Cəmiyyət

Azərbaycan maralı - FOTO

29 Avqust 2015 11:33
18 Şərh     Baxış: 5 209
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən yalnız bir parça torpaqdan və sərhədlərdən ibarət deyil. Onun özünəməxsus zəngin dərinliyi və hüdudsuz dərəcədə geniş mənəvi sərhədləri olur. Bir də vətən ayrı-ayrı şəxsiyyətlərin məcmusundan, onların reallaşdırmaq istədiyi ideyaların zənginliyindən ibarətdir. Bu fərdlər dahilər də ola bilər, sıravi insanlar da. Onların işi alındıqca, ideyaları baş tutduqca, vətən güclənir. 

Tofiqi cavanlığından tanıyıram. Astrofizikdir. Təhsil aldığı BDU-dakı professor və müəllimləri onun fəlsəfə sahəsini seçəcəyinə əmin idilər. Sərbəst düşüncəyə, fəlsəfi təfəkkürə və bir də inadkar təbiətə malik olduğu üçün. Lakin bu yolla getmədi, sahibkarlıq fəaliyyətini seçdi, əlinin qabarına güvənməyə qərar verdi.
İlk vaxtlar onun Azərbaycan ərazilərində kökü kəsilmiş dırnaqlı vəhşi heyvan növlərini - əsasən maralları, xallı ceyranları və dağ muflonlarını yetişdirmək, vəhşi təbiətə buraxmaq, safari-parklar yaratmaq ideyası çoxlarının ağlına batmırdı. Lakin o, ruhdan düşmədi, uzun müddət araşdırmalar apardı, demək olar ki, Azərbaycanın əksər rayonlarını qarış-qarış piyada gəzdi və birinci safari-parkın yaradılması üçün müvafiq əraziləri Şamaxıda tapdı. Yenə tələsmədi, 2 ilə yaxın vaxtı getsə də, dünya təcrübəsini araşdırdı, bu sahədə dərin bilikləri olan mütəxəssislərlə məsləhətləşdi. Yalnız bundan sonra icarəyə götürdüyü torpaq sahələrini məftillərlə hasara alaraq varyerləri qurdu, Avropadan xallı ceyran, maral və dağ muflonları gətirdi. Bununla da ölkənin aqrar sektorunda, eyni zamanda ekoloji mühitin bərpa edilməsi istiqamətində heç kimin heç vaxt görmədiyi çətin və mürəkkəb bir işə start verildi. Həm kənd təsərrüfatının yeni sahəsi yarandı, həm də dağların faunasının bərpası üçün ciddi addım atıldı. 
Bu gün planetimizdə heç bir dövlət təkcə iqtisadi gücünə və hərbi qüdrətinə güvənərək inkişaf edə bilməz. Bütün uğurların qayəsində həm də üstündə yaşadığımız torpağa, onun florası və faunasına münasibət dayanır. Son 10 ildə dünyada baş verən təbii fəlakətlərin sayı ötən əsrin yüz illik göstəricilərinə bərabərdir. İndi alimlər təsdiq edir, ekoloqlar həyəcan təbili vurur ki, bəşəriyyət bu minvalla yaşamağa, ana təbiətə qarşı amansız münasibət göstərməyə davam edərsə, gələcəkdə onu qarşısı alınması mümkün olmayan ağır fəlakətlər gözləyir. Statistik rəqəmlərə görə, səhralaşma artdıqca, planetdə mövcud olan bitki və vəhşi heyvan növləri tükəndikcə, qida və ərzaq növləri məhdudlaşdıqca saysız-hesabsız təbii fəlakətlər baş verir, xəstəliklər vüsət alır, insanlar cılızlaşır. 
Bu baxımdan "Şamaxı" safari-parkının yaradılması bir tərəfdən aqrar sektorun yeni sahəsi kimi təqdim edilsə də, digər tərəfdən onun təbii sərvətlərimizin sırasında xüsusi yer alması diqqət çəkir. İndinin özündə safari-parka kim qonaq gəlirsə, maralları, xallı ceyranları bir dəfə görürsə, onun davranışında, xarakterində müəyyən dəyişikliklər baş verir, qəlbində təbiətə mərhəmət hissi oyanır, ətrafına və dünyasına daha həssas və qayğıkeş olur. Sanki insan mənəviyyatı saflaşır. 
Azərbaycan təbiətinə nəzər salsaq XIX əsrin əvvəllərindən XX əsrin sonunacan ciddi ekoloji problemlərin yarandığını görərik. Bu illər ərzində meşə örtüyü bir neçə dəfə seyrəlmiş, bir sıra vəhşi heyvan növlərinin sayı kəskin azalmış, bəziləri hətta yoxa çıxmışdır. Sovet hakimiyyəti illərində respublikamızın ümumittifaq bostanına çevrilməsi də zəngin təbiətimizin yoxsullaşmasına səbəb olmuşdur. Yalnız müstəqillik illərindən üzü bu yana təbiətin qorunması, ekoloji tarazlığın bərpa edilməsi üçün dövlət səviyyəsində ciddi addımlar atılmağa başlanmışdır. 
Məlumdur ki, təbiətin mükəmməl düzəninə sürətli sənayeləşmə, yeni texnologiyaların tətbiqi və aramsız davam edən lokal müharibələr qənim kəsilib. Artıq alimlər, ekoloqlar həyəcan təbili vururlar. Planetin faunası və florası kasadlaşdıqca insan övladı da maddi və mənəvi yoxsulluğun uçurumuna yuvarlanır. Dərk etmir ki, bütün kainatı, qalaktikaları, milyardlarla ulduzları idarə edən səlis bir sistem mövcuddur. Buna harmoniya qanunu deyirlər. Fəzada mövcud olan ən nəhəng ulduzdan yerdə yaşayan qarışqa kimi ən kiçik canlıyadək nə varsa, hamısı yalnız bu qanun çərçivəsində hərəkət edir. Ondan kənara çıxan istənilən cisim, istənilən varlıq məhvə məhkumdur. Ona görə də biz insanların şüurlu varlıq kimi əsas vəzifəsi kainatın harmoniyasını dərk etmək, onu pozmadan, ona qarşı çıxmadan insan missiyasını şərəf və ləyaqətlə yerinə yetirməkdir. İnsanlıq borcumuz bizə bəxş edilən gözəllikləri, dünyaya yaraşıq verən, ruhumuza zənginlik gətirən nə varsa hamısını qorumaq, yaşatmaqdır. Təbiət vurğunu bizim Tofiq müəllim kimi. İndi o çalışır ki, yerli maral cinslərinin artırılması ilə məşğul olsun: 
- Bizim üçün Avropa ilə əməkdaşlıq vacibdir və bu işdə bizə yardım edən qurumların hamısına minnətdarıq. Lakin bu əməkdaşlığın çərçivələrini özümüz təyin etməliyik. Dünya bir bazardır. Bizim avropalı həmkarlarımızla münasibətləri nəzərdən keçirəndə buna bir daha əmin olursan. Maralları gətirdikdən sonra bizə yem, dərman preparatları satmaq istəyənlərin, əməkdaşlığın güclənməsində maraqlı olanların sayı artıb. Belə halda biz də öz maraqlarımızı təmin etməliyik. 
Safari-parkın rəhbəri belə hesab edir ki, müasir bazarda Azərbaycanın qarşısında geniş imkanlar açılır. Burada ən vacibi maralçılığın inkişafında Avropa təcrübəsindən yararlanmaqla yanaşı, oradan gətirilən maralların sayının azaldılmasıdır. Ona görə ki, bizim Qafqaz maralı daha ətlidir və yerli mühitdə daha yaxşı inkişaf etməyə qadirdir. Azərbaycanda elə bir mərkəz yaratmaq olar ki, bütün Yaxın Şərqə, Orta Asiyaya maral ixrac etsin. Bu işdə nə qədər çətinliklər olsa da, perspektivlər daha maraqlı və cəlbedicidir. 
"Şamaxı" safari-parkı ilə ölkədə aqrar sektorun fərqli və unikal bir istiqaməti qurulur. Əlbəttə, dünyanın bir çox inkişaf etmiş ölkələrində maralların yetişdirilməsi onilliklərdir inkişaf edir, maralçılıqla məşğul olan saysız-hesabsız fermer təsərrüfatları fəaliyyət göstərir. Buna baxmayaraq, Tofiq Həsənov vurğulayır ki, məqsədləri geniş və çoxşaxəlidir: 
- Əgər Qərb dövlətləri maralçılığın inkişafına sırf biznes maraqları bucağından baxırsa, bizdə yanaşma fərqlidir: Azərbaycan təbiətindən adı silinən və ya yox dərəcəsinə düşən maralların, ceyranların, dağ muflonlarının sayını artırmaqla ana təbiətin əvvəlki gözəlliyini və əzəmətini özünə qaytarmaq, itən vəhşi heyvan növlərinin populyasiyasını bərpa etmək. Eyni zamanda turizmin yeni sahələrinin inkişafına təkan verməyi düşünürük. Qərbdə maral ətinə getdikcə tələbat artır və bu səbəbdən əsas hədəflərindən biri də maral ətinin istehsalının artırılmasıdır. Lakin şərqdə marala, xallı ceyrana münasibət bir qədər poetikdir, o, gözəllik və sevgi rəmzidir. Baxmayaraq ki, Şərq təbabətində də maral südü, əti, daxili orqanları, dərisi və buynuzları müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə edilir. Bir sözlə, əminik ki, gördüyümüz iş bizə və milyonlarla azərbaycanlıya sevinc və başucalığı gətirəcəkdir.

"Azərbaycan" qəzeti

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.