Cəmiyyət

Cəhənnəmin əbədi sakinləri kimlərdir?

10 Oktyabr 2015 20:45
6 Şərh     Baxış: 2 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üsuli-dinin bir bəndi də məada, yəni ölümdən sonrakı həyata, Cənnətə və Cəhənnəmə inamdır. İman gətirən hər kəsin son məskəninin Cənnət olması istəyi təbiidir. Amma Cəhənnəm də var və bu müdhiş məkanın da öz sakinləri olacaq. Kimlər? Ora hansı günahlar sürükləyir? Oradan geriyə yol varmı? Yoxsa Cəhənnəmə düşən əbədi olaraq odlara qərq olacaq? 
Milli.Az islam.az-a istinajən ilahiyyat üzrə fəlsəfə doktoru, BDU-nun ilahiyyət fakültəsinin müəllimi Aqil Şirinovla müsahibəni təqdim edir.

- Dini mənbələrdən belə məlum olur ki, hansı günah işləməsindən asılı olmayaraq Allahdan heç kim ümidini üzməməlidir. Yəni bu sırf Allaha aid məsələdir. Lakin Rəbbimiz Quranda buyurur ki, Özünə şərik qoşmaqdan başqa digər günahları bağışlaya bilər. İslama görə əbədi cəzaya məhz bu günah səbəb olur. Bundan savayı günahları Allah istədiyi təqdirdə bağışlayacaq, yəni burda da Tanrının rəhmət sifətinin bir təcəllisi meydana gəlir.

- Məlumdur ki, bəzi məsələlərdə İslam ardıcılları arasında vahid fikir formalaşmayıb. Bəs nəzər saldığımı məsələdə necə?

- Nəzər saldığımız məsələ tarixin müxtəlif dönəmlərində alimlər arasında mübahisə obyektinə çevrilibdir. Məsələn, cəhmiyyə məzhəbinin ardıclıları (artıq bu məzhəb tarixə qovuşub) iddia ediblər ki, Cəhənnəm əbədi olmayacaq. Eyni nəzəri İbn Ərəbiyə istinad edən digər görüşün davamçıları da bölüşüb. Bəzi mənbələrdə Feyz Kaşaniyə də bu baxımdan istinad olunur. Yəni bunlar belə fikirdə olublar ki, Cəhənnəm bir müddət mövcud olduqdan sonra yox olacaq. Lakin qeyd edim ki, bu İslamda əsas nəzər sayılmır.

- Deməli, Allah yalnız şirki bağışlamayacaq?

- Rəbbimiz həmçinin qul haqqını, yəni digər bəndələrin haqqının tapdanmasını da bağışlamayacağını, bunun yalnız haqqı tapdanan bəndələrin əfvinə bağlı olduğunu buyurub. Yəni insan nə qədər tövbə etsə də, haqqını tapdadığı insandan halallıq almalıdır və yalnız bundan sonra tövbəsi qəbul oluna bilər.

- "Furqan" surəsinin 68 və 69-cu ayəsində Allah belə buyurur: "Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar". Burdan belə nəticə çıxır ki, məsələn, 1 dəfə zina edən və buna görə tövbə etməyən əbədi olaraq Cəhənnəmdə yanacaq?

- Yox, belə qənaətə gəlmək səhvdir. Fikir verin, o sıralamada birinci yenə də şərik qoşmaqdan gedir söhbət. Digər tərəfdən isə vədə bu sadalananları mütəmadi təkrarlayan, etdiklərinə görə də heç bir peşmançılıq hissi keçirməyən insanlara şamildir. Amma nəzərə almalıyıq ki, ayə başqa ayə ilə təfsir olunur. Quranın digər ayəsində isə Allah buyurur ki, Ona şərik qoşmaqdan savayı istədiyi günahı bağışlaya bilər. Bu isə o deməkdir ki, yalnız Allaha şərik qoşmaq istisnasız əbədi əzaba səbəb olur.

- Deməli anlaşılan budur ki, qeyd edilən ayədə sirkin ardınca sadalanan günahlardan bəndə tövbə etməsə, o zaman əbədi Cəhənnəmdə qalacaq?

- Bu da mübahisəli məqamdır. Bəzi məzhəblər siz qeyd etdiyiniz mövqeyi bölüşürlər. Yəni böyük günahlardan tövbə edilməyəcəyi təqdirdə insan əbədi olaraq Cəhənnəmdə qalacaq. Amma bir başqaları bunu qəbul etmirlər. Məsələn, şəfaət prinsipinin işə yarayacağını, Peyğəmbərin (s) və digər böyük şəxslərin şəfaəti nəticəsində böyük günah işləyənlərin bəzilərinin Allahın bağışlanmasına nail olacağını iddia edirlər.

- Deməli, yekunlaşdıraraq deyə bilərik ki, İslamda toxunduğumuz məsələyə dair hakim mövqe budur: Cəhənnəmdə əbədi olaraq ancaq müşriklər qalacaq. Digər günah sahiblərinin isə bağışlanma şansları var.

- Bəli, tamamilə doğrudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.