Cəmiyyət

Azərbaycanın münaqişəli ailələri, ordersiz qurbanlar

13 Oktyabr 2015 18:37
Baxış: 1 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda məişət zorakılığının törədilməsinə meyilli olan ailələr vaxtında aşkarlanarsa, onlarla qabaqcadan profilaktik işlər aparmaq və ağır nəticələrlə üzləşməmək olar.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

Bu gün bütün dünyada məişət zorakılığının aktual məsələ olduğunu deyən komitə rəsmisinin sözlərinə görə, məişət zorakılığı baş verdikdən sonra onun nəticələri əsasında tədbir görməkdənsə, bu zorakılıq baş verməmişdən əvvəl ona qarşı profilaktik işlərin aparılması daha vacibdir: "Rayon icra hakimiyyətlərində münaqişəli ailələrin siyahısı olur. Onlar həmin ailələri aşkarlayıb tapmalıdırlar. Bu məsələ birbaşa rayon, şəhər icra hakimiyyətləri və hüquq-mühafizə orqanları ilə bağlıdır. Amma nəzərə alınmalıdır ki, bu məsələdə hər bir kəs məsuliyyət daşıyır, hər kəsin üzərinə hansısa vəzifə düşür. Bələdiyyələr də, icra nümayəndələri də bununla bağlı müəyyən işlər həyata keçirməlidirlər. Çünki biz cəmiyyətin üzvüyüksə, bilməliyik ki, hansısa ailənin problemi sonradan cəmiyyətin problemi olur".

A.Sofiyeva 2010-cu ildə qəbul edilən "Məişət zorakılığı haqqında" qanunun icrasında müəyyən problemlərin olmasına təəssüflənib.

Onun sözlərinə görə, bu problemlərdən biri zorakılıq qurbanlarına mühafizə orderlərinin verilməsi ilə bağlıdır.

Komitə sədrinin müavini əlavə edib ki, qısamüddətli (1 ayadək) orderlər icra hakimiyyəti, uzunmüddətli orderlər isə məhkəmələr tərəfindən zorakılığa məruz qalan ailələrə verilir: "Təəssüflər olsun ki, qanunun 5 il əvvəl qəbul olunmasına baxmayaraq, indiyədək orderlər çox az sayda insana - təxminən 10 nəfərə verilib".

İndiyədək bu orderlərin yalnız qadınlara verildiyini deyən A.Sofiyevanın sözlərinə görə, mühafizə orderi olduqda həmin ailələrlə həmişə profilaktik iş aparılır. Order verilən münaqişəli ailələr rayon icra hakimiyyətləri və ərazi polis orqanları tərəfindən qeydiyyata götürülür. Mühafizə orderi verildikdə zorakılıq törədən şəxsin zərərçəkənə, yəni məişət zorakılığı qurbanına yaxınlaşmasına icazə verilmir. Əgər zorakılıq törədən şəxs bu qərarı pozarsa, onda cinayət məsuliyyətinə cəlb edilir.

Komitə rəsmisi qeyd edib ki, "Məişət zorakılığı haqqında" qanunun icrası ilə bağlı digər problem zorakılıq qurbanları üçün sığınacaq mərkəzlərinin sayının kifayət qədər olmaması ilə bağlıdır. Qanunda hər bir rayonda sığınacaqların yaradılması nəzərdə tutulsa da, bu gün sığınacaqların sayı çox azdır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə işlər görülür.

A.Sofiyeva əlavə edib ki, bu gün statistik rəqəmlər məişət zorakılığı hallarının azaldığını deməyə əsas versə də, statistikaya daxil edilməyən halların olduğu da qeyd edilməlidir. Belə halların olması isə Azərbaycan mentalitetindən irəli gəlir.

O, qeyd edib ki, qadın həbsxanalarında cəza çəkən qadınların çoxu məhz məişət zəminində cinayət törədiblər: "Bu da o deməkdir ki, vaxtında lazımi işlər görülməyib. Biz cinayəti törədənə heç vaxt haqq qazandıra bilmərik. Amma bəzi qadınlarla söhbət edəndə görürük ki, ailədə vəziyyət o həddə çatdırılıb ki, həmin halda psixoloji sarsıntı keçirərək bu hadisəsini törədib".

Milli Məclisin deputatı Rövşən Rzayev isə Trend-ə bildirib ki, ölkədə münaqişəli ailələrin aşkarlanması üçün həm yerli icra hakimiyyəti orqanlarında, həm də digər qurumlarda daha ciddi tədbirlər həyata keçirilməlidir.

Onun sözlərinə görə, Azərbaycanda məişət zorakılığı ilə mübarizəyə çox ciddi yanaşma var: "Məişət zorakılığı haqqında çox ciddi qanun qəbul olunub. Amma təəssüflər olsun ki, bəzi hallarda neqativ hallar olur. Amma fikrimcə, daha ciddi işlər görülməli, bunun üçün intensiv maarifləndirmə işləri aparılmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.