Cəmiyyət

Mərd və əməksevər insanların diyarı - FOTO

30 Avqust 2015 19:50
0 Şərh     Baxış: 2 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğal tariximizin daha bir gününə gəlib çatdıq. Bu günün hədəfi Qubadlıdır. O Qubadlı ki, onu min illərdir məskən saldığı, ev-eşik qurduğu torpaqlardan heç kim ayıra bilməmişdi. Mərd, zəhmətsevər insanları ilə seçilən Qubadlı düşmən qarşısında da məğrur dayanıb, torpağını, elini-obasını qəhrəmanlıqla  müdafiə etməyə çalışırdı.  Azərbaycanın, Qarabağın içərilərinə soxulmaq istəyən qüvvələr həmişə Qubadlıdan keçmək istəsələr də, niyyətləri gözlərində qalırdı.  Bunu Qubadlının yaxın, uzaq tarixi də sübut edir.

Həsrətdə qalan yurd  yerlərimiz
 
Qubadlı bir rayon kimi 1933-cü ildə təşkil olunub. Ərazisi 802 kvadratkilometr, əhalisi 33 800 nəfər idi. Ancaq onun bu statusda yaşaması çox çəkməyib - 1963-cü ildə ləğv edilərək,  Zəngilan rayonu ilə birləşdirilib. "Perspektivsiz" dağ kəndləri, ucqar yaşayış məskənləri zorla köçürülüb, başqa rayonlarla birləşdirildiyi sovet dövründə Qubadlı da belə bir taleyi, qısa da olsa, yaşamalı oldu. Ancaq əhalinin narazılığı və verilən qərarın perspektivsizliyi özünü çox gözlətmədi, 1964-cü ildə Qubadlı yenidən müstəqil rayona çevrildi.
Qubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən isə elə bir vaxtlar Qubadlının da torpaqları hesabına zorla yaradılan Ermənistanla həmsərhəddir. Gözəl təbiətə və zəngin sərvətlərə malik olan Qubadlının Bazarçay (Bərgüşad), Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqları regionun əsas su mənbələri sayılırdı. Ancaq Qarabağın hər yerində olduğu kimi, bu rayonun da rahat həyatı qəflətən alt-üst oldu, Qarabağ uğrunda savaşlar başladı.
 
Sonadək döyüşdülər
 
Yenidən Azərbaycana qarşı torpaq iddiasına başlayan erməni quldur dəstələri 1988-ci ilin noyabr ayında rayonun ərazisində yerləşən, Gorus-Qafan yolunun kənarındakı Eyvazlı kəndində yanğınlar və qətllər törətdilər. Bu qanlı hadisələr qubadlılıları çıxılmaz vəziyyətə saldı. O zamankı respublika rəhbərliyinin köməyindən əlini üzən rayon camaatı özünümüdafiə dəstələri təşkil etməklə dədə-baba torpaqlarını təcavüzdən qoruyurdu. Onlar səngərlər quraraq düşmənin basqılarının qarşısını almağa çalışırdılar.
Lakin 1992-ci ilin mayında  Şuşa və Laçın rayonlarının işğalından sonra, hər yerdə olduğu kimi, Qubadlıda da vəziyyət gərginləşdi. 1993-cü il  avqustun 23-də Cəbrayıl və Füzulinin işğalı isə Qubadlının və Zəngilanın Azərbaycanın əsas torpaqları ilə əlaqələrini tamamilə qırmış oldu. Qubadlı rayonunun sakinləri  nə qədər mərdliklə vuruşsalar da, müqavimət göstərsələr də, düşmənin hərb maşını qarşısında dayana bilmədi - 1993-cü il avqustun 31-də rayon tamamilə işğal olundu.
Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhidlik zirvəsinə yüksəldi. Qarabağ müharibəsində isə Qubadlının ümumilikdə 241 övladı şəhid, 191-i əlil oldu. Döyüşən Qubadlı haqqında bir də onun 8 Milli Qəhrəmanı, yaralı torpaqları şəhadət verə bilər.
 
Yanan daşların yaddaşında
 
"Ermənilər işğal etdikləri torpaqları "viran qoymaq" taktikasına əl atmışdılar. Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər əlil olmuşdu. Qaçqın və məcburi köçkünlərin sayı milyonu keçmişdi. Rəsmi məlumata görə, erməni işğalçıları tərəfindən 4  861 nəfər azərbaycanlı, o cümlədən 314 qadın, 58 uşaq və 255 qoca əsir və girov götürülmüşdü. Erməni faşistləri əsir və girovların həqiqi sayını beynəlxalq humanitar təşkilatlardan gizlədir, onlarla qeyri-insani, amansız rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldırdılar". (Qarabağ. Real tarix. Faktlar. Sənədlər. Bakı-2005).
Kitablara sığmayan bu ağrı-acılar Qubadlının taleyində daha aydın görünür.
Ermənilər Qubadlıda  94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 40-dan artıq tarixi abidəni yandıraraq məhv ediblər.
İşğala qədər 33 800 nəfər əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik və 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib. Bu təlim-tərbiyə və təhsil müəssisələrində 1 280 nəfər müəllim çalışıb.
Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60  kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub.
Qubadlının şərəfli tarixini ümummmilli lider Heydər Əliyev belə dəyərləndirirdi: 
"...O torpaqlar əməksevər insanların qeyrət, bərəkət ünvanı idi. Qubadlılılar Qarabağa, Laçına, Kəlbəcərə Ermənistandan gələn yolun üstündə möhtəşəm qala kimi dayanmışdılar."
Hazırda respublikamızın müxtəlif şəhər və rayonlarında məskunlaşan qubadlılılar yaşamaq, qurub-yaratmaq, dədə-baba torpaqlarına qayıtmaq eşqini, həvəsini itirməyiblər. Yenə uşaqları məktəbə gedir, cavanları işlə məşğul olur, qocaları isə doğma yurda qayıdacaqları günü gözləyirlər. Elə gözləyə-gözləyə, istəyə-istəyə də həmin günü yaxın etmək olar. Söhbət o gündən  - Qələbə günündən gedir.

"Azərbaycan" qəzeti

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.