Cəmiyyət

Yazarlardan yumoristlərə SƏRT sözlər

27 Avqust 2015 14:48
5 Şərh     Baxış: 2 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda "Bu şəhərdə", "Parni İz Baku", "Tək Səbir", "Komedi Klub", "Bozbaş pikçers" kimi yumor komandaları var. Bəzi komandalar isə fəaliyyətini dayandırıb. Milli.Az bildirir ki, bu yumor komandalarının hansının daha uğurlu olmasını öyrənmək və Azərbaycanda komediya, yumor sənətinin hansı səviyyədə olduğunu müəyyən etmək üçün axar.az ədəbiyyat adamlarına belə bir sualla müraciət etdi:

"Sizin üçün son 15 ildə fəaliyyət göstərən ən uğurlu yumorist və yumor komandası hansıdır? Ümumiyyətlə, bizdə yumorun vəziyyəti nə yerdədir?"
 
Mayasız süd kimi
 
Azad Qaradərəli bu fikirdədir ki, satira ilə yumor vəhdətdə olmalıdır:
"Yumor" demişkən, adətən fikir bütöv olsun deyə belə ifadə edirlər: "Satira və yumor". Bizim tanıdığımız yumor ustalarının (Bəşir Səfəroğlu, Əliağa Ağayev, Lütvəli Abdullayev, Nəsibə Zeynalova) hamısında yumorla bərabər satira damarı da olub. Çünki satirasız yumor mayasız süd kimidir. Əgər südə maya atmasan nə qatıq, nə də pendir ala bilərsən. Əvəzində süd çürüyər, heç nə alınmaz. Çürüyər demişkən... Adını saydığınız komandalarda heç düz-əməlli yumor da yoxdur, onlarınkının adı laqqırtıdır, təndirüstü arvad qeybətidir. Ciddi sənətkarın gülüşündə bir məna, özü də ictimai məna olmalıdır. Yadınıza salın, Arkadi Raykini, Nikulini, elə bizim Bəşir Səfəroğlunu! Çox təəssüf ki, bizimkilərin gülüş hədəfləri çox cılızdır. Düzdür, tənqid var. Amma bu da yarınan tənqiddir. Sanki tənqid edəndə deyirlər: "Baxın, mən sizi tənqid edirəm. Amma bu sevgidən doğan tənqiddir"".
 
Onlarınkı elə bozbaşdır
 
Əsəd Cahangir əvvəllərə "Parni iz Baku"nun, indi isə "Bu şəhərdə"ni yumorunu daha çox xoşlayır:
"Mən "Parni iz Baku"nu xoşlayırdım, son vaxtlar "Bu şəhər"də onu üstələyib. Birinci komanda daha çox siyasi, ikinci isə ictimai məsələləri qabardır. Yerdə qalanlar çox bayağıdır. Onlar efirə çıxmasa, yaxşıdır. Onlarınkı elə doğrudan da bozbaşdır".
 
Rafael və Coşqun da...
 
Rəşad Məcid ədəbiyyatımızda iti, sərt yumorun yaxşı ənənələri olduğunu deyir:
"Yumor hissi üstün keyfiyyətdir. Hər bir insan üçün, hər bir xalq üçün gərəkli faktordur. Bizdə iti, sərt yumorun yaxşı ənənələri var. Mirzə Cəlil - "Molla Nəsrəddin" məktəbi, Sabir, Haqverdiyev və başqa klassiklərimiz iti, dərin yumorun böyük ənənələrini yaradıblar. Bu günlərdə Feysbukda sərt yumorun klassik nümunəsi kimi Haqverdiyevin "Çeşmə" hekayəsini paylaşmışdım.
 
Müstəqilliyin ilk illərində "Çeşmə" qəzeti iti səviyyəli yumor ənənəmizin yaxşı davamı idi. Təəssüf ki, bu gün cəmiyyətimizin zövqü xeyli bayağılaşıb. Yumor hissi korşalıb. Elə buna görə də çox istedadlı aktyorlar olan Rafael və Coşqun da məcbur olub səviyyəsiz, bayağı tamaşaçı zövqünün səviyyəsinə enməli olub. Amma buna baxmayaraq, onların tamaşalarında sərt sarkazma, kəskin yumora rast gəlmək olur.
 
"Parni iz Baku"da da oxşar məqamlar var. Təəssüf ki, digər komandalarda bayağı yumor əsas yer tutur. Ya heç baxmıram, baxanda isə niyə və nəyə gülməli olduğumu anlamıram. Bəsitlik, primitivlik, istedadsızlıq cövlan edir.
 
Ədəbiyyatımızın müxtəlif nəsillərinin yaradıcılığında iti yumor ənənələrinin davam etdirildiyi məqamlar var. Anarın, Seyran Səxavətin, Əli Əmirlinin  əsərlərində olan yaxşı ənənələr davam etdirilir. İmir Məmmədlinin hekayələrində də yaxşı yumor hissi duyulur. Gənclərdən isə İkinci Mahmudun Feysbuk statuslarında və hekayələrində duzlu yumor var".
 
Xorla hırıldamaq məsləhətdir
 
Zahir Əzəmət isə bütün bu komandaların gülüşə yox, hırıltıya xidmət etdiyini düşünür:
"Sadaladığınız komandalardan əvvəllər "Parni iz Baku", indi isə "Bozbaş pikçers"də hərdən yumora aid nəsə olur. Ümumilikdə isə, son illərdə Azərbaycan mədəniyyətində - istər ədəbiyyatda olsun, istər efirdə - yumor damarı çox zəifdir. Bunun da səbəbi odur ki, reallıqda Azərbaycan insanının həyatı daha komik, bir az da dəqiqləşdirsək, daha tragikomikdir. Necə ki, müharibə gedə-gedə müharibə haqqında yaxşı romanlar yazılmır, vəziyyət həm gülməli, həm ağlamalı olanda, ümid hırıldamağa qalır. İndi elliklə, xorla hırıldamaq məsləhətdir. Sağlamlığa da xeyirlidir. İnşallah, gülməyə də vaxtımız olacaq".
 
"Parni iz Baku"
 
Nəriman Əbdürrəhmanlı "Parni iz Baku"nu bəyənir:
"Əlbəttə ki, "Parni iz Baku" idi. Qalanlar heç vaxt o səviyyəyə qalxa bilmədilər".
 
Dombalağa gülə bilmirəm
 
Aqşin Yenisey isə satira və yumor aləmini çox izləmədiyini deyir:
"Adlarını sadaladığın yumor çətələrinin xitab etdiyi tamaşaçı kütləsi eyni yumor hissinə malik adamlardır. Özümü nə qədər məcbur eləsəm də, dombalağa gülə bilmirəm, ona görə bu günün satira, yumor aləmini çox az izləyirəm".
 
Ağlamalı vəziyyətdədir
 
Azəryar Vaqif "Qıjı TV"-ni uğurlu proyekt sayır:
"Yumorun vəziyyəti ağlamalı vəziyyətdədir. Heç danışılası deyil. Arada-bərədə 1-2 nömrəyə rast gəlmək olur, o da ki, dəryada bir damla da deyil. Son 15 ildə "Qıjı TV" uğurlu proyekt idi".
 
Teatra sovet gülüşü gəldi
 
İradə Musayeva indi, sadəcə, məişət səviyyəsində, əyləndirici, "qımışdırıcı" gülüşün olduğu fikrindədir:
"Mənim üçün yumor C.Məmmədquluzadə, Ü.Hacıbəyov, Ə.Haqverdiyev mərhələsində bitib. Ondan sonra ədəbiyyata və teatra sovet gülüşü gəldi. Orda da əsas mövzu əmək adamı olmayan tənbəllərin ifşası səpkili yumşaq gülüş idi".
 
İndi, sadəcə, parodiya və məişət səviyyəsində düşündürücü yox, əyləndirici, "qımışdırıcı" gülüş var.
 
Bu yumoristlər M.Cəlilin bizim qarşımıza qoyduğu güzgünü sındırdı. O güzgünü ki, orada 100 il əvvəl özümüzə baxmışdıq və əksimizin tragikomik simasını hələ də unuda bilməmişik. Bu ucuz yumorlara baxmaq məcburiyyətindəyik.
 
Bizim musiqi, teatr, şeir, roman sahəsindəki fəaliyyətimizə tən gələn bir yumorumuz formalaşıb. Xalq artıq laqqırtıya gülməyi özünə qəbahət saymır, necə ki, Rəqsanənin ailə macəralarına saatlarla tamaşa etməyi özünə rəzillik kimi qəbul etmir.
 
Yumor əslində ədəbiyyat məsələsidir. Amma o da biznes və şou sahəsinin "xod gedən" malı olub. "Tamaşaçı tutmaq", bilet satmaq... Biz artıq "tutulan" və "alınıb satılan" bir varlığa çevrilmişik. Gülürük. Kimə? Guya başqalarına. O insanlar bəlkə də səhnədən zala ikrah hissi ilə baxır və deyir: "Kimə gülürsünüz, a bədbəxtlər?"
 
Durmadan ssenarilər yazılır və səhnələşdirilir - birdən gecikərlər və gülməyimiz dayanar, başımız açılar, ayılarıq.
 
Əslində, bu gün bizə yumordan daha çox faciə janrı lazımdır - vəhşi kapitalizmin oyuncağa çevirdiyi insanların faciəsi, ədəbiyyatçı olub ədəbiyyatla məşğul ola bilməyən, ipə bağlanıb elə hey bizdən uzaqlaşdırılan çörəyin dalınca qaçan insanların acılarını əks etdirən faciələr, tragikomediyalar və s.".
 
Tamaşaçı zövqsüzlüyündən sui-istifadə
 
Məti Osmanoğlunun da sevimli komandası "Parni iz Baku"dur:
"Məncə, bizdə ən uğurlu yumor komandası "Parni İz Baku"dur. Həmin komandanın çıxışları həm mətnlərin seçimi, həm aktyor oyunu, həm də səhnə təqdimatı baxımından yüksək səviyyədə olub. Murad Dadaşova, İmanov qardaşlarına böyük rəğbətim olub və var. Mən hələ Azərbaycan Dövlət Televiziyasında işləyərkən onlar bizim redaksiyaya - "Xəzər" proqramına (proqramın rəhbəri Samir Əsgərxanov idi) da gəlirdilər. Sonrakı uğurlarını izləmək mənə çox xoşdur. Onlar öz işlərinin ustasıdırlar.
 
"Bu şəhərdə"yə bir-iki dəfə avtobus səfəri zamanı tamaşa etməli olmuşam. Məncə, "Bu şəhərdə"ni araya-ərsəyə gətirənlər tamaşaçı zövqsüzlüyündən sui-istifadə edirlər. Xüsusilə, dramaturji materilları zay məhsuldur. Digər komandalar haqqında bir şey deyə bilmərəm, görməmişəm. Ancaq məni narahat eləyən başqa bir problem var: yumor janrlarının ciddi teatrı üstələməsi. Bunun üzərində düşünməyə ehtiyac olduğu qənaətindəyəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.