Cəmiyyət

Gəlin paltarının kirayəsi: aldanmamaq üçün...

6 Oktyabr 2015 20:33
0 Şərh     Baxış: 2 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Günümüzdə gəlin paltarlarının kirayəsi ilə məşğul olan şəxslər öz sahibkarlıq fəaliyyətlərini əsasən sosial şəbəkələr vasitəsilə həyata keçirirlər. Onlar xidmətlərinin təbliğatı sahəsində peşəkarlaşaraq böyük oxucu kütləsinə sahibdirlər. Hətta belə desək, ölkəmizdə gəlin palatlarının kirayəsi ilə məşğul olan şirkətlərin sosial şəbəkələrdə izləyicilərinin sayı 100 mindən artıqdır. Bu qədər izləyici sayı artıq elə o qədər də fikir və mülahizə deməkdir ki, bunun da ifadə azadlığı və diffamasiya kimi anlayışlarla toqquşması ehtimalı yüksəkdir.

Gəlin paltarlarını kirayəyə götürənlər onlara göstərilən xidmətlərdən razı və ya narazı olarkən bu barədə rəylərini sosial şəbəkələrdə bölüşməyə üstünlük verirlər. Maraqlı da olsa, insanlar, əsasən, mənfi rəylərini sosial şəbəkələrdə bölüşməyə daha çox üstünlük verirlər, nəinki müsbət rəyləri. Dolayısilə bu cür mənfi rəylərin həqiqətə uyğun olub-olmaması, onların gəlinlik paltarlarının kirayəsi ilə məşğul olan şəxslərin işgüzar nüfuzunu ləkələyib-ləkələməməsi məsələsi hüquqi cəhətdən təhlil olunmalıdır.

Məsələ ilə bağlı "Bakı Hüquq Mərkəzi" hüquq şirkətinin hüquqşünası Aysel Süleymanova qeyd edib ki, ilk növbədə, Konstitusiyamızın 47-ci maddəsinə əsasən, hər kəsin öz fikir və söz azadlığı var: "Eyni zamanda BMT-nin İnsan Hüquqları haqqında Universal Bəyannaməsinə görə, hər kəs fikir və ifadə azadlığı hüququna, məlumat axtarmaq, almaq və yaymaq hüququna malikdir. Lakin bu o mənaya gəlməməlidir ki, şəxs istənilən fikri səsləndirə bilər və bunun da qanuni məhdudiyyətləri yoxdur. Belə ki, Mülki Məcəllənin 23-cü maddəsi hər kəsin (əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin) işgüzar nüfuzunun qorunması hüququnu tanıyır".

Onun sözlərinə görə, ümumiyyətlə, Qərb hüquq təcrübəsində yalan məlumatlarla bağlı "diffamasiya" anlayışından istifadə olunur: "Diffamasiya hər hansı şəxsin cəmiyyətdə nüfuzdan salınması üçün yalan məlumatdan istifadə olunması deməkdir. Lakin burada incə bir sərhədi nəzərdən qaçırmaq olmaz. Belə ki, zarafat və ya kinayə ilə deyilmiş yalan sözlər diffamasiya kimi qiymətləndirilməməlidir. Misal: a) yalan olmasına baxmayaraq, qeyri-diffamativ fikrin bir şəxsin ağzından səsləndirilməsi təxminən belə olur: "X gəlinlik dükanının xidməti məni tamam dilxor elədi. Dükanın işçiləri öz işlərində qüsur axtarmaqdansa, mənim gözümdə tir axtarmağa başlayıblar". b) indi isə bir diffamasiya (kinayə ilə deyilməmiş yalan) fikirə aid misal gətirək: "X gəlinlik dükanı 500 manat beh verməyimə baxmayaraq, mənə sifariş etdiyimdən fərqli paltar gətirdi və indi də behimi qaytarmır". Birinici misalda təəssüf hissləri ifadə olunsa da, ikinci misalda konkret iddia ilə çıxış olunur. Əgər X gəlinlik dükanı həqiqətən sifarişi razılaşdırıldığı kimi yerinə yetiribsə, ikinci misaldakı həqiqətə bənzər yalan iddia diffamasiya hesab olunur və məhkəmə qaydasında mübahisələndirilə bilər".

Gəlinlik kirayəsi ilə məşğul olan sahibkarların diffamasiya ilə üzləşdikləri zaman hansı hüquqi addımlar atmalı olduqları barədə isə hüquqşünas bunları deyib: "Azərbaycanın mülki qanunverciliyinə əsasən, şəxs onun işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Mülki işlərdə iddianın əsaslı olmasını sübut etmək yükü iddiaçının üzərində olduğu üçün, həmçinin məlumatın diffamasiya olmasının müəyyənləşdirilməsi meyarları çox da dəqiq olmadığından bu cür məsələlərdə məhkəmələr qərar çıxarmaqda çətinlik çəkir. Eyni zamanda belə işlərin məhkəmə baxışı, adətən, uzun sürən proseslərlə müşahidə olunur. Buna görə də bu cür problemlərin aradan qaldırılmasının ən səmərəli yolu tərəflər arasında danışıqların aparılması və ya diffamasiya ilə mübarizə sahəsində ixtisaslaşmış hüquq şirkətlərinin yardımından istifadə edilməsidir".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.