Cəmiyyət

“Görəsən Allah qocalmayıb?”

8 Oktyabr 2015 23:15
58 Şərh     Baxış: 3 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il Dini Araşdırmalar Mərkəzi ölkədə dini durumla bağlı geniş bir sorğu keçirdi. Respondentlərə ünvanlanan suallardan biri də "Dini bilikləri haradan əldə edirsiniz" sualı idi. Sorğunun nəticələri son dərəcə maraqlı oldu. Qeyd olunan suala cavab verən respondentlərin böyük hissəsi (dəqiq göstəriciləri xatırlamıram, amma yarıdan çoxu) isə dini bilikləri yas məclislərindən aldıqlarını bildirdilər.

Təəssüflə qeyd etmək lazımdır ki, bu gün bəzi, həqiqətən savadlı hesab olunacaq din xadimləri yas məclislərində yuxarı başa keçməyi özlərinə rəva bilmirlər. Səbəbləri müxtəlifdir. Məsələn, kimsə düşünməsin ki, 5-10 manata görə o boyda alim "palatkaya" gedir. Yaxud da heç kim ona "bozbaş mollası" adı verməsin. Başqa səbəblər də ola bilər ki, bizə bəlli deyil. Amma fakt faktlığında qalır. Azərbaycan xalqının böyük əksəriyyətinin din haqqında məlumat topladığı məkanlar əsasən orta və ya daha aşağı savadlı insanlara tapşırılıb. Daha doğrusu isə, bunlar boş qalan yerlərə sahib çıxıblar. Günah kimdədir?

Burda bir neçə gün öncə baş vermiş hadisəni nəql etmək istərdim.

Deməli, yaşı 60-ı haqlayan bir kişi özündən 3-5 yaş böyük tanışına belə bir sualla müraciət edib: "Sən bilərsən, görəsən bu Allah qocalmayıb?" Bu yerdə yüz, min, milyon dəfə "əstəğfrullah!" deyə, qəzəblənə, hətta daha ötkəm hərəkətlərə yol verə bilərik. Bəs faydası? Sual ünvanlanan şəxs də ənənəvi "əstəğfrullah"ı söyləyib (biz də söyləyək), sonra da həmsöhbətini tənbeh edib: "Sən nə danışdığını bilirsən? Allah haqqında da belə demək olar? Sən heç bilirsən Allah..." və sair, və sair, və sair. Bütün bu iradları dinlədikdən sonra sual verən fikirlərini belə izah edib: "Axı niyə təəccüb edirsən? Bir özün ətrafa, dünyada baş verənlərə baxsana! 15, 20, 25 il əvvəl belə şeylər mümkün idi? Yox! Elə mən deyəndi. Allah qocalıb, artıq çatdıra bilmir hər şeyə nəzarət eləsin".

Əlbəttə, kimsə bunun bir istisna olduğunu, kimsə isə bu insanın ağıl sarıdan əlil olduğunu deyə bilər. Amma bir xatırlayın, nə qədər adam var ki, "Quran mənlik deyil" söyləyib günahlara davam edir, "məndən namaz qılan çıxmaz" bəhanəsi ilə şərabxorluğu davam edir! Və ya din, Allah haqqında bundan geri qalmayan xurafat, mövhumat və təhriflər danışır. Çünki onların ibtidai səviyyədə belə dini bilgisi yoxdur. Bəs haradan, daha doğrusu isə - kimdən alsınlar? Qınamaq, tənə vurmaq asandır. Qolu çırmayıb illərdən bəri yığılıb qalmış zir-zibili təmizləmək isə hünər istəyir. Hünərlilərimiz, yəni yüksək savadlı ilahiyyatçılarımız da, Allaha şükür, kifayət qədərdir. Ümid edək ki, çox yaxın gələcəkdə məmləkətimizin hər bir sakini ən azı Allah haqqında ibtidai təsəvvürə malik olacaq.

islam.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.