Cəmiyyət

İkinci devalvasiya olacaqmı?

4 Sentyabr 2015 09:28
3 Şərh     Baxış: 4 546
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün bundan əvvəl manatın ikinci devalvasiyaya gedəcəyi ilə bağlı şayiələr yayıldı. Bu şayiələrdən sonra valyutadəyişmə məntəqələrinin qarşısında uzun növbələr yarandı, vətəndaşlar manatla olan pul ehtiyatlarını dollara çevirmək üçün az qala, səhəri "exchange"lərin qarşısında açdılar.

Lakin bu ehtimal özünü doğrultmadı və manat öz məzənnəsini qorudu.
Bəs bu sabitliyi yaradan şərtlər hansılardır? Manatın məzənnəsi özünü uzun müddət qoruyub-saxlaya biləcəkmi? Bundan sonra vəziyyət necə olacaq?
Bu suallarla Milli.Az məşhur iqtisadçılara müraciət etdi:

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, süni şəkildə ajiotaj yaradılması mənfi haldır. O, bunun səbəbini Mərkəzi Bankın cəmiyyətlə normal dialoq qura bilməməyində görür: "Son həftələrdə baş verən proseslər həmin ajiotajın nəticəsi idi. Əhaliyə normal açıqlamalar verilmədi və bu da narahatlığın böyüməsinə səbəb oldu. 
Həyəcanın bir səbəbi də ətraf ölkələrdə gedən ciddi devalvasiyalar idi. Qazaxıstanda, Rusiyada, hətta Gücüstanda, Türkiyədə milli valyutalar ucuzlaşmışdı. Əhali düşünürdü ki, bizim ölkəmizdə də bu proseslər gedə bilər. 
Ancaq belə olmadı, hələlik hökumət və Mərkəzi Bank indiki məzənnəni qorumağı düşünür. Çünki birinci devalvasiyanın nəticələri Azərbaycan iqtisadiyyatı üçün çox ağır oldu. Həmin nəticələr hələ də tam aradan qaldırılmayıb.
Birinci devalvasiyadan sonra bank sistemi ciddi stress altındadır. Bəzi banklar artıq bağlanıb, bəziləri isə bağlanmaq təhlükəsi ilə üz-üzədir. Növbəti belə bir addım bank sistemini tamamilə iflic vəziyyətinə sala bilərdi.
Ancaq təəssüf ki, Azərbaycan manatına basqı var və bu, planlı şəkildə olur. Yəni dünya bazarında neftin qiymətinin düşməsi ölkəyə gələn valyutanın həcmini xeyli dərəcədə azaldır. Bu isə manata gələcəkdə daha böyük basqı olacağı ehtimalını yüksəldir".

Ekspert deyir ki, neftin qiymətinin düşməsi manata da təsirsiz ötüşmür: "Həm Mərkəzi Bankın rəhbərliyi, həm Maliyyə Nazirliyi qeyd edib ki, neftin qiymətinin 40-45 dollar civarında olması manata basqıları artırır və gələcəkdə manatın dəyərdən düşməsi üçün zəmin yaradır. İndi də Azərbaycan neftinin qiyməti təqribən 48-49 dollar civarında dəyişir. Bir həftə bundan əvvələ qədər hətta 44 dollara düşmüşdü. Neftin qiymətindəki enmələr davam etsə, hökumət manatla bağlı bəzi məcburi addımlar atmalı olacaq. Yumşaq yolmu seçəcəklər, yoxsa fevral ayında olduğu kimi birdəfəlik devalvasiyamı olacaq, bunu demək çox çətindir. Ancaq bir müddət sonra yenidən ajiotajın yaranma ehtimalı yüksəkdir. Mərkəzi Bankın manatla bağlı verdiyi qərarı yaxın həftələrdə, aylarda mütləq biləcəyik".

Tanınmış iqtisadçı-alim Vüqar Bayramov Milli.Az-a açıqlamasında manatın məzənnəsinin valyuta bazarındakı vəziyyətdən asılı olduğunu deyir: "Yanlış və əsaslandırılmamış fikirlər mətbuat və sosial şəbəkələr vasitəsilə cəmiyyətə ötürülməsi süni ajiotaj yaradır. Ümumiyyətlə, ajiotajın yaranması üçün hər hansı bir iqtisadi zəmin, maliyyə səbəbi yox idi. Çünki Mərkəzi Bankın valyuta ehtiyatı, demək olar ki, stabil qalır. Manatın məzənnəsinin aşağı düşməsi daxili faktorlarla bağlı deyil, xarici faktorlarla bağlıdır. Qazaxıstan təngəsinin məzənnəsinin azalması ölkəmizdə manata qarşı psixoloji təzyiq formalaşdırdı.
Manatın məzənnəsinin vəziyyəti avro və dolların dünya valyuta bazarında kursuna uyğun olaraq müəyyənləşir. Avro və dolların kursu dəyişdikdə buna uyğun olaraq, Azərbaycan milli valyutasında da dəyişiklik olur. Avronun məzənnəsi aşağı düşürsə, ABŞ dolları manata nisbətən güclənir, avronun məzənnəsi artdıqda isə əksinə".
Vüqar Bayramov ajiotajının aradan qalxmasının əsas səbəbi kimi ölkə rəhbərliyinin məsələyə müdaxiləsini göstərir: "Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun manatla bağlı açıqlamasından sonra praktik olaraq valyuta bazarında stabillik yarandı. Bundan sonra vətəndaşlar əmin oldular ki, Azərbaycanda devalvasiya təhlükəsi yoxdur. Hətta vətəndaşların bir qismi dollarla olan pul ehtiyatlarını manata çevirməyə başladılar. Hazırda neftin qiymətinin manatın məzənnəsinə təsiri gözlənilmir.

Mərkəzi Bankın daxili və xarici borclar sayəsində rezervlərinin stabilliyini qoruması manatın məzənnəsini də qorumağa imkan verir. Milli Bank mövcud ehtiyatlarla manatın məzənnəsini yaxın aylarda da stabil saxlamaq imkanına malikdir. Növbəti dövrdə isə manatın məzənnəsi regiondakı valyutaların məzənnəsinin necə dəyişməsindən asılı olacaq".

Sevinc Fədai
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.