Cəmiyyət

"Trend" həm də bir Azərbaycandır

1 Sentyabr 2015 12:36
Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər gün yazırıq. Ətrafımızda baş verən, olan-bitən hər şeydən həm də. Doğru da yazırıq, bəzən yalan da. Tənqid də edirik, bəzən isə təhqir də. Hətta bəziləri Yerdən deyil, Göylərdən də yazır. Arzu, istək, xəyal, fantaziya və sair və ilaxırlar da bu qeydlərin içərisində yer alır...

Amma bu yazıların içərisində Vətən adlı dəyərimizdən, onun bizim nəinki bugünkü həyatımızda, hətta bu dünyanı tərk etdikdən sonra da sahiblənəcəyimiz qiymətini çox az görürəm. Torpaq, el-oba, yurda bağlılıq, sevgi unudulub sanki.

Hər şey elə bil ki, bu gün üçün - yaşadığımız anlar, dəqiqələr, saniyələr üçün hesablanıb, kodlaşdırılıb. Niyə belədi? Mənmi səhv düşünürəm, yoxsa çox şey sürətlə dəyişir? Yoxsa biz hadisələrin fərqinə anında vara bilmirik?

Bu sətirləri oxuyub ağız büzənlər çox olacaq. Hətta ikrahla rəy söyləyənlər də tapılacaq. Amma olsun. Yenə də yazacağam.

VƏTƏN sevgisi - malik olduğumuz bütün dəyərlərimizin önündə gəlir. Bu qədər unutqan olmağımızın bizi hara apardığını fərqinə belə varmadan çox sürətlə harasa tələsirik. Həyəcanla günləri başa vurmağa, onları bitirməyə çalışırıq. Ömür çox qısadır. Bunu hamı bilir. Amma mən indi o üzdən bunları təkrarlayıram ki, yaşadığımız anlarımızın içərisindəki dəyərliləri dəyərsizləşdirdiklərimizin yerinə qoymağa tələsək bir az. Övladlarımıza çox şey vermək istəyirik. Gözümüzün didəsi qədər sevdiyimiz canımızın bir parçası uşaqlarımıza maddi var olduqlarımızı mümkün olduğu qədərincə çox verməyə çalışırıq. Amma bir çox anlarda onlara sevgi bəxş etməyi unuduruq. Özəlliklə də Vətən sevgisini.

Övladlarımıza bu dünyada malik olduğumuz bütün maddi mirasımızı - hər şey verə bilərik. Amma gələcək davamçılarımızın qəlbində Vətən sevgisi olmadıqca, maddi mirasın da heç bir önəmi qalmır. Ayaqların altda canından çox sevdiyin, könüldən bağlandığın, qoruduğun dədə-baba yurdun olmadıqdan sonra nə qədər istəyirsən dünya malına sahib ol, mənasızdır. Əllərindən uçub gedəcək...

Bir anlıq xatırlayın. Torpaqlarımızın son işğalında soydaşlarımızın yaşadıqları yurdları ilə bərabər itirdikləri maddi sahib olduqlarını. Saysız-hesabsız dəyərdə idi itkilər...

Məncə, bu acılı tariximizi yada salmaq az öncə yuxarıda qeyd etdiklərimi anlamağa yetər. Son Qarabağ savaşını görməyən, o hadisələrin canlı şahidi olmayan və indi böyüyən gənclərin, yeniyetmələrin yenidən həmin faciələri təkrar yaşamamaları üçün onlara verə biləcəyimiz ən böyük miras - Vətən sevgisidir. Bunu unutmamaq lazım.

Bunu həm də ona görə etməliyik ki, bu, bizim torpaqlarımız uğrunda canlarını vermiş Şəhidlər, Vətənimizn azadlığı, bütövlüyü uğrunda gedən döyüşlərdə qanları Vətən torpağına çilənmiş qazilərimizin qarşısında bir VƏTƏNDAŞ borcumuzdur. Şəxsiyyətinə çox hörmət bəslədiyim bir qazinin vaxtilə söylədiyi kəlmələr hələ də qulağımdadır: "Biz bu Vətən torpağını öpə-öpə, onun üstünə üzümüzü qoyub yata-yata döyüşürdük".

Ətrafımızda gün ərzində yüzlərlə olay baş verir. Onlardan haqqında yazdığımız da olur, yazmadığımız da. Amma hər gün, hər an deyəcəyimiz, söyləyəcəyimiz, paylaşacağımız, dönə-dönə yazacağımız dəyər məhz Vətən sevgisi olmalıdır. Arxamızda buraxacağımız ən böyük miras isə Yurd sevgisi.

Üzərində gəzdiyimiz bu yurdun hər qarışına bir igid cəngavərin qanı çilənib. Torpaq seviləndə Vətən olur.

Məzar daşı da Vətən torpağı üzərindədir. Doğmalarımızla bütün ömrümüzü paylaşdığımız ocağımızın məkanı da bu torpaqlardadır. Onu itirməmək üçün sadəcə qəlbdən təmənnasız sevmək gərək.

Yurda bağlı hər söz qəlbdən keçməlidir. Deyəcəyin sözsə sahib olduğun öz sözün olmalıdır. Əks halda, ya deməyəcəksən, ya da dediyin səmimi olmayacaq. Bu gün Trend İnformasiya Agentliyi mənim üçün bir iş yeri olmaqla yanaşı, həm də qəlbimdən keçən sözümü paylaşacağım tribunadır. Bu tribunadan hərdən ata-baba yurduyla bağlı düşüncələrimizi paylaşmayacaq qədər paxıl olmamalıyıq məncə. Özü də bu imkan, fürsət varkən. Bu sözləri yazanda isə məhz bu səbəbdən düşünürəm ki, Trend həm də bir Azərbaycandır. Daşına-kəsəyinə qurban olduğum Sevgili Vətənimin bir parçası.

Durduğun məkanın, yaşadığın zamanın qədrini biləcəksən ki, arxanda izin qalsın...

P.S. Bu gün Trend-in yaranmasından 20 il keçir. Nələri etmişik, nələri bacarmışıq, buna qiymət verməyi dəyərli oxucularımızın öhdəsinə buraxırıq. Sizlər var olun ki, bu 20 ildə bizimlə olmusunuz.

Mətanət Əliyeva
Trend 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.