Cəmiyyət

Keçmiş icra başçısı namizədliyini geri götürdü

6 Oktyabr 2015 20:19
0 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Deputatlığa namizəd, Yeni Azərbaycan Partiyasının üzvü Yusif Ələkbərov bu gün 59 saylı Salyan seçki dairəsinə rəsmi müraciət edərək namizədliyini geri götürüb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Yusif Ələkbərov özü məlumat verib.

Xəbər verdiyimiz kimi, Milli Məclisə keçiriləcək seçkilərdə Salyan rayonunun keçmiş icra başçısı Yusif Ələkbərov da 59 saylı Salyan seçki dairəsindən deputatlığa namizəd kimi rəsmən qeydə alınmışdı. O, 2001-2004-cü illərdə Salyan rayonunun icra başçısı işləyib. Hazırda "Salyan Çörək" ASC-nin direktoru vəzifəsində çalışır. Hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.

Xatırladaq ki, YAP rəhbərliyi partiya üzvlərinə çağırış edərək adları vahid namizədlər siyahısına düşməyənlərə şəxsi təşəbbüslə seçkiyə qatılmaqdan çəkinməyi məsləhət görmüşdü. Əks halda onların cəzalandırılacağı və YAP sıralarından uzaqlaşdırılacağı barədə xəbərdarlıq edilmişdi.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov "Yusif Ələkbərov partiyadan çıxarılacaqmı" sualına cavabında bunun bir fərdlə bağlı məsələ olmadığını bildirmişdi: "Ümumilikdə biz qərar vermişik ki, partiyadan kənar kim namizədliyini irəli sürəcəksə, onlar barəsində partiyanın qərarı olacaq. Aydındır ki, bu, onların konstitusion hüququdur. Amma bir üzv partiyada təmsil olunursa, şəxsi maraqlarını ümumpartiya maraqlarından üstün tutursa, təbii ki, o, eyni partiyada addımlaya bilməz".

Qeyd edək ki, YAP-ın 59 saylı Salyan seçki dairəsindən vahid namizədi Salyan Mərkəzi Xəstəxanasının həkimi İlqar Ağabəyovdur.

59 saylı Salyan seçki dairəsi noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə ən çox - 13 namizədin qeydə alındığı dairədir.

Namizədlər sırasında namizədliyi özü tərəfindən irəli sürülmüş Azərbaycanın sabiq hərbi komissarı, ehtiyatda olan general-leytenant, indiki deputat Əlağa Hüseynov, Müsavat Partiyası Divanının üzvü Valeh Hümmətoğlu, Ümid Partiyası sədrinin müavini Rüfət Muradlı, VHP-ni təmsil edən jurnalist Ramal Hüseynov və başqaları var.
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.