Cəmiyyət

Cibindəki Sən və ya general oğlunun bıçağı...

6 Oktyabr 2015 20:46
1 Şərh     Baxış: 1 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xeber365.com-a istinadən Aynur İmranovanın yazısını təqdim edir

"Tərbiyə xoşbəxt günlərdə insanın bəzəyi,
bəd  günlərdə isə sığınacağıdır"
Demokrit

 
Son günlər general oğlunun adam bıçaqlaması ilə bağlı gündəmi zəbt edən video həm sosial şəbəkələrdə, həm də ümumiyyətlə, geniş ictimaiyyət arasında xeyli müzakirə olundu. Haqlı-haqsız, əsaslı-əsassız bir çox fikir səsləndi. Təəssüf ki, biz hər şeyə birtərəfli yanaşırıq, öz prizmamızdan baxırıq, özümüzə sərf edən qədər ədalətli, özümüzə sərf edən qədər şəfqətliyik. Bu son zamanlarda cəmiyyətimizdə yaranan tendensiyalardan bəlkə də ən dəhşətlisidir. Empati qurmaq qabiliyyətimiz və istəyimiz sıfıra bərabərdir desəm, hər halda yanılmaram. Məlum videonu paylaşmayan, onunla bağlı fikir bildirməyən azsaylı şəxslərdən biri də mən oldum. Əslində daimi oxucularım da yazaraq bu məsələ ilə bağlı nə düşündüyümü soruşurdular, ona görə düşüncələrimi bir yazı halında təqdim etmək istədim. 
 
Hər bir insan özünün pula münasibətini köçürdür övladının xarakterinə. Pul insanın cibindəki özünün əksidir, qazanılması qədər xərclənməsi ilə də... Heç bir valideyn övladının pis olmasını istəməz. Amma bu nəzarət olunmayan bir şeydir, əgər sən övladının pula münasibətinin fərqli olmasını istəyirsənsə, "harınlamış" bir övlad sahibi olmaq istəmirsənsə, ilk növbədə pula, qazanca öz münasibətin dəyişməlidir. Çünki sən övladının gözünü yumub, onu kar-kor edə bilməzsən. Uşaq daim müşahidə edir, görür-götürür, beyni də ağ kağız olduğu üçün hər şeyi köçürür içinə, yanaşma formalaşır, xarakter formalaşır. Bəs neyləməli?
 
Belə bir el məsəli var, deyirlər, pul xam atdı, onu hər kişi minə bilməz...Yəni doğru minməsən, bir gün qaldırıb çırpar səni yerə... Bizim məmurlar o xam atı düzgün minə bilməikləri üçün də daim övladlarının qalmaqalları ilə gündəmə gəlirlər. Necə qazandıqlarını, halal-haram məsələsini qoyuram bir tərəfə. Bunlar klişe mövzulardır, hansı ki, hər gün müzakirə olunur. Baxmayaraq ki, mən enerjiyə çox inanıram və haram pulların bir gün Domoklun qılıncı kimi adamın başının üstünü kəsəcəyindən əminəm, yenə də bu barədə yazmayacam.
 
Bu gün sadəcə imkanlı insanların mütləq əksəriyyətinin övlad yetişdirə bilmədiyi məmləkətin problemlərindən yazmaq istəyirəm. "Papanın gül balaları"nın öz problemlərindən və yaratdıqları problemlərdən...
 
Təbii ki, hər bir uşağa azadlıq vermək lazımdır. Amma hansı azadlığı? Axı, azadlığın nə olduğunu öyrətmədən verilən azadlıqların hamısı özbaşnalıqlara gətirib çıxarır. Azadlığın əsas tərifi hər kəsin ürəyi istədiyini etməsi demək deyil axı, ürəyi istəmədiyi işləri görməməsinə imkanı olmasıdır. Nəyəsə məcbur edilməkdən azad olmasıdır. Hələ nəzərə alsaq ki, bu uşaqlara verilən sadəcə pulla gələn azadlıqdır, bu lap fəlakət olur. Düşüncə azadlığı, fikir, bilik azadlığı olmadan pul azadlığı və arxayınlıq. Nəticədə də bir fağırın ofisiant balası günün günorta çağı qanına qəltan edilir.
 
Amma o bıçaq tək o oğlanımı kəsdi?! Əsla!
 
Məni o xəbərdə dəhşətə gətirən məqamlardan biri də atasının öz əli ilə onu polisə təhvil verməsi idi. Lütfən empati qurun. Bir ata üçün ən böyük faciədir bu. Yaramaz oğulu polisə təhvil vermək. Heç kimə bunu yaşamağı arzu etməzdim. Heç bir valideynə. Bu 20 il, 25 il əziyyətini çəkdiyin əməyin əlində puç olması deməkdir. Mən o generalı müdafiə eləmək fikrindən uzağam və əsla oxucular elə düşünməsin ki, bu yanaşma kiməsə yazığınız gəlsin deyə ortaya qoyulur. Xeyr! Məqsədim "evinizdə özünüzə düşmən böyütməyin" mesajını verməkdir. Nə özünüzə, nə də bu yazıq xalqın balalarına. Bəlkə də özünüzdən əskik kişilərin qabağında bir sözü deyib, iki sözünüzü udaraq qazandığınız mövqeyinizin xətrinə insan yetişdirməyə çalışın. Halal, ya da haram, əvəzində nəyisə xərcləyib qazandığınız pulu (bu əmək də ola bilər, şərəf də) həm özünüz düzgün xərcləməyi öyrənin, həm də evinizdə böyütdüyünüz övladlarınıza idarə etməyi öyrədin. Lütfən! Özünüzü də, onları da bədbəxt etməyin. Uşaq psixoloqlarına gedin, övladınıza təqdirinizi pulla göstərməyin, gəzməyə aparın, yaxşı təhsilinin, çalışmasının, örnək hərəkətlərinin müqabilində ara-sıra hədiyyə alın. Amma pula, özü də asan əldə olunan pula öyrətməyin. Yoxsa bir gün övladınızın əlindəki bıçaq başqa birinin övladını kəsdiyi kimi sizin həyatınızın şah damarını da kəsə bilər...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.