə yaxınlaşıb, Binəqədi qəsəbəsinə aparmasını xahiş ediblər.

Qiymətdə razılaşdıqdan sonra Vaqif arxa, Ruslan isə qabaq oturacaqda əyləşib. Sözügedən yerə çatanda, Sahibov "sağol" deyib, düşməyə hazırlaşıb, sürücü gediş haqqını istədikdə, Vaqif ardıcıl zərbələr vurub. Hadisə 1-2 dəqiqə ərzində baş verib, həmin müddətdə Ruslan kənarda dayanıb və cinayətin törədilməsində iştirak etməyib. Daha sonra o, Ruslanın üstünə acıqlanaraq, heç olmasa gəlib salonu axtarmasını deyib, özü sürücünün cibindən 50 manata yaxın pul tapıb. Mobil telefonu götürməyib, düşünüb ki, onu götürsə, polislər onları tez tapacaqlar.

Təqsirləndirilən Ruslan Sahibov ifadəsində göstərib ki, cinayəti törətməyə gedərkən alkoqol sərxoşluğu təsiri altında olub. Buna baxmayaraq, o qorxusundan sürücünü təhqir etməyib və vurmayıb, hətta Vaqif ona zərbələr endirərkən o maşından xeyli aralı dayanıb ki, səsləri eşitməsin.

Sahibov əməlindən peşman olduğunu bildirib və məhkəmədən onun cavanlığını nəzərə almasını xahiş edib.

Məhkəmənin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə V.Məmmədov 16 il, R.Sahibov 14 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.