Cəmiyyət

20 yaşlı "Trend" - REPORTAJ - VİDEO

2 Sentyabr 2015 17:27
Baxış: 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20 il sizinlə! Əslində, 20 yaş zaman baxımından ömrün ən gözəl çağı sayılır. Amma xəbər agentliyi üçün 20 yaş həm də böyük məsuliyyət, inam və etimadın vəhdətidir.

Müstəqil Azərbaycanın media sektorunun ilklərindən olan "Trend" İnformasiya Agentliyinin 20 yaşı tamam olur. 1995-ci ilin bu günündə ərsəyə gələn agentlik artıq uzun müddətdir Azərbaycan ictimaiyyətini informasiya ilə təmin edir. Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər istehsalçılarından hesab olunan agentliyin tərkibində Azərbaycan, rus, ingilis, ərəb və fars dillərində xəbər xidmətləri fəaliyyət göstərir.

Əslində, 20 ilin xəbər brendi Trend İnformasiya Agentliyi desək, yanılmış olmarıq. "Trend" bu gün xarici ölkələrdə ən çox oxunan və tanınan yerli agentliklərimizdən biridir. Agentliyin baş direktorunun müavini Arzu Nağıyev deyir ki, bu media məkanının "Trend"i olmaq üçün iyirmi illik məsafə qət etmək lazımdır: "Elə-belə "Trend" olmaq olmur. "Trend" informasiya agentliyi 1995-ci ildən fəaliyyətə başlayıb. Artıq iyirmi ildir biz informasiya agentliyi kimi öz qərəzsiz mövqeyimizi daimi qoruyub saxlamışıq. Mətbu orqanı öz işini beynəlxalq normalara uyğun qurub. Bu gün "Trend" olmaq üçün peşəkar komanda formalaşdırmaq lazımdır. Bizimlə iyirmi il yol gələn komandamızla fəxr edirik. İllər ərzində burada peşəkar kadrlar hazırlanıb".

Arzu Nağıyev bildirir ki, "Trend"in əsas məqsədi xəbərləri operativ, qərəzsiz formada oxucularımıza çatdırmaqdır. Vəzifələr arasında peşəkar yazarlarla kadr potensialını daha da təkmilləşdirmək, Azərbaycan həqiqətlərini dünyaya ətraflı çatdırmaq da var. Ölkəmiz haqqında bütün məlumatları beynəlxalq aləmə olduğu kimi çatdırmaq agentliyin hədəfləri sırasındadır: "Trend" Azərbaycanla bağlı həqiqətləri dünyanın ən nüfuzlu media orqanlarının oxucularına çatdırır. Dünyanın ən nüfuzlu media orqanlarında "Trend" İnformasiya Agentliyinin əməkdaşlarının yazıları dərc olunur. "Trend" İnformasiya Agentliyi də Azərbaycanı, regionda baş verən prosesləri dünya media bazarında tanıtmaq üçün fəaliyyətini bu gün də böyük əzmlə davam etdirir".

Ötən 20 il ərzində "Trend"in gördüyü işlərə diqqət çəkən agentliyin baş redaktor müavini Emil Hüseynli isə qeyd edib ki, "Trend" Azərbaycan dövlətinin mediaya, söz və məlumat azadlığına yaratdığı şəraitdən istifadə edərək, xarici və daxili bazarda möhkəmlənib. Emil Hüseynlinin sözlərinə görə, informasiya agentliyində çalışan jurnalistlərin səviyyəsi elə vəziyyətə çatıb ki, dünya mediası bu jurnalistləri qəbul edir, tanıyır. Əvvəllər dünya mediasında "Trend"in xəbərləri yayılırdısa, indi agentliyin jurnalistlərinin məqalələri dərc edilir: "Hər bir informasiya resursu kimi "Trend"in də özünün hədəfləri var. Nə qədər uğur qazansaq da, sözsüz ki peşəkar kollektiv , peşəkar təşkilat bununla kifayətlənməməlidir. Əgər inkişaf bütün sahələrdə varsa, bu, media sahəsinə də öz təsirini göstərir. Dünya bazarında gedən media savaşında onlarla rəqabət aparmaq üçün yeni layihələr və yeni ideyalar ortaya qoymaq lazımdır".

Emil Hüseynli agentliyin yeni layihələrinin olacağını da vurğulayıb: "Sözsüz ki, inkişaf olan yerdə yeni layihələr həyata keçirilməlidir. Əsas istəyimiz oxucu məhəbbətini qazanmaq, Azərbaycanda, regionda baş verən proseslərin işıqlandırılmasında birincilər sırasında yerimizi qoruyub saxlamaq, dünyanın media elitasında yerimizi möhkəmləndirməkdir".

Bir sözlə, operativ informasiyaları, analitik yazıları ilə mətbuatda özünəməxsus yeri və rolu olan, öncüllər sırasındakı mövqeyini bu gün də qoruyub saxlayan "Trend" kollektivi gələcəyə böyük inamla addımlayır.

Həmkarlarımızı təbrik edir, uğurlarının daimi olmasını diləyirik.

APA TV

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.