Cəmiyyət

O, hər kəsə yetər də, artar da

5 Sentyabr 2015 20:15
Baxış: 1 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnanmışlar, tapınmışlar təslim olmuşlar; Ondan başqa heç kəsə, heç həyə talib olmazlar.

Nə istərlərsə, Ondan istərlər, nə dərd-sərləri olarsa, ancaq Ona ərz edərlər. Onu tanıyan, Onu bilən üçün dünyanın bir dəyəri qalmaz. Bu dünya bir çıxış nöqtəsi, bir sınaq meydanı, gərilib ən yüksəyə sıçramaq üçün bir tramplindir, inanıb təslim olmuşlar üçün. Ondan başqa nə istəsən, hamısı boş, cümləsi bihudə. Hər diləyin, hər istəyin arxasında Ona gedən bir yol, bir cığır yoxsa, yazıqlar o arzuya, o istəyə... "Cənnət, cənnət dedikləri, bir kaç huri, bir kaç mələk. İstəyənə ver onları, Mənə Səni gərək, Səni". İnsanın qazana biləcəyi ən böyük mükafat, ruhunun rahat olacağı yeganə ünvan Cənnət olsa da, Dədə Yunus ondan da imtina edir, çünki o daha böyük mükafata, daha böyük nemətə can atır: Allah-Təalanın mübarək camalını görmək, özündən imtina edib Ona qovuşmaq istəyir ki, Cənnət əhli belə bu mərtəbəyə, bu mənzərəyə sözün müsbət mənasında qibtə eləyir.

Tez-tez soruşurlar: "Xoşbəxtlik nədir?" Xoşbəxtliyin əlifbası xoşbəxtliyin nə olduğunu anlamaqdır. Xoşbəxtliyin nə olduğunu anlamayan özünün xoşbəxt olub-olmadığını haradan biləcək axı?

Allah-Təala Həzrəti-Nuha əmr elədi ki, çölün ortasında bir gəmi düzəltməyə başlasın. Həzrəti-Nuh zərrə qədər də tərəddüd eləmədən işə başladı. Görənlər lağ elədilər, "bu gəminin suyunu haradan gətirəcəksən?"-deyib ələ salmaq istədilər. Onlar Nuha istehza ilə, Nuh isə onlara mərhəmət gözü ilə baxırdı. Lağ eləməklə də kifayətlənmədilər, Nuhun işini əngəlləmək üçün əllərindən gələni elədilər. Amma Nuhun fikri, diqqəti Uca Rəbbin istədiyi istiqamətdəydi. Gəmi hazır oldu, Həzrəti-Nuh iman etmişlərlə birlikdə gəmiyə mindilər, indi növbə uca Yaradanın idi və o, vəd elədiyi dənizi yerdən çıxardı, göydən endirdi. Ən uca dağın başına dırmananlar belə gözləmədikləri bu dəryanın dalğalarından qurtara bilmədilər.

Əgər sən Həzrəti-Nuh kimi Allah-Təalaya təslim olub Onun əmri ilə səhranın ortasında gəmi düzəltsən, O, dənizi sənin gəminin ayağına da gətirər. Necə gətirər, haradan çıxarar, daha bu Onun hikməti, onun qüdrətinə aiddir.

Həzrəti-İbrahim Xəlilullahı yandırmaq üçün dağ boyda tonqal qaladılar. Tonqalın istisindən ona yaxınlaşmaq mümkün olmadığı üçün İbrahim peyğəmbəri mancanaqla odun içinə atmalı oldular. Mələklər mancanağın ağzından ox kimi sıyrılıb havada alova doğru süzən İbrahimə yaxınlaşdılar, yardım istəyib-istəmədiyini soruşdular. Bu böyük peyğəmbər "Allah görürsə, Allah bilirsə, bu mənə yetər" deyərək onların təklifindən imtina elədi. Allah-Təala da bu təslimiyyət qarşısında o dağ boyda ocağı sevimli peyğəmbəri üçün gülüstana çevirdi.

Əgər sən Həzrəti-İbrahim kimi Allaha təslim ola bilsən, dünyani yandıran alov sənin ruhunu belə incitməz, könlünü-gözünü oxşayar.

Allahdan əmr gəldi ki, övrəti Hacəri, oğlu İsmayılı götürüb səfərə çıxsın. Günlərlə yol getdilər, insan ayağı dəyməyən, həyat izi görünməyən bir yerə qoyub, geri döndü. O səhranın ortasında, qızmar qumlar arasında bir ana qaldı, bir də körpəsi. Övladının susuzluqdan öləcəyindən qorxan ana su tapmaq üçün Səfa-Mərvə arasında qaçmağa başladı. Susuzluqdan qovrulan körpə ayağını qızmar qumlara sürtə-sürtə çır-çır çığırırdı. Ana növbəti dəfə övladının yanına dönəndə onun ayağının altından bir bulağın qaynayıb axdığını gördu.

Layiqincə təslim olmağı bacarsan, Allah-Təala səhranın ortasında susuzluqdan qovrulduğun zaman sənin də ayağının altından Zəm-Zəm bulağı ("Zəm-Zəm" qədim yəhudi dilində "dur, dur" deməkdir. Həzrəti-Hacər anamız axan suyun qarşısını kəsmək üçün belə deyib) çıxarar.

Əmr olundu ki, gözünün ağı-qarası, canı qədər sevdiyi, qoca yaşında tapdığı oğlunu qurban kəssin. Allaha söz vermişdi, İbrahim kimi uca bir peyğəmbər verdiyi sözdən qaçmazdı. İçi kədərlə dolmuş olsa belə, ürəyi dağılsa belə o, bu əmri yerinə yetirməli idi və yetirdi də. Amma nə hikmət idisə sal qayaları pendir kimi doğrayan o dəhşətli bıçaq İsmayılın boğazını heç cızmadı da. Həzrəti-Cəbrayıl gəldi, gətirdiyi qoçu ona verdi və müjdələdi: "Ey İbrahim, sən öz vədinin üstündə durdun, bu imtahandan da uğurlu çıxdın. Bu qoçu İsmayılın əvəzinə qurban kəs",-deyib getdi. Bu hadisədən sonra İbrahımın daha bir oğlu oldu. İki oğul, iki peyğəmbər atası oldu.

Əgər sən də Həzrəti-İbrahim kimi Allahın əmri ilə ən çox sevdiyini Onun yolunda qurban verə bilsən, Uca Yaradan sənin verdiyinin üstünə birini də pay verib özünə qaytarar, İsmayılın dalınca İshaqı verdiyi kimi.

Firon əmr elədi ki, yeni doğulmuş oğlan uşaqlarının hamısını öldürsünlər. Ona demişdilər ki, bu günlərdə doğulan bir oğlan uşağı böyüyb onu öldürəcək. Analar oğlan doğduğuna peşman olurdular. Evlərdən nalə, fəryad səsi göyə bülənd olurdu. Fironun adamları bütün hamilə qadınları güdür, yeni doğulmuş oğlan uşaqlarını alıb öldürürdülər. Anası yenicə doğulmuş Musanın eyni aqibətlə üzləşəcəyindən qorxduğu üçün onu bir beşiyə qoyub, Nil çayına buraxdı və ən başlıcası isə Allah-Təalaya tapşırdı. Suyun üzündə axıb gedən beşiyi saraydan gördülər və onu tutub fironun xanımına apardılar. Beləcə Musa bir tək onu öldürmək üçün yüzlərlə, minlərlə çağanı qətl etdirən fironun sarayına yerləşdı. Allahın hikmətinə baxın ki, firon gələcək qənimini öz sarayında, öz əli ilə böyütməli oldu, daha döğrusu, Allah-Təala bu işin belə cərəyan etməsini istədi. Heç ola bilərmi ki, O istəyə, olmaya?- Əsla.

Aradan illər keçdi, Həzrəti-Musa öz qövmü ilə Misirdən vəd edilmiş torpaqlara doğru yola çıxdı. Yolu Qırmızı dənizdən keçirdi. Allah-Təalanın iradəsi ilə dərya yarıldı, Musa və yanındakılar keçdilər, Onları təqib edən kafirlər isə dalğalar arasından açılmış yolla cəhənnəmə qərq oldular.

Həzrəti-Musa kimi təslim olmağı bacarsan, Uca Yaradan səni düşmən ocağının başında barındırar və düşmənlərini sənin xidmətinə tabe tutar.
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.