Cəmiyyət

Azadlıq - təyinat üzrə yaşamaqdır

10 Oktyabr 2015 20:40
0 Şərh     Baxış: 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azadlıq böyük nemətdir, amma qəribədir ki, hər kəs bu məfhumu, bu anlayışı bir cür qəbul edir, fərqli şəkillərdə başa düşür. 

Şərqin və Qərbin azadlıq məfhumuna baxışı bir-birinə tamamilə ziddir. Qərbin azadlıq düşüncələri daha çox dünyəviliyə əsaslanır, əslinə qalanda elə dünyəviliklə başlayıb dünyəviliklə də tamamlanır. Qərb fəlsəfəsi azadlıq mövzusunu insana verilən daha geniş imkanlar toplusu kimi qavrayır və izah edir. Əgər fikrimizi dəqiqləşdirsək, daha doğrusu, Qərbin bu anlayışına İslam prizmasından baxaraq ad qoymalı olsaq, belə demək olar: Qərb azadlığı insan nəfsinin istəkləri ilə ölçür və nəfsin istəkləri nə qədər çox təmin olunursa, bu hal azadlıq ölçüsü kimi təqdim edilir. Elə bunun nəticəsidir ki, bu gün Qərbdə övlad "uf" demədən valideynlərini, qardaş-bacılarını məhkəməyə verib onların bütün sərvətini əlindən ala bilir, eyni cinslilər nikaha girə bilirlər, qocaların çoxu həyatını pansionatlarda başa vururlar. Bu mövzuda Qərbin azadlıq anlayışının törətdiyi fəsadlardan kifayət qədər danışmaq olar.

İslam şərqinin azadlıq anlayışı isə Qurana və Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s.) sünnəsinə əsaslanır. İslam məntiqinə görə, azadlıq Allah-Təalanın insana verdiyi təyinat üzrə yaşamaqdır. Quranda açıq-aşkar buyurulur ki, heç bir insan başlı-başına buraxılmayıb. Buyurulur ki, insan Yer üzündə Allah-Təalanın xəlifəsi, ətrafındakı nəbatat və heyvanat isə onun xidmətçiləridir. Belə çıxır ki, ağac da, bulud da, ot da, at da, toyuq da, inək də, külək də... hər şey bizim xidmətçimizdir. İnsan isə öz həyatını doğru-düzgün, təyinatı üzrə yaşayaraq həm öz borcunu, həm də öz xidmətçilərinin haqqını ödəmiş olur. Qərb fəlsəfəsində azadlıq doğumla ölüm arasında tamamlandığı halda, İslamda bu məfhum ölümlə tamamlanmır və sonsuzluğa qədər uzanır. Yəni insanın azadlığı ölümlə qırılmır. Əsl azadlıq ölümdən sonra yaşanır.

Quranın bir çox surələrində qəbr əzabından, cəhənnəm əzabından qurtuluş yollarından bəhs edilir. Bu mənada ən böyük azadlıq elə əzabdan, cəzadan qurtuluşdur. Bu nicat isə heç şübhəsiz, bir qədər yuxarıda dediyimiz kimi, həyatını İlahi təyinat üzrə doğru-düzgün yaşamaqla mümkündür. Yəni azadlıq günəş doğmadan yatağından durub ibadət etməkdir; qonum-qonşularına diqqət yetirmək, ehtiyac sahibinə yardım göstərməkdir; fədakarlıqdır; xeyirxahlıqdır; özünə rəva bilmədiyini başqalarına da rəva görməməkdir; təvazökarlıqdır; "mənim" deyil, "bizim" deməyi bacarmaqdır; özünü sahib kimi deyil, əmanət gəzdirən olaraq tanımaqdır...

Qərbin azadlığı insanın orqanlarında bitib-tükənir, İslamın bəhs etdiyi azadlıq isə insan ruhundan başlayaraq sonsuzluğa qədər uzanan bir yoldur.

Uca Kitabımız Qurani-Kərimdə tez-tez xatırladığımız və söhbətlərimizdə dilə gətirdiyimiz bir ayədə Allah-Təala buyurur ki, siz özünüz üçün xeyirli bildiyiniz çox şeylərdə sizin üçün böyük zərərlər, zərərli bildiyiniz çox şeylərdə də böyük xeyirlər var.

Bəli, bu İlahi mesaj əslində bizim təsəvvürümüzdə formalaşdırdığımız çox şeyin nə qədər etibarsız və əsassız olduğunu açıq-aydın ortaya qoyur. Bizi yaradan bizi bizdən daha yaxşı tanıyır. Ona görə də bizə lazım olan həyat şəraitini Özü təsbit edir. İslam məntiqinə görə, azadlıq fiziki anlayışdan daha çox mənəvi məsələdir, azadlıq Allaha təslimiyyətlədir. İnsan uca Yaradana nə qədər səmimi, ixlas ruhu ilə təslim ola bilirsə, o qədər azaddır. Allaha təslim ola bilməyən qula qul olur, başqalarının köləsinə çevrilir. Məsələyə bu prizmadan yanaşdıqda məlum olur ki, həyatını məhbəsdə keçirən bir insan saraylarda yaşayan sultanlardan daha azad, daha bəxtiyar ola bilər. Azadlığın əlifbası azadlığın mahiyyətini anlamaqladır.  
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.