Cəmiyyət

Azərbaycan milli dövlətçiliyinin inkişafında intellektual potensialın rolu

30 Avqust 2015 12:04
Baxış: 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda dövlətçilik tarixinin minillərə söykənən əsası vardır. Qədim dövlətçilik ənənəsində sülalə hakimiyyətinin əsas yer tutduğu mərhələ üstünlük təşkil edir. İrsi hakimiyyətə əsaslanan idarəetmənin tarixdə yer almış uğurları ayrı-ayrı şəxsiyyətlərin adı ilə bağlıdır.

Mənəvi keyfiyyətlərin təsirsiz qalmadığı şərtlər sırasında dünyagörüşü, təcrübə, sərkərdəlik qabiliyyəti, təhsil səviyyəsi, siyasətçiliyi, diplomatik bacarığı sülalələr içərisində konkret adları zamanın fövqünə qaldıra bilmişdir.
Azərbaycan dövlətçiliyində mühüm rol oynamış Şirvanşahlar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və b. sülalələr sırasından seçilən adlar məhz fərdi keyfiyyətləri ilə fərqlənmişdir. Hökmdarların idarəçilik qabiliyyətlərinə söykənərək yaşayan dövlətlərin qüdrəti də həmin rəhbərlərin hakimiyyətləri qədər sürür. Varislərin də eyni dərəcəli bacarığı dövlətin əzəmətini müəyyənləşdirir. Bu isə dövlətçiliyi daima şəxsiyyətlərdən asılı olaraq müxtəlif səviyyələrdə mövcud olmağa sövq edir. Dövlətçiliyin təməl prinsipləri oturuşmuş idarəetmə mexanizmi üzərində inkişaf etmir. Bu baxımdan dövlət idarəçiliyində intellektual potensial amilinə kompleks yanaşmaq lazımdır.
Dövlət idarəçilik formasının müəyyənləşdirilməsi vacib şərtlərdəndir. Bəşəriyyət tarixində mütərəqqi və son mükəmməl idarə üsulu respublika quruluşu hesab olunduğundan Azərbaycanın tərəqqipərvər ziyalıları da məhz bu istiqaməti seçdilər. Böyük Fransa inqilabı ideyalarının təsir əhatəsinin genişləndiyi dövrdə Azərbaycan artıq Rusiya ilə İran arasında bölünmüşdü. Rusiya imperiyası ərazisində qalan hissədə maarifçilik dəyərlərindən faydalanan ziyalılar formalaşırdı. Avropanın, Rusiyanın ali təhsil müəssisələrində dünyagörüşü, siyasi baxışları təşəkkül tapan azsaylı gənc ixtisas sahibləri yetişirdi. Təhsil aldıqları mühitin ciddi təsir göstərdiyi bu insanlar bəşəri ideyaların mənsub olduqları xalqlara yönəlik tətbiqi yolları axtarışında idilər.
Çar idarəçiliyi çərçivəsində həyata keçirilməsi zəruri olan islahatlar müstəvisində Azərbaycan ziyalıları da fəallıq göstərirdilər. Əksəriyyətin "cümhuriyyət üsuli-idarəsi" seçimində birləşməsi siyasi mənzərənin monolitliyi deyildi. Rusiyanın inqilabi mühitində təhsil alan müsəlmanların seçimi ilə Osmanlı dövlətində "Gənc türklər inqilabı"nın təsiri altında püxtələşən Azərbaycan ziyalılarının siyasi baxışları arasında sədd yaranmaqda idi. "Himayəçi", yaxud "örnək" dövlətlərə oriyentasiyada fərqlər mövcud idi. Cəmiyyətin intellektual potensialının daşıyıcıları fərqli modelləri tətbiq etmək düşüncəsində olan ziyalılar idi. Müvafiq olaraq yaradılan siyasi partiyalar, xüsusən mətbu qurumların nəşrləri, ictimai təşkilatlar siyasi qalereyanı zənginləşdirirdi. Nəhayət, 1917-ci ilin fevralında mütləqiyyətin devrilməsi ilə imkanlar genişləndi, eyni zamanda yollar haçalandı. Azərbaycan milli hərəkatının vüsət tapması prosesi ilə yanaşı xeyli fərqli siyasi qüvvələr olmuşdur ki, Azərbaycanın müqəddəratını öz baxışları çərçivəsində müəyyənləşdirməyə səy edirdilər.
Azərbaycan milli fikrinin milli məktəb, milli mətbuatdan irəli getmədiyi zamanlarda ziyalılarımız fəaliyyətlərini əsasən bu istiqamətə yönəltmişlər. Təsadüfi deyildir ki, Azərbaycan Cümhuriyyətinin qurucuları sırasında öndə gedənlər milli mətbuat qurumlarının yazarları - ziyalılar idilər. Ziyalıların inqilabi proseslərdə iştirakı heç də mütləq zəruriyyət kimi səciyyələndirilə bilməz. Çünki "Ali inqilabi proseslər başlananda intellektual potensial, bir qayda olaraq, arxa plana çəkilir. O, həqiqəti axtarmaq üçün təhlil etməli, şübhələnməli, fikirləşməli, ehtiyatlı davranmalıdır. Bu isə inqilabçılara xoş gəlmir. Çünki onlara hər şey həmişə aydın və rahat görünür". İntellektual potensialın mövqeyi və davranışını səciyyələndirən bu deyim bütün hallar üçün məqbul sayıla bilməz. Xüsusən də siyasi proseslərin önündə gedən ziyalılar - intellektual potensialdırsa. Həmin proseslərin əsas təşəbbüskarı və iştirakçıları yerli ziyalılardısa. Azərbaycanda məhz belə idi. Hətta Azərbaycan dövlətinin - respublikasının qurulmasını ziyalıların və burjuaziyanın istəyi və zəhməti kimi dəyərləndirirlər. Milli maarifçilik yolunu tutan Azərbaycan ziyalısı bir vaxtlar "bir millət özünü tanımayınca hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli məktəb, milli mətbuat, ədəbiyyat lazımdır" şüarı ilə çıxış edirdi. Bu, 1905-ci ildən Azərbaycan cəmiyyətində siyasi diferensiallaşma prosesinin başlanğıcına təsadüf edir. 1917-ci il Fevral inqilabından sonra siyasi diferensiallaşma rəsmi, leqal, peşəkar səciyyə daşımağa başladı. Azərbaycanın intellektual potensialının hədəfi uzun illər eyni olmuşdur. Əksəriyyət 1917-ci ilin Fevral inqilabına həmrəyliklə dəstək verdi. Milli, dini, liberal, sosialist yönümlü hərəkatların üzvü olan ziyalılarımız hər biri ayrılıqda öz niyyətlərinin - proqramlarının gerçəkləşmə perspektivinə inanırdı. Respublika idarə üsulunda həmrəy olan qüvvələr Rusiyanın gələcək siyasi taleyini müəyyən edəcək Müəssislər Məclisinə seçkilərdə iştirak etməklə məqsədlərinə çatmaq niyyətində idi. Azərbaycan cəmiyyətinin intellektual potensialı 1917-ci ilin fevralınadək milli mədəniyyətin, dilin azad inkişafı üçün lazımi şəraitin yaradılmasını tələb edirdisə, artıq 1917-ci ilin martından Rusiya dövləti hüdudlarında Azərbaycanda məhəlli muxtariyyət ideyası aparıcı yer almağa başladı. Həmin ilin aprelindən "Azərbaycan muxtariyyəti" ideyası ictimai status qazanır. Azərbaycan  milli hərəkatının aparıcı üzvləri olmuş ziyalılarımız 1918-ci ilin martında yeni mərhələyə daxil olurlar.
Rusiya Müəssislər Məclisinə seçilmiş nümayəndələr sırasında Azərbaycan cəmiyyətinin siyasi palitrasının təmsilçiləri, həmçinin elitar ziyalıları var idi. Onların 1918-ci ilin fevralında təşkil olunan Zaqafqaziya Seymində fəaliyyəti dövlətçilik təcrübəsi baxımından faydalı olduğu qədərincə, Azərbaycanın müqəddəratının regional səviyyədə, həm də Osmanlı dövləti ilə birlikdə həll olunduğu prosesdə iştirak etmək, təsir göstərmək imkanı baxımından da əhəmiyyət daşımışdır. Əsasən Avropa təhsilli, ictimai əməlləri ilə tanınmış mütərəqqi fikir sahibi, ixtisasına dərindən bələd, əqidəli insanların bir araya gəlməsi, ümummənafeli məsələlərdə yekdillik və prinsipiallıq göstərməsi Azərbaycan dövlətçiliyinə gedən yolu yaxınlaşdırdı.
Azərbaycan mətbuatı səhifələrindən başlayan istiqlalçılıq ideyaları cümhuriyyətin bəyan edilməsi ilə gerçəkləşdiyi kimi, milli dövlət quruculuğu işləri çox gərgin və mürəkkəb şəraitdə həyata keçirildi. Bu prosesdə ziyalıların rolu aparıcı  məzmun daşıyırdı. Yazılarında və çıxışlarında qaldırdıqları problemlərin həlli üçün real imkan yaranmışdı. Əgər vaxtilə "İqbal" qəzetində əsas müəlliflər olan Abdulla Şaiq, Sənətulla Eynullayev-İbrahimov, Seyid Hüseyn, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Məhəmməd Hadi və digər ziyalılarımız müxtəlif problemləri vahid məqsəd ətrafında birləşdirir, milli müstəqillik ideyalarının təbliğinə xidmət göstərirdilərsə, bu mübarizə "Yeni İqbal" və "Açıq söz" qəzetlərində davam etdirilmişdir. "İqbal"ın naşir və baş mühərrirləri, müəlliflərinin böyük əksəriyyəti sonralar Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları oldular.
Azərbaycan Cümhuriyyəti parlamentinin, hökumətin rəhbərləri və üzvləri intellekt, peşəkarlıq səviyyəsinə görə ölkə miqyasından kənarda belə fəaliyyət göstərməyə qadir şəxsiyyətlər olmuşlar. Parlamentin sədri Ə.M.Topçubaşov Rusiyanın müsəlman-türk xalqlarının milli azadlıq hərəkatının liderlərindən idi. Ümumrusiya müsəlman qurultaylarına sədrlik etmiş, "Ümumrusiya Müsəlmanları İttifaqı" partiyasının sədri seçilmişdi. Hökumətin ilk 3 tərkibinə rəhbərlik etmiş Fətəli xan Xoyski "Millətin hüququ, istiqlalı, hürriyyəti" şüarını fəaliyyətində başlıca prinsipə çevirmişdi. Böyük Britaniyanın Cənubi Qafqazdakı qoşunlarının baş komandanı general Tomson F.X.Xoyskini "dövlət adamı" kimi yüksək dəyərləndirmiş, onun yaratdığı hökuməti "yeganə yerli qanuni hakimiyyət" hesab etmişdir.
Azərbaycanın intellektual potensialının tamamən səfərbər olunduğu cümhuriyyət hakimiyyəti uzun sürmədi. Rus ziyalısından fərqli çar istibdadından milli həqarət görmüş "müsəlman" ziyalısı iki ilədək yaşamış milli hökumətin ("Azərbaycan Cümhuriyyəti sağlam bir millət fikri üzərində qurulmuşdur" (Ü.Hacıbəyli) süqutu ilə asanlıqla barışa bilmirdi.
Rus ziyalısı əgər "rus inqilabını" birmənalı qəbul etməmişdisə, "müsəlman" ziyalısının münasibətini birrəngli dəyərləndirmək düzgün olmazdı. Azərbaycan ziyalılarının sovet hakimiyyətinə münasibəti heç də yalnız sosial mənsubiyyətlə şərtlənməmişdi. Psixoloji, mənəvi-əxlaqi, dünyagörüşü, peşəkarlıq və s. amillərlə bağlı olmuşdur. Rusiyada "bəzi qızğın bolşevik beyinlərin" ifrat mədəni islahat cəhdləri hətta proletar yazarları da hiddətləndirmişdi. Azərbaycanda isə "proletar ziyalılar" təbəqəsi yox dərəcəsində idi. Ən mühüm şərt isə Azərbaycan sovet hökumətinə ilk əvvəllər N.Nərimanovun rəhbərlik etməsi sayıla bilər. "Millətçilik ruhu ilə aşılanmış" hesab edilən Azərbaycan ziyalısı N.Nərimanovun himayəsi və dəstəyi ilə yeni hakimiyyətlə əməkdaşlığa cəlb olunmuşdu. Onların üzərinə "Oyanan Şərq üçün Azərbaycanı çıraq etmək" kimi tarixi missiya qoymuşdu. Həmin dövrdə "sovet respublikaları arasında Azərbaycan yaşlı nəsildən olan bu qədər (xeyli - F.Ə.) ziyalının hökumətlə əməkdaşlığa girib xalqına xidmət etdiyi müstəsna bir respublika idi" (H.Həsənov). Milli ideologiyaya söykənməyən bir quruluşda milli mədəniyyətin inkişaf etdirilməsi milli özünüdərkin mövcudluğu və təkamülü üçün mühüm şərt idi. Sovet dönəmində belə Azərbaycan cəmiyyəti milli ənənəyə bağlı ziyalılarından xali olmamışdır. Hətta Azərbaycan siyasi mühacirəti həmin ziyalıların adını təqdirlə anmışdır. Məhz sovet illərinin yetirmələri olmuş Azərbaycan ziyalıları Sovetlər birliyinin süqutu prosesində milli demokratik hərəkatın önündə getdilər. Elmin, təhsilin, mədəniyyətin inkişafı nəticəsində formalaşmış intellektual potensial müstəqil Azərbaycan Respublikasının əsas sərmayəsi oldu.
Çağdaş dünyanın prioritet dəyəri olan insan kapitalı respublikamızda da önəm verilən amildir. Prezident İlham Əliyev tərəfindən "Biz neft gəlirlərinin insan kapitalına çevrilməsini təmin etməliyik" müddəası ilə  intellektə yönəlik sərmayə mexanizmi genişlənir. Bu məqsədyönlü siyasətin xarici müşahidəçiləri belə etirafdan çəkinmirlər: "Bakı dünyanın intellektual paytaxtına çevrilməkdədir".
Azərbaycanın intellektual potensialını müstəqil milli dövlətçiliyin inkişafına səfərbər etmək mexanizmini isə daim təkmilləşdirmək lazımdır.

"Azərbaycan" qəzeti

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.