Cəmiyyət

Azərbaycanda təhlükəsizlik sistemi quran rumın istintaqdadır

29 Oktyabr 2015 23:41
0 Şərh     Baxış: 2 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rumıniyanın ən güclü biznesmenlərindən biri, Azərbaycanda fəaliyyət göstərən "UTİ Group" şirkətinin sahibi Tiberiu Urdareanu bu gün - oktyabrın 29-da Milli Antikorrupsiya İdarəsində (DNA)  dindirilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, prokurorluq Tiberiu Urdareanunun şübhəli şəxs qismində istintaqa cəlb olunması barədə order çıxarıb və ölkəsində güclü siyasi əlaqələrə malik olan biznesmen ədliyyə polislərinin müşayiəti ilə DNA-nın mərkəzi qərargahına aparılıb.

Biznesmenə qarşı hansı ittihamın irəli sürüldüyü hələlik məlum deyil. Jurnalistlər DNA-nın mərkəzi qərargahının qarşısına toplaşaraq T.Urdereanunun binanı tərk etməsini və açıqlama verməsini gözləyirdilər.

"UTİ Group" şirkəti Rumıniyanın informasiya texnologiyaları (İT) və kommunikasiyalar, qiymətli kağızlar sektorunda əsas oyunçulardan biridir. Bu şirkət Tiberiu Urdereanunun güclü siyasi əlaqələri sayəsində uzun illər ərzində müxtəlif dövlət orqanlarının və şirkətlərinin keçirdikləri tenderlərin qalibi olub.

"UTİ Group" Rumıniyanın səhiyyə sistemində elektron qeydiyyat sistemini, Dövlət Satınalmalar Agentliyinin, nəqliyyatda ödəmə kartlarının proqram bazasını, Buxarest metrosunun yeni xətlərinin elektron sistemlərini işləyib hazırlayıb, İT və kommunikasiyalar sahəsində elan edilmiş digər tenderləri qazanıb.

Tiberiu Urdereanu Rumıniyanın İnkişafı Naminə Milli İttifaq (UNPR) partiyasının üzvüdür. Bu partiyanın lideri Qabriel Oprya baş nazirin müavini postunu tutur.

"UTİ Group" şirkətinin illik dövriyyəsi 130 milyon dollardır, şirkətlər qrupunun 2 mindən çox işçisi var. Tiberiu Urdereanu 2014-cü ildə Rumıniyanın ən varlı 300 adamı siyahısında 46-cı yeri tutub. Hərçənd ki, onun malik olduğu sərvət Azərbaycan oliqarxlarının malik olduqları sərvətlə müqayisədə tamamilə qəpik-quruşdur - cəmi 98-100 milyon dollardır.

Tiberiu Urdereanu 2011-ci ildə, keçmiş baş prokuror Eldar Həsənovun Rumıniyada səfir işlədiyi dövrdə Azərbaycanda da biznes qurub. O, həmin il Rumıniya prezidenti Tıroyan Baseskunu  Bakıya səfərdə müşayiət edən iş adamlarından biri idi və Bakıda keçirilən Rumıniya-Azərbaycan biznes forumunda iştirak edib.

Xatırladaq ki, Eldar Həsənov Rumıniyanın o vaxtkı baş naziri, 2012-ci ildə "məxməri inqilab" nəticəsində istefa verən Emil Bokla və rumın elitasının digər nümayəndələri ilə sıx əlaqələrə malik olub. Emil Bokun istefasından sonra Eldar Həsənov Rumıniyadakı səfir postundan istefa verib. 

2011-ci ilin noyabr ayında Azərbaycanın Vergilər Nazirliyi 500 avro nizamnamə kapitalı ilə "UTİ Group Azerbaijan" şirkətini qeydiyyatdan keçirib. Şirkətin təsisçisi qismində Rumıniyanın "UTİ Group S.A" şirkəti çıxış edib. "UTİ Group Azerbaijan" şirkətinin direktoru Milli Məclis deputatlarından birinin köməkçsi Şahin Nəbiyev olub. Daha sonra Şahin Nəbiyev Rumıniya-Azərbaycan Ticarət Palatasının sədri vəzifəsinə keçib.

"UTİ Group Azerbaijan" şirkəti Azərbaycanda kiber təhlükəsizlik sisteminin qurulması layihəsinə dair keçirilən tenderi qazanıb. Şirkətin İT sahəsində başqa hansı tenderlərə qatıldığı məlum deyil.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.