Cəmiyyət

PA-nın sektor müdiri: "Vətəndaşlara yerli vergiləri ödəmək mədəniyyəti aşılanmalıdır "

2 Sentyabr 2015 15:05
2 Şərh     Baxış: 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2014-cü ilin 6 ayı ilə müqayisədə bu ilin eyni dövründə Azərbaycanda daşınmaz əmlak vergisi üzrə daxil olan vəsaitin həcmi 6,5% artıb. Bu il ölkənin 36 şəhər və rayonda əmlak vergisi üzrə ciddi artım müşahidə edilib. Məsələn, Səbail rayonunda daşınmaz əmlak vergisi üzrə daxil olmaların həcmi 87,9%, Gəncə şəhəri üzrə 88,9%, Cəlilabadda 99,3%, Şəmkirdə 1,5 dəfə, Şirvanda 2,5 dəfə, Gədəbəydə 15,5 dəfə artım müşahidə edilib. İlin axırına qədər daşınmaz əmlak vergisi üzrə daha çox artım müşahidə olunacaq.

Trend xəbər verir ki, bunu Prezident Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Kamran Bayramov bu gün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin, Nəsimi bələdiyyəsinin, "Bələdiyyə həyatı" qəzetinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) təşkilatçılığı ilə "Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları" mövzusunda keçirilən seminarda deyib.

Sektor müdiri bildirib ki, bir müddət öncə bələdiyyələrin 80 fazinin kompüteri yox idi. K.Bayramov deyib ki, lakin indi onların artıq 90-95 faizinin kompüterləri var, digərləri də qısa müddətdə təmin olunacaq.

PA rəsmisi sonra əlavə edib ki, bələdiyyələr vergilərin yığılması istiqamətində bütün resurslarını səfərbər etməlidir: "Əhali ilə səmərəli iş qurulmalıdır. Bu sahədə uğur qazanmış bələdiyyələrin təcrüməsindən faydalanmalıdırlar. Vətəndaşlara yerli vergiləri ödəmək mədəniyyəti aşılanmalıdır".

PA rəsmisi bəzi neqativ məsələləri də açıqlayıb: "Bəzi bələdiyyələr vətəndaşlara tədiyyə bildirişi göndərirlər. Bildirişdə əmlakın sahəsi göstərilmir. Vətəndaş sual verəndə ki, bu hansı sahə üçün hesablanıb, o zaman ona bildirilir ki, özünüz sahəni yazın, biz də yeni bildiriş yazıb göndərək. Bu, qətiyyən yolverilməzdir. Belə çıxır ki, bələdiyyə imkansız və ya fərasətsizdir, bu məlumatı özü əks etdirə bilmir".

K.Bayramovun sözlərinə görə, burada bir problem də ortaya çıxır - əmlakın sahəsi barədə məlumatların toplanması: "Bir çox hallarda vətəndaşlar əmlakın sahəsi barədə məlumatları təqdim etmirlər. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi ilə danışıqlar aparılır. Bu yaxınlarda müəyyən nəticəyə gələcəyik. Əvvəllər vergi müfəttişləri qapı-qapı düşüb gəzirdilər. Şəxsiyyət vəsiqəsinin surəti, vətəndaşın həmin əmlak üzərində hüquqları haqqında məlumat, yəni Çıxarış, texniki pasport, mülkiyyəti təqsid edən sənədin surəti olmalıdır. Vətəndaş bunları vermirsə, bunu əldə etmənin digər yollarını fikirləşmək lazımdır".

PA rəsmisi əlavə edib ki, bələdiyyələr Vergilər Nazirliyinə hər bir vətəndaşın vergi uçotuna alınması haqqında şəhadətnamə verməlidir. K.Bayramov bildirib ki, bu, vətəndaşın vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir və psixoloji baxımdan da böyük əhəmiyyət kəsb edir.

Sektor müdiri həmçinin qeyd edib ki, qanunvericiliklə bələdiyyənin qəbul etdiyi akt icra sənədinə bərabər tutulur. Yəni, burda məhkəmənin qərarı tələb olunmur: "Həmin aktı məhkəmənin icra məmuruna təqdim etdikdə icraya yönəltmək olar. Lakin müəyyən icra məmurları həmin sənədi icraya yönəltmir. O da bələdiyyənin məlumatları tam təqdim etməməsi ilə bağlı olur. Ona görə də bələdiyyələr sənədləri tərtib edərkən diqqətli olmalıdırlar".

K.Bayramov bildirib ki, bələdiyyənin fəaliyyətinin statistik müqayisəsi aparılıb: "Ötən illə müqayisədə bələdiyyələrdə demək olar ki, bir neçəsini çıxmaq şərtilə bütün vergi ödənişləri üzrə artımlar müşahidə olunub. Məsələn, əmlak vergisi artıb. Torpaq vergisində 16,6 faiz azalma var. Mədən vergisində ölkə üzrə azalma kəskindir - 55,8 faiz. Lakin küçə və reklam yayımı ödənişlərində 2 faiz artım olub. Hətta stasionar və səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödənişdə 1 faiz artım olub. Halbuki əvvəlki dövrlərdə bununla bağlı heç bir yığım olmayıb. Yarım il əzrində mehmanxana, sanatoriya, kurort üzrə ödənişlərdə 16,3 faiz artım olub. Nəqliyyat vasitələrinin dayanacaqları üçün ödənişlər 3,5 faiz təşkil edib. Daha bir sevindirici hal odur ki, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, yəni bələdiyyə torpaqlarının satışından əldə olunan ödənişlərin kəskin azalması müşahidə edilib. Bu sahədə demək olar ki, 50 faizdən çox azalma olub. Bu, müsbət haldır. Çünki bələdiyyələr öz diqqətini torpaq satışına deyil, digər vergi ödənişlərinə yönəldiblər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.