Cəmiyyət

Azərbaycanın tənha anaları: tək qalmış zavallılar

9 Oktyabr 2015 11:27
6 Şərh     Baxış: 7 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heç kim üçün sirr deyil ki, Qafqaz mentaliteti tək anaları, yəni nikahı olmadan uşaq dünyaya gətirən qadınları birmənalı qarşılamır.
Tək və ya tənha ana, övladını təkbaşına böyüdən qadın cəmiyyətin yazılmamış qanunları adlanan davranış, ifadə və qavram modellərinə uyğun olaraq ən yaxşı halda qınaq obyektidir.
Az qala sümükləşmiş təsəvvürlərə görə, qadın anadırsa, tək olmamalıdır. Təkdirsə, ərdə deyilsə, ana ola bilməz. Olubsa, deməli, əxlaqında və ya mənəviyyatında qüsurlar var.

Tək anaların yaşamı məhz buna görə çətindir.
... Milli.Az BBC-yə istinadən bildirir ki, yazar Günel Mövludla söhbətində tək ana, nikahdankənar uşaq dünyaya gətirmiş, istəyinə uyğun olaraq, şərti Gülər Məhərrəmova adını verdiyimiz qadın öz təcrübəsini bölüşür:

"İki illik münasibətdən sonra hamilə olduğumu öyrəndim. Uşağın atası imtina elədi. Sözün doğrusu, mən də qorxdum və abort etməyə qərar verdim. Müayinə zamanı USM aparatının ekranında uşağı gördüm, onun ürək döyüntülərini eşitdim və anladım ki, abort edə bilməyəcəm.

"Uşağın atası məsuliyyəti üzərindən atdı, dostlar-tanışlar üz döndərdilər. Həm maddi çətinliklərlə qarşılaşmışdım, həm də daima qorxu və həyəcan içərisində idim. Ailəm xəbəri çox pis qarşıladı. Hamiləliyimin yeddinci ayında anama danışdım. Özüm Bakıda yaşayırdım, ailəm bölgədə idi. Anam məni görəndə ağladı. Camaata nə deyəcəyimizi soruşdu. Daha sonra dedi ki, vaxtında desəydim, abort elətdirərdik. Bilirdim, onlar bilsələr, aborta məcbur edəcəklər. Buna görə anama heç nə danışmamışdım.

Hərdən həyat elə gətirir ki, uğurlu, işləyən, uşağını maddi cəhətdən təmin eləyə bilən qadınlar ailə qurmurlar. Ana olmağı çox arzulasalar da, nikahdankənar uşaq dünyaya gətirməkdən çəkinirlər. Onlara ana olmağa, analıq hissini yaşamağa mane olan nədir?

Bu suallara kinoşünas Aygün Aslanova cavab verir. Onun 36 yaşı var. Ailə qurmayıb, amma usağına baxmaq, təmin etmək imkanına malikdir. Bunu etməyə mane olan səbəbləri bizimlə bölüşür:

"Ana olmaq istəyərdim. Amma uşaq xatirinə ailə qurmaq istəmirəm. Yaşadığımız cəmiyyətdə tək ananın uşağı dünyaya gətirməsi ciddi problemdir. Hamiləliyin bilinən məqamdan etibarən qohumların, qonşuların diqqət mərkəzində olacaqsan. Deyiləsi mümkün olan və olmayan çoxlu suallar ortaya çıxacaq. Dəstəkdən çox ittiham eşidəcəksən. Bunlara tab gətirmək çox çətindir. Hələ ki, özümdə bu cəsarəti tapmamışam. Öz ailəmi - anamı və bacılarımı düşünürəm. Xüsusilə, anamı. Doğrudur, anam mənə, bacılarıma anlayışla yanaşır. Lakin düşünürəm ki, qızının nikahdankənar uşaq dünyaya gətirməsini o qəbul etməz".

Bəs qanunda tək analar haqqında nə deyilir? Nikahdankənar uşaq dünyaya gətirən analar hansı hüquqlara malikdirlər?

Bioloji atanın qanun qarşısında hansısa öhdəliyi varmı? Suallarımızı yeniyetmə hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış vəkil Ruslan Vəliyev cavablandırır:

"Azərbaycan qanunvericiliyi yalnız nikahda olan qadınların hüquq müdafiəsini nəzərdə tutduğundan, ümumi hüquqlardan başqa, nikahdankənar uşaq dünyaya gətirən qadınların hansısa əlavə hüquqları yoxdur", - o deyir.

"Bioloji atanın uşaq qarşısında öhdəliyi atalıq faktının məhkəmə yolu ilə sübutundan sonra qoyula bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci bəndinə əsasən, məhkəmə atalığı təsdiq edən bütün mövcud subutları nəzərə alır. Atalıq faktı ananın məhkəməyə müraciətinə əsasən qanun çərcivəsində araşdırılır və məhkəmə qərarı ilə təstiq olunur. Əgər məhkəmə araşdırması zamanı ata öz atalığını təsdiq etmək istəmirsə, məhkəmə ekspertiza haqqında qərar qəbul edir. İş əsasında bioloji və ya genetik ekspertiza aparıla bilər.
Məhkəmə qərarı ilə atalıq sübut olunduqdan sonra yeniyetməlik dövrünə kimi uşağın maddi təminatı, uşağın müalicəsində iştirak, uşağın tərbiyəsi, uşağın məcburi ibtidai təhsilinin təmin olunması, usağın maraqlarının və hüquqlarının müdafiə olunması və bu kimi digər öhdəliklər ata üzərinə qoyulur.

Atanın ölümündən sonra nikahdankənar uşaq varislik hüququna malik olur".

Beləliklə, Azərbaycanda tək analar və onların övladlarının huquqları qanunla qorunur.
Qanun qanundur, bəs bu analar və onların uşaqları öz evlərində və cəmiyyət arasında rahat yaşaya bilirlərmi? Onlara qarşı münasibət necədir?

Gülər Məhərrəmova deyir ki, insanlar eşidəndə "pis mənada təəcüblənirlər".
"Bəzi kişilər hətta mənfəət güdərək nalayiq təkliflər edirlər. Bəzi insanlar ailə qurmamış qadını natamam hesab edirlər. Tanışların, dostların xanımları mənim varlığımdan narahatlıq duyurlar. Bəziləri hətta bu narahatlığı gizlətmirlər. Hərdən elə olur ki, zəng eləyib təhqir edirlər, qorxudurlar", - o deyir.

Qadın deyir ki, oğlu dünyaya gəldikdən sonra bir müddət yaşayış yeri, dolanışıq və uşaq bezləri ilə bağlı çətinliklər keçirib.

"İlk müddət oğlumla qadın hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatın sığınacağında yaşadıq. Orada da qadın hüquqlarının pozulduğunu gördüm.
Oğlumun bir yaşı olanda valideynlərimlə barışdım. İndi ailəmlə əyalətdə yaşayıram. Çətinliklərim var. Oğlum indi balacadir, böyüyəndə atası haqqında suallar verəcək. Çalışaram, ona necə doğulduğunu izah edim. Buradakı insanlar məni boşanmış kimi tanıyırlar. Həqiqəti bilsələr, məni qınayarlar".

Gülərin dediyinə görə, tək anaların əsas problemi maddi çətinlikdir:
"Bir çox qadınlardan, əsasən boşanmış qadınlardan ailə qurmaq istəmədiklərini, lakin uşaq istədiklərini eşitmişəm. Amma əksəriyyəti bu qərarı verə bilmir. Ailə qurmadan uşaq sahibi olmaq istəyən qadınlara məsləhət görərdim ki, ilk öncə maddi azadlıq əldə etsinlər, özlərini təmin eləyə bilsinlər, gerisi asan olacaq".
... Tək analar tək qalmamalıdır. 
Ana olduqları üçün.

Orxan Hun
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.