Cəmiyyət

Şər üçün savaşanlar: savadsızlar, cahillər

7 Oktyabr 2015 21:25
103 Şərh     Baxış: 3 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illər yüzlərlə Azərbaycan vətəndaşı Suriyada və digər islam ölkələrində qeyri-qanuni terror qruplaşmalarının tərkibində döyüşdüyü üçün məhkəmə qarşısına çıxarılıb. Bu insanların bir qismi peşmanlıq duysa da, çoxluq əqidəsi uğrunda, inancı uğrunda savaşmağın, yəni cihadın vacib olduğunu önə sürərək özünə haqq qazandırıb. Bəli, islamda cihad anlayışı mövcuddur. Cihadın dörd növünün olduğunu da eşitmişik. Bilirik ki, müsəlman qəlb ilə, dil ilə, əl ilə və ən sonda qılınc ilə cihad etməklə əqidəsi uğrunda mücadilə apara bilər. Bəs müxtəlif şirnikləndirici vədlərə inanıb terror təşkilatlarında döyüşənlər cihadın nə olduğunu tam anlamı ilə dərk edirlərmi?

Cihad haqqında müsəlmanların müqəddəs kitabında onlarla ayə var və cihadı anlamaq üçün Qurani-Kərimi oxumaq kifayətdir. Başqalarını bilmirəm, amma Azərbaycandan döyüşmək üçün qaçanların əksəriyyəti məhkəmələrdə savadsız olduğunu, aldadıldığını iddia edir. Deməli, bir zamanlar dünya mədəniyyətinə saysız incilər bəxş etmiş, ilk  ayəsindən oxumağı tövsiyə edən islam dini, daha doğrusu, bu dinin cərəyanlarından bir neçəsi cəhalətdən və savadsızlıqdan geninə-boluna istifadə edir. Savadsız, cahil və ehtiyac içərisində olan insanlar aldadılaraq ölümün, qanın, terrorun tüğyan etdiyi torpaqlara aparılırlar.

Ən acınacaqlısı da budur ki, bu şarlatanlar əqidənin nə olduğunu bilmədən islam əqidəsini əllərində bayraq edirlər. İnsanlarımızı, xüsusilə elmdən, təhsildən, kitabdan uzaq düşmüş gəncərimizi bu yolla aldadırlar. 

Əqidə, əqidə uğrunda savaşmaq ciddi məsələdir. Bəs əqidə zərərlidirsə, bəşəriyyətə qarşı çevrilibsə, səndən qan tökməyi, baş kəsməyi, sənin əqidənin əleyhinə olanları öldürməyi tələb edirsə, necə olsun? Psixoloqlar düşünürlər ki, əqidə insanın dünyagörüşünə və prinsipinə əsaslanan təhrikedici istiqamətdir. 

Savadsız və cahil insanın dünyagörüşünə təsir etmək, onu şirnikləndirmək asan məsələdir. Kütləvi şəkildə aldadılanların prinsipləri olmadığı üçün onların əqidə uğrunda savaşa getməkləri də inandırıcı deyil. Əqidə savadla, elmlə formalaşa bilər. Hansısa savadsız gənci cihad adı altında təsirə salmaq çox asandır. Savadsız insanların içində, mənəviyyatında yaranan böyük boşluğu hiyləgər terrorçular ustalıqla zərərli ideyalarla doldurub, onların beynini zəhərləməyi bacarırlar.

Ömründə bir kitab üzü açmayan, həyatda yolunu müəyyənləşdirə bilməyən sadə, savadsız bir gənci "böyük əqidə adamına" çevirmək bu hiyləgərlər üçün olduqca asandır. 

Yazılarımızda dəfələrlə, dönə-dönə kitab oxumağın vacibliyindən söz açmaqda niyyətimiz oxuduqlarımızla öyünmək və ya oxuduğumuzu reklam etmək deyil. Kitab oxuyub-oxumamaq hər kəsin öz seçimidir. Kimisə kitab oxumağa, filmə baxmağa, teatra getməyə məcbur etmək mümkün deyil. Amma dünya ədəbiyyatından bixəbərləri, elmi kitab oxumayanları dini kitabların ümidinə buraxdıqda dini kitabın təsiri ilə onlar film əvəzinə İŞİD-in qətliam videolarına baxacaq, teatr əvəzinə hansısa terrorçunun öz ümmətindən olan birinin başını bədənindən ayırmasını seyr edəcək, ələm gəzdirəcək, sinə vuracaq, özünü zəncirlə döyəcək.

Bu gün Azərbaycan insanının başına gələn əksər bəlaların səbəbi kitabdan, mədəniyyətdən uzaq düşməyidir. 

Əsrlərdir qanlı savaşların səbəbi olan din tiryəkdən başqa bir şey deyil. Savadsızlıq və cəhalət isə dinin ən çox istifadə etdiyi zəif nöqtədir. Əsrlərdir islam aləminin bir hədisin arxasınca düşüb qələbə günü üçün savaşdığını bilirdinizmi?

Bu fikri islam peyğəmbəri deyib: "Qiyamətə qədər ümmətimdən qələbə çalan bir tayfa olacaq". 

Bəli, sadəcə bir tayfa... Və o tayfanın qələbə qazanması üçün başqa tayfaları qırıb, məhv edib, yer üzündən silib qələbə qazanması lazımdır. Və bu din sizə sonsuz savaşı vəd edir.

Deməyim odur ki, zərərli əqidə uğrunda  savaşmaqdansa sülh və əmin-amanlıq içərisində yaşayıb, bəşəriyyəti xoş gələcəyə səsləyən kitablar oxuyun. 

Axı kitab oxumaq mütərəqqi əqidədir...

Cəlil Cavanşir
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.