Cəmiyyət

Qafqaz İslam Ordusu Qarabağda - FOTO

4 Oktyabr 2015 11:12
Baxış: 2 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı alındıqdan sonra Ənvər paşa Şərq Orduları Qrupu komandanı Xəlil paşaya göndərdiyi şəxsi təbrik teleqramında yazırdı: "Bakı uğuru münasibəti ilə gözlərindən öpərək təbrik edirəm. Bakını zəbt edən birliklər bir az dincəldikdən sonra Azərbaycanda hələlik bir diviziya saxlanaraq, qalanını 9-cu Orduya geri almaq fikrindəyəm. Şimali Qafqazda sürətlə Dərbənd, Temirxan-Şura, Mahaçqala və sairəni işğal və oralara gedən kadrlara əsas olmaq şərti ilə dolğun heyətli yaxşı bir alay, qüvvətli topçu, hətta iki qaubitsa topu da verərək və çoxsaylı pulemyotlarla da təchiz edərək, mürəkkəb bir dəstə halında şimala sövq etməsini Nuru paşaya yazdım. Ayrıca Ənzəli və Rəştin də tezliklə işğalı üçün geriyə alınacaq qüvvənin münasib bir dəstəsinin Xəzər dənizi sahillərini təmizləyərək cənuba göndərilməsini və bu surətlə Təbriz-Qəzvin istiqamətində irəliləyən dəstə ilə Kiçikxana yardım edilməsini və bu məqsədlə sizinlə görüşməsini də bildirdim. Sürətlə hərəkəti rica edirəm".

Bakı artıq Azərbaycan hökumətinin nəzarətində idi və burada qayda-qanun yaratmaq üçün bütün vasitələrdən istifadə olunurdu. Hökumət Bakıya köçdükdən dərhal sonra Baş nazir Fətəli Xan Xoyski 20 sentyabr 1918-ci ildə əhaliyə müraciət edərək bildirirdi: "Artıq Bakıda yerləşən Azərbaycan hökuməti, bununla, şəhər və ətrafında yaşayan bütün əhaliyə, din və milliyyət fərqi qoymadan əmr edir: Azərbaycan hökumətinin tabeliyi altında yaşayan heç bir millətə fərq qoyulmadan caniləri, qarətçiləri, qatilləri və asayişi pozanları, edam cəzası da daxil olmaqla, böyük cəzalar gözləyir. Bütün xalq bunu bilməlidir ki, türk millətinin qəhrəman və fateh əsgərlərinə əmr verilmişdir ki, cinayətlə, qarət və soyğunçuluqla məşğul olanları harada görsələr, güllələsinlər. Türk Azərbaycan hökumətinin paytaxtında günahsız insanların haqq və hüquqların təcavüz edilməsi, onun şan və şərəfinə yaraşmaz".
 
Qarabağın ağır və şanlı günləri
 
Şərq Orduları Qrupu Komandanlığı 7 iyul 1918-ci ildə İstanbula göndərdiyi raportda 4-cü korpusun Təbrizi ələ keçirdiyi, ardınca Urmiya və Culfa-Naxçıvan bölgəsindəki ermənilərə qarşı daxili xətt manevri tətbiq edəcəyi bildirilirdi. Həmişə olduğu kimi, o dövrdə də həm Cənubi, həm də Şimali Azərbaycanın erməni problemi vardı. Türk ordusundan qaçaraq ermənilərin hərbi lideri rolunda çıxış edən Andranik qarşısına çıxan türkləri amansızcasına qətlə yetirirdi. Şərqi Anadoluda, Cənubi və Şimali Azərbaycanda qətliamların arası kəsilmirdi. Belə bir vaxtda Cənubi Azərbaycandakı Xoy şəhəri ətrafında qərar tutan Andranik 6 minlik qoşunla türklərin 12-ci piyada diviziyasına qarşı hücuma keçdi. Ancaq ağır bir məğlubiyyətlə geri çəkilərək 22 iyun 1918-ci ildə Culfa və Naxçıvan ilə Ordubad ətrafındakı qəsəbə və kəndləri qarət edərək əhalisini qətlə yetirirdi. Vəziyyəti belə görən türk hərbi hissələri hücuma keçərək 20 iyul 1918-ci ildə Naxçıvanı ələ keçirdi. Andranikin qüvvələri bu dəfə Qarabağa doğru qaçmağa başladı.
Qarabağda vəziyyət daha mürəkkəb idi. Əvvəlcə Qarabağdakı türklərlə ermənilər ortaq bir komitə yaradaraq hakimiyyəti əllərinə alsalar da, tezliklə erməni xisləti özünü göstərdi: ermənilərdən ibarət Milli Komitə Şuşada qurultay çağıraraq 7 nəfərlik bir icra heyətinin seçildiyini və Qarabağ hökumətinin qurulduğunu elan etdi. Onlar təzyiq və hədə-qorxu ilə türklərin bu "erməni hökuməti"ni tanımasını təmin etməyə çalışsalar da, Qarabağ türkləri bunu qəbul etmədilər. Şuşadakı türklər uşaqlı-böyüklü silahlanaraq ermənilərə qarşı əks tədbirlərə başladılar.
Elə bu vaxt Naxçıvandan qaçan və Qarabağa doğru irəliləməkdə olan Andranikin yeganə məqsədi bu torpaqları tamamilə türklərdən - azərbaycanlılardan təmizləmək idi. Bu hadisələr vaxtı Zəngəzurda və Qarabağın digər yerlərində 11 min türkün həlak olduğu məlumdur. Çox keçmədən Şuşa-Xankəndi yolunu nəzarət altına alan ermənilər türklərə qarşı təzyiqi artırdılar. Qarabağda yaşayan türklər də böyük bir səfərbərlik elan edərək gənclərdən ibarət milis dəstələri yaratmağa başladılar. Andranikin qüvvələri artıq avqust ayının sonuna yaxın türklərə qarşı həmlələri artırdılar və Abdallar, Kərəviz, Ağadi, Mədət, Qarakilsə, Yaylaq və digər kəndləri ələ keçirib qarət etdilər, evləri, məscidləri amansızlıqla oda qaladılar. 
Həmin dövrdə Qarabağ Məntəqəsi komandanı, polkovnik İsmayıl Haqqı bəy Ordu Komandanlığına göndərdiyi raportda "Türk Qafqaz İslam Ordusunun təcili olaraq hərəkətə keçməsini, əks təqdirdə, qısa müddət ərzində Qarabağ bölgəsində yaşayan türklərin tamamilə qətl və məhv ediləcəyini" bildirirdi. Şuşa-Ağdam arasındakı Əsgəran qalasını ələ keçirdikdən sonra Andranikin quldur dəstələri Şuşa qalasına sığınan türkləri mühasirəyə aldılar. Buradakı 20 min türk çox ağır vəziyyətdə idi.
Hadisələri diqqətlə izləyən Nuru paşa Bakı azad edildikdən sonra dərhal Qarabağ bölgəsində əməliyyatlara başladı. Bu məqsədlə Bakı Qarnizon komandanı, polkovnik Cəmil Cahid bəy yeni yaradılan 1-ci Azərbaycan diviziyasına rəhbər təyin olundu. Bu diviziyanın əsasını 106-cı piyada alayı ilə 9-cu Qafqaz alayı təşkil edirdi. Azərbaycanlılardan ibarət olan 1200 nəfərlik 1-ci və 2-ci Azərbaycan alayları və 250 nəfərlik Azərbaycan süvari alayı da yeni diviziyanın tərkibində idi. Bir dağ topçu batalyonu ilə üç zirehli maşın da diviziyanın sərəncamında idi. Ağdama gələn Cəmil Cahid bəyin qarşısında Şuşa və Gorusun azad olunması, Dağlıq Qarabağda asayişin təmin edilməsi vəzifəsi dururdu. Bununla Azərbaycan və Osmanlı torpaqları arasında ortaq bir sərhədin yaranması planı da reallaşmış olacaqdı.
Cəmil Cahid bəyin silahları yerə qoyaraq Azərbaycan dövlətinə tabe olmaq tələbinə 1 oktyabrda "Erməni Milli Şurası" beş nəfərlik bir heyəti Ağdama göndərdi və Azərbaycanın tərkibində qalmaq istəmədiklərini bildirdi. Cəmil Cahid bəy bu cavabdan sonra heyət üzvlərindən 3 nəfəri - Aşot Məlik-Osipov, Arşavir Kamalyan, vaxtilə Şuşanın rəisi olarkən qanlar tökən Gerasim Məlik-Şahnəzərovu həbs etdi. Ayrapet və Danil adlı təmsilçiləri isə Şuşadakı ermənilərin yanına göndərərək tez bir zamanda təslim olmalarını, əks təqdirdə, Şuşa üzərinə yeriyəcəyini bildirdi. Ermənilər uzun müzakirələrdən sonra silahı təhvil verməmək şərti ilə "hələlik" Azərbaycanın tərkibində qalmağın mənafelərinə uyğun gəldiyi barədə qərar qəbul etdilər və bu qərarı Cəmil Cahid bəyə bildirdilər. Şuşa üzərinə yeriməkdən başqa çarə qalmadı. 
Türk hərbi qüvvələri 7 oktyabrda əməliyyatlara başladı. Əsgəranı ələ keçirən türk qoşunları sürətlə Şuşaya yaxınlaşdı. Türk ordusu ilə qarşılaşmağa cürət etməyən Andranik Şuşanın mühasirəsini buraxaraq cənuba doğru çəkilməyə başladı. Cəmil Cahid bəy Qarabağın tanınmış bəylərindən olan Sultan bəyin komandanlığı altında bir türk milis dəstəsini Andranik qüvvələrinin ardınca göndərdi. Həmin dəstə Andranikin qüvvələrinə qarşı Qaladərə tərəfdən hücuma keçdi və onu dağıdaraq Gorusa tərəf qovdu.
Qaladakılar türk ordusunu hərarətlə qarşıladılar. Cəmil Cahid bəy Şuşada yaşayan ermənilərlə türklərin münaqişəsinin qarşısını almaq üçün lazımi tədbirlər görməyə başladı. O, Şuşa sakinlərini məsciddə toplayaraq şəhərdəki ermənilərdən intiqam almamağı tapşırdı. Halbuki elə Cəmil Cahid özü çıxışında ermənilərin türklərə çox zülm etdiyini bildirirdi. O, erməni əsilli bələdiyyə rəisi Kavalanı erməni məhəlləsinə göndərərək itaət edəcəkləri halda can və mallarının təminat altında olacağı, əks halda isə müharibə qanunlarına uyğun olaraq cəzalandırılacaqlarını bildirdi. Yarım saat sonra erməni başbilənləri Cəmil Cahid bəyin yanına gələrək xalqın böyük hörmətlə türk ordusuna ehtiramını və əmrlərə itaət edəcəklərini bildirdilər. Cəmil Cahid bəy erməni başbilənlərinin kilsəyə yığışmalarını tələb etdi və buradakı nitqində, ermənilərin indiyə qədər türklərə çox pisliklər etdiklərini, bununla bərabər türk dövlətinin onlara tam bir vətəndaşlıq hüququ verməsinə baxmayaraq onların nankorluq etməsindən söz açdı. Şuşanın azərbaycanlılar yaşayan hissəsində türk ordusunun rəsmi keçid mərasimi keçirəcəyini bildirən Cəmil Cahid bəy ermənilərin də bu mərasimdə iştirakını və beləliklə də türklərlə barışmalarını istədi. Bundan sonra Şuşanın erməni və türk məhəllələri arasındakı səngərlər yığışdırıldı və türk ordusunun rəsmi keçid mərasimində ermənilərin də iştirakı təmin edildi. Şəhərin əhəmiyyətli qovşaq və məhəllələrinə türk əsgərləri yerləşdirilərək asayiş təmin edildi. 
Qafqaz İslam Ordusu Komandanlığı dünyada gedən proseslərdən çıxış edərək Azərbaycanda hərbi qüvvələrin gücləndirilməsinə, xüsusilə Qarabağda yerləşən 1-ci Azərbaycan diviziyasının yenidən qurulmasına çalışırdı. Bunun üçün 9-cu Qafqaz alayının Azərbaycan alaylarına bölüşdürülməsi şəklində həyata keçirilirdi. Şuşa və Ağdamın Məsudlu bölgəsində toplaşan 1-ci Azərbaycan diviziyası yenidən qurulduqdan sonra Qarabağ bölgəsindəki erməni partizanlara həlledici zərbə vurmağa hazırlaşırdı. Amma hadisələrin belə qızğın bir vaxtında İstanbulda Tələt paşa hökumətini əvəz edən Əhməd İzzət paşa xarici təzyiqlər qarşısında Qarabağdakı türk hərbi qüvvələrinin dərhal geri çəkilməsini əmr elədi. İstanbuldakı erməni lobbisi ingilis və fransız nümayəndələrini Qarabağ və Şuşada türk ordusunun ermənilərə qarşı qətliam törətdiyinə inandıra bilmişdi.
Məcburiyyət qarşısında qalan Qafqaz İslam Ordusu Komandanlığı Qarabağda olan hərbi qüvvələri tabe olduqları diviziyalara qataraq 1-ci Azərbaycan diviziyasına da azərbaycanlı general Yusifovun komandirlik edəcəyini bildirdi. General Yusifov 8 noyabrda Ağdama gəlib birliklərin rəhbərliyinə keçdi. Qarabağ hərəkatında iştirak edən 9-cu və 106-cı piyada alayları isə 5-ci Qafqaz piyada diviziyasına birləşdirilərək bölgəni tərk edib getməli oldu. Getdilər, amma özlərindən sonra böyük bir xatirə və iz qoydular. 1918-ci ildə Bakının, Şuşanın bolşevik-daşnak qüvvələrindən təmizlənməsi Azərbaycanın tarixinin ən mühüm hadisələrindən biri olaraq yaşamaqdadır. Göyçay, Muğan və Əsgəran döyüş əməliyyatlarının, eləcə də 1920-ci ildə bolşeviklərə qarşı bölgələrdə baş verən üsyanların ayrılıqda hər birinin təşkilində, həyata keçirilməsində Qafqaz İslam Ordusunun təcrübəli zabitlərinin mühüm rolu vardı. Birinci Dünya müharibəsi zamanı Qafqaz cəbhəsində əsir alınaraq Nargin adasında sürgündə olan onlarla türk zabiti 1918-ci ilin əvvəllərində yerli əhalinin köməyi ilə əsirlikdən qaçaraq Azərbaycan Ordusunun əsasını təşkil edən könüllü dəstələrin və sonrakı mərhələdə ordunun formalaşmasında yaxından iştirak edib. Bir faktı da qeyd etməyə dəyər: ingilislərin 1919-cu ildə İstanbul, Bağdad və Qahirədəki diplomatlarına göndərdiyi məxfi teleqramda cəzalandırılması istənilən, "qara siyahı"dakı türk komandanlarının 4-ü - Nuru paşa, Xəlil paşa, Mürsəl Bakı, Yaqub Şevki Subaşı (Qafqaz 9-cu ordu komandanı) Azərbaycanın işğaldan azad edilməsində əməyi keçən şəxslər olub. Onların arasında Cəmil Cahid bəy də vardı.
 
Türkiyənin 11-ci müdafiə naziri və Bakının ilk qarnizon rəisi
 
Cəmil Cahid bəy Məhəmməd Cahid bəy oğlu Toydəmir (1883-1956), İslam ordusunun Gəlibolu alayının miralayı (polkovniki) İslam ordusunun tərkibində Azərbaycana gəlmişdi.
Türkiyə Cümhuriyyətinin 1946-1947-ci illərdə 11-ci müdafiə naziri olmuş Cəmil Cahid Toydəmir Bakının erməni-daşnak işğalından azad edilməsində mühüm rol oynayan Osmanlı zabitlərindəndir. Əslən Qafqaz türklərindən - çərkəzlərdən olan Cəmil Cahid bəy Birinci Dünya savaşından sonra Yusif İzzət paşanın komandanlığında briqada komandiri olaraq Azərbaycan və Şimali Qafqaz uğrunda döyüşlərdə iştirak edib. Qurtuluş Savaşı dönəmində 10-cu briqadanın komandanı olaraq Qərb cəbhəsində savaşıb. Müxtəlif dövrlərdə korpus komandiri, Jandarma Baş Komandanı, müdafiə naziri və millət vəkili olub. 
1918-ci ildə polkovnik rütbəsində, briqada komandiri vəzifəsində Azərbaycana gələrək döyüşlərə qatılan Cəmil Cahid Toydəmir 15 sentyabr 1918-ci ildə işğaldan azad olunmuş Bakı hərbi qarnizonunun ilk rəisi təyin edilib. Az sonra Azərbaycan Ordusunun 1-ci briqadasının komandanı vəzifəsində Qarabağa göndərilən Cəmil Cahid Toydəmir 1919-cu ilin ortalarınadək Şuşada xidmət edib.

Cəmil Cahid bəy Mondros sövdələşməsindən sonra Azərbaycandan Türkiyəyə qayıtdı. İstanbuldakı Əli Rza paşa hökuməti adına Karzeg Salih paşa və Heyet-i Temsiliyə adına Mustafa Kemal paşa, Aşharuva Rauf bəy və Kunduh Bəkir Sami bəy arasında əmələ gələn "Amasya görüşmələri" Cəmil Cahid bəyin evində baş tutmuşdu. 1922-ci ildə Qərb cəbhəsində yunanlara qarşı bacarıqla döyüşən Cəmil Cahid bəy Qurtuluş Savaşından sonra da Tümen komandanlığı, Qolordu komandanlığı, Jandarma baş komandanlığı (1939), Əsgəri Məhkəmə Başkanlığı (1942), 1-ci Ordu Komandanlığı kimi hərbi vəzifələrdə xidmət etdikdən sonra, 1946-cı ildə diviziya generalı rütbəsində ordudan tərxis olundu. Cəmil Cahid bəy TBMM-nin yeddinci çağırışında İstanbuldan millət vəkili və eyni vaxtda Rəcəb Peker hökumətində Milli Savunma Bakanı - müdafiə naziri vəzifəsində xidmət etdi. Cəmil Cahid bəy 1956-cı ildə İstanbulda vəfat etdi.

"Azərbaycan" qəzeti

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.