Cəmiyyət

İran "ziyalı"larının erməni sevgisi

27 Avqust 2015 16:19
Baxış: 1 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə İran ziyalılarının erməni sevdası haqqında yeni bir xəbər aldıq. Belə ki, bir müddət öncə İran ziyalıları erməni qardaşları ilə bir araya gələrək Tehran Dövlət Universitetinin Hüquq və Siyasi Elmlər fakultəsində Avrasiya və İran Araşdırmalar Mərkəzinin və Qafqaz Araşdırmalar Fondunun təşkilatçılığı ilə "XXI əsrin əvvəlindən indiyədək Qarabağ böhranının dəyişiklikləri" adlı "dəyirmi masa" ətrafında toplaşıblar.

Tədbirdə natiq qismində Ermənistanın Qafqaz Araşdırmaları Mərkəzinin sədri Aleksandr İskəndəryan və Tehran Universitetinin müəllimi, Qafqaz Araşdırmalar Fondunun İran cəmiyyətinin idarə heyətinin üzvü Cəfər Haqpənah çıxış ediblər. Tədbirdə hətta Ermənistanın İrandakı səfirliyinin nümayəndələri və İranda yaşayan ermənilər də iştirak edib.

"Dəyirmi masa" zamanı hər iki çıxışçı Azərbaycanın işğal olunmuş ərazilərinin guya ermənilərə məxsus olması, həmin ərazilərin Ermənistan ərazisinə qatılmasına haqq qazandırılması, qondarma "Sumqayıt hadisələri" və s. uydurma məsələlərə dair cəfəng fikirlər səsləndiriblər.

Təbii ki, belə bir səviyyədə təşkil olunmuş tədbirdə cəfəngiyyatdan başqa hansısa həqiqi bir fikir səsləndirilməsini gözləmək sadəlöhlük olardı. Tədbirin təşkilatçılığından belə qərəz və saxtakarlıq yağır. Çünki ən sadə məntiqlə yanaşanda, əgər tədbirdə Azərbaycanla, Azərbaycanın işğal olunmuş ərazisi olan Qarabağla bağlı hər hansı məsələnin müzakirə olunacağı nəzərdə tutulurdusa, orada Azərbaycandan da nümayəndələrin iştirak etmələrinə və çıxış etmələrinə şərait yaradılmalı idi. Ancaq belə görünür ki, "dəyirmi masa" təşkilatçıları hər şeyi, söyləyəcəkləri cəfəng fikirləri, tarixi saxtalaşdıracaqlarını əvvəlcədən planlaşdırıbmış və Azərbaycandan kiminsə həmin tədbirdə iştirakının onların planını pozacağını yəqin edib tədbiri bizlərdən kiminsə iştirakı olmadan keçirməyə qərar veriblər.

Hörmətli Cəfər müəllimin tarixi saxtalaşdıraraq Azərbaycan əraziləri və ermənilərin separatçılığı haqqında yalan fikirlər səsləndirməsi təəssüf doğurmaya bilməz. Cəfər müəllim çıxışında separatçılığın ermənilər tərəfindən irəli sürülmədiyini iddia edib.

"İranlı müəllimin" diqqətinə çatdırmaq istərdim ki, ermənilər nəinki azərbaycanlılara qarşı separatçılığın əsasını qoymuş, hətta etnik təmizləmə siyasətini açıq həyata keçirərək, bir əsrdə günahsız azərbaycanlıların qətli ilə nəticələnən bir neçə soyqırım törədərək tarixdə görünməyən vəhşiliklərin müəllifləri olublar. Cəfər müəllimə bir daha xatırlatmaq istərdim ki, Azərbaycan xalqına qarşı ermənilərin ötən əsrlərdə apardıqları soyqırım, terror və işğalçılıq siyasəti nəticəsində 2 milyondan artıq soydaşımız, günahsız insanlar qətlə yetirilib, kəndlər, şəhərlər dağıdılıb, yandırılıb.

Cəfər müəllimin çıxışında səsləndirdiyi digər sərsəm fikir isə onun Qarabağı Azərbaycandan ayrı göstərməsi olub. Görünür, Cəfər müəllim bu fikri səsləndirərkən ya ermənilər arasında özünü lap erməni kimi hiss edib, ya da onun ümumiyyətlə tarix dərsindən xəbəri yoxdur. Saxta yollarla müəllimlik adına sahiblənib, ya da Cəfər müəllim də İran kimi beynəlxalq aləmdən təcrid olub. Yoxsa ən azından Cəfər müəllim bütün beynəlxalq ictimaiyyətin Qarabağı Azərbaycan ərazisi kimi qəbul etməsindən xəbərdar olardı. Ya da hörmətli Cəfər müəllim həqiqəti, yəni Qarabağın Azərbaycanın tarixi torpaqları olduğunu bilir, sadəcə, onun ermənilərə olan məhəbbəti bu həqiqətə göz yummağa, yalan danışmağa vadar edir.

Erməni sevdalısı Cəfər müəllim çıxışında başqa cəfəng fikirlər də səsləndirib. Məqsədim onun söylədiyi cəfəng fikirlərlə bağlı müzakirə açmaq deyil. Sadəcə, Dövlət Universitetinin müəlliminin belə yalan danışması təəssüf doğurur və bu Universitetin həqiqi təhsil verməsini böyük şübhə altına alır.

Əgər bir universitetin müəllmi belə yalançılıqla, saxtakarlıqla məşğul olursa, onda vay onun tələbələrinin halına. Və əgər Tehran Dövlət Universiteti də belə yalan, sərsəm fikirlərin səsləndirildiyi tədbirin keçirilməsinə, müəllimlərinin yalan danışmasına, tarixi saxtalaşdırmasına şərait yaradır və ya göz yumursa, onda belə çıxır ki, bu Universitet elm yox, yalançılıq, saxtakarlıq tədris edir.

Aleksandr İskəndəryan isə ənənəvi erməni xislətinə sadiq qalaraq Qarabağ ərazisində ən qədim kilsəyə malik olduqlarını və Qarabağın yerli əhalisi olduqlarını iddia edib. Ancaq İskəndəryan unudur ki, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin əsası rus çarı I Pyotr tərəfindən 1724-cü ildə qoyulub və ermənilərin Qarabağa kütləvi şəkildə köçürülməsi isə 1828-ci ildə Rusiya ilə İran arasında Türkmənçay müqaviləsindən sonra başlayıb. Ona qədər isə Qarabağda ermənilərdən əsər-əlamət olmayıb.

İskəndəryandan zatən saxtakarlıqdan başqa bir şey gözləmək yayda qar yağmağı gözləmək olardı. Çünki onun aldığı nəfəs belə saxtadır. Bu gedişlə deyəsən, lazım gəlsə, İskəndəryan bəşəriyyətin də ermənilər tərəfindən yaradıldığını iddia edər.

Elçin Mehdiyev 
Trend

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.