Cəmiyyət

Niyə ilahiyyatçı qadınlarımız yoxdur? - PROBLEM

3 Oktyabr 2015 19:46
5 Şərh     Baxış: 2 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam Universitetinin rektoru, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Sabir Həsənli bildirib ki, qadınlar çoxluq təşkil edən məscidlərdə xanım imam və axund olmaması problemlər yarada bilər. Onun fikrincə, qadınlar bu statusdan məhrum edildiyi üçün yaranmış boşluğu vəhhabilər, radikal qruplarla əlaqəsi olan digər qeyri-ənənəvi məzhəblərin nümayəndələri tutur. 

Qadınların namazını idarə edən yoxdur

"Azərbaycanda 1600 məscid var, onların heç birində xanım imam və axund yoxdur, buna səbəb Azərbaycan İslam Universitetini bitirən tələbə xanımların imam və axundluq etmək statusundan məhrum olmasıdır" söyləyən "Heydər" Məscid Kompleksi İdarəsinin rəhbəri Hacı Sabir Həsənlinin sözlərinə görə, bu məscidin 3-cü mərtəbəsində xanımların namaz qılması üçün gözəl şərait yaradılıb, amma onların namazqılma prosesini idarə edən yoxdur:  "Tarixən imamlar və axundlar kişilərdən olub. Azan vermək üçün minbərə də kişilər çıxıb. Ancaq indi məscidlərdə qadınların namaz qıldığı zallarda qadın imam yoxdur. 

Onlar kişi imamların və ya axundların azanı ilə namaza gəlir, özləri qılıb çıxıb gedir. Məsələn, mənim rəhbərlik etdiyim "Heydər "Məscidində 3-cü mərtəbədə xanımların namaz qılması üçün xalça döşənmiş böyük salon var. Ancaq onlar imamsız namaz qılırlar. Yəni, kişilərin namaz qıldığı salondan fərqli olaraq, qadın salonunda namazı faktiki olaraq idarə edən olmur. Biz bu problemi həll etmək üçün neçə illərdir Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə razılığa gələ bilmirik. Halbuki xanımların sayı kişilərdən çoxdur".

Qadınların namazına xanım imamlıq edə bilərmi?

 İçərişəhərdəki "Gileyli" məscidinin axundu Mirhəmid Məmmədov  isə qəzetimizə açıqlamasında bildirdi ki, camaat namazı vəhdət simvolu olduğuna görə orada  inanclı insanlar birgə ibadət edir və o zaman namaz qılanların önündə kişi imam-camaatı dayanmalıdır: "Ümumiyyətlə, hər bir məscid həm kişi, həm də qadınlar üçün nəzərdə tutulub, burda ayrı-seçkilik yoxdur. Amma gələcəkdə elə bir məsələ nəzərdə tutulsa ki, bir məscid yalnız qadınlar üçündür,  ora qadın imam-camaat təyin etmək olar. Yəni, yalnız qadınlara aid məscid varsa, ora kişilər gəlmirsə, bu halda qadın imam-camaatın təyini məqbul sayıla bilər. Amma mən dünya miqyasında belə bir məscidin şahidi olmamışam. Hazırda bütün məscidlərimizdə, o cümlədən "Heydər" Məscidində namazlar yalnız kişi imam-camaatın iradəçiliyi ilə icra olunur". 

Qadın din görəvlisi

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı Hacı Sabirin fikirlərini təqdir edərək dedi ki, bu mövzunun geniş müzakirəyə və elmi əsaslara istinad edən  yazılı izahına ehtiyac var. Onun sözlərinə görə, Türkiyə Diyanət İşləri Başqanlığında məscidlər üzrə qadın imam yox, qadınları koordinasiya edən qadın din görəvlisi hazırlanır: "İslam Universitetində də qızlar təhsil alırlar, amma onlar məzun olduqda məscidlərdə bir vəzifə təyinatları yoxdur. Əksinə, 1600 məscidə oğlan kadrlarımız azlıq təşkil edir. Qızlar kənarda qalırlar, biz onları işlə təmin edə bilmirik. 

Biz istəyirik ki, ilahiyyat təhsili alan xanımlarımız heç olmasa məscidlərdə qadınlara bilgi verməkdə və bu kimi işlərdə iştirak etsinlər. Hamıya məlumdur ki, cəmiyyətdə qadınların dini maarifləndirmə işləri qalıb bisavad qadınların ümidinə. Onlar bildiklərini də, bilmədiklərini, lazımlı olanı da, olmayanı da danışırlar. 
Dini bu şəkildə təbliğ etmək düzgün deyil. Hələ ki, meydan onların əlindədir. Qadınlar böyük qüvvə olduğu üçün biz çox istəyirik ki, ilahiyyatçı xanımlarımız məscidlərdə vəzifə daşısınlar".  

"Əksər qız tələbələrimiz üçün dərslər sıfırdan başlanır"

Qəmər Cavadlı dedi ki, İslam Universitetini seçən abituriyentlərin təkcə TQDK-nın qəbul imtahanından keçməsi məqsədəuyğun deyil, onların həm də əlavə qabiliyyət imtahanı verməsinə ehtiyac var: "Hamımıza məlumdur ki, ilahiyyat elminin  əsasını kişilər təşkil edir. İslam Universitetində də vəziyyət belədir ki, universitetdə 100 yer varsa,  TQDK-dan bizim universitetə 80 qız göndərilir. Humanitar ixtisaslarda istədiyi ixtisası seçə bilməyənlər İslam Universitetinə təhsil almağa gəlir. 

Ali təhsil almaq xatirinə qızlar İslam Universitetinə gəlir, halbuki ilahiyyat sahəsinə maraqları yoxdur. Həm də onlar ixtisasları üzrə iş tapa bilmirlər. Özü də gələn qızlar ərəb əlifbasından xəbərsiz olurlar, əksəriyyətinə dərslər sıfırdan başlayır. Amma oğlanlar bizim müsabiqədən uğurla keçirlər, TQDK-nın imtahanlarından 1 bal belə az topladıqda kənarda qalırlar. Eyni zamanda, 1600 məsciddə iş təminatında hər il 20 oğlan məzunumuz azlıq təşkil edir". 

İlahiyyatçı Elşad Mirinin də fikrincə, bütün sahələrdə olduğu kimi, məscidlərdə də qadınlara məhdudiyyət qoyulması düzgün hesab olunmamalıdır. İmam qadınlara gəlincə Elşad Miri Məhəmməd peyğəmbərin xanımı Ayişəni nümunə gətirdi:  "Peyğəmbərimizin xanımına islam dininə elmi baxışı olan bir qadın kimi ailə, cəmiyyət, qadınlarla bağlı suallarla müraciətlər edilib, o da öz tövsiyələrini verib. Bunun üçün xüsusi bir peşə qazanmayıb. Amma bunun qadın imam, qadın axund anlayışına aidiyyəti yoxdur". 

Qadından imam olmaz 

İslam Universitetinin şöbə müdiri Elçin Həsənlinin fikrincə, ilahiyyat sahəsinə mənəvi bağlılığı olan gənclərin gəlməsi üçün İslam Universitetində qabiliyyət imtahanının tətbiqinə ehtiyac var: "İlahiyyata daha çox qızların gəlməsi məscidlərin axund, imamla təminatında problemlər yaradır. TQDK-nın qəbul imtahanından kim keçirsə, onlar bizim universitetə gəlir, bizim öz tələbələrimizi seçmək imkanımız olmur. Əslində, bu məsələdə TQDK-nın da bir günahı yoxdur. Qəbulun forması dəyişsə, bizim universitetə seçim etmək imkanı verilsə, daha yaxşı olar. Bu sahəyə  daha çox qızların gəlməsi gələcəkdə oğlanların axund-imamla iş təminatında problemlər yaradır". 

Şöbə müdiri sonda onu da vurğuladı ki, qadın imamlarla bağlı Hacı Sabirin fikirlərinin kontekstindən çıxarıldığını güman edir: "Qadından imam olmaz. Güman edirəm ki, Hacı Sabir Həsənlinin fikri kontekstdən çıxarılıb".
telegraf.com

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.