Cəmiyyət

Ağsaqqal porno həvəskarları

28 Avqust 2015 00:10
29 Şərh     Baxış: 6 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Etiraf edim ki, sosial problemlərdən, cəmiyyətin çürüklüyündən, insanlarımızın cəhalətindən yazmaq məni çox yorur, usandırır. İllərdir aşağı-yuxarı eyni problemlərdən yazıb, eyni insanların cəhalətindən, nadanlığından ahu-fəğan etməkdəyik. Az qala Mirzə Cəlildən, Sabirdən bu yana dəyişən heç nə yoxdur. Yenə də insanımız həkimə yox, türkəçarəyə, psixoloqa yox, falçıya, psixatra yox, mollaya, pirə üz tutur. Yenə də azyaşlı qızlar gəlin donu geyinir, yenə də atalar qızlarını məktəbə buraxmır, yenə də xəyanətlər, boşanmalar, qeyri-rəsmi də olsa, çoxarvadlılıq mərəzindən xilas ola bilmirik. Dini fanatizm, cəhalət, oxşar və dəyişməz problemlər yaxamızı buraxmır.

Təsəvvür edirsiniz, yüz ildir heç nə dəyişmir.

Nəinki dəyişmir, getdikcə cəhalətin yeni növləri peyda olur. Bəzən oxucu yazarı haqlı olaraq qınayır. Kamil oxucu eyni problemlərin təkrar-təkrar gündəmə gəlməyindən yorulur, bezir. Şəxsən mən oxucunu anlayıram. Çox istərdim ki, oturub oxuduğum kitablardan, dinlədiyim musiqilərdən, baxdığım filmlərdən yazım. Dünyanı gəzmək, yeni mədəniyyətlərlə tanış olmaq, ümumiyyətlə, köşə yazılarından qopub romanlarımı yazmaq istərdim. Təəssüf ki, bunca cəhaləti, geridəqalmışlığı görüb susmaq da olmur. Bəzən heç bir nəticə verməyən tənqidi yazılardan yorulsam da, eyni mövzular canımı sıxsa da, yazmaqda, tənqid etməkdə, ifşa etməkdə fayda var düşüncəsindəyəm.

Yuxarıda qeyd etdiyim kimi, Mirzə Cəlildən, Sabirdən üzü bu yana çox şey dəyişməyib. Sadəcə, bir fərq var, Sabirin də, Cəlilin də qəhrəmanları yazıb-oxumağı bilmədiyi üçün yazılanlardan bixəbər cəhalətlərində sakit və xoşbəxt yaşayırdılar. Bizim qəhrəmanlarımız isə nəinki oxumağı bacarır, hətta yeri gələndə internetin verdiyi imkanlardan istifadə edib bizləri topa tutmağı da fürsət tapırlar. Bəzən cahilliyini üzünə vurduğum insanlar yazdığım yazıdan iki dəfə böyük şərhlərlə cavab verməyi özlərinə borc bilirlər. Cəhalətin yeni növü internetlə birlikdə təşəkkül tapır.

İnternet cəhaləti, illərdir mübarizə apardığımız cəhalətin yeni və biabırçı növlərindəndir. İnternetin, sosial şəbəkələrin öz novruzəliləri, qurbanəlibəyləri, zeynəbləri, kefli iskəndərləri, şeyx nəsrullahları var. İnternetin kəşfi dünyada böyük işlərə yol açsa da, bizdə cəhaləti bir az da dərinləşdirir.

Sosial şəbəkələrdə yayılan porno viruslar hamımızı narahat edir. Hər gün dostlarımın şikayətini, gileyini, qəzəbini müşahidə edirəm. Tamahını saxlaya bilməyib porno-spamlara, porno-viruslara klikləyənlərin əksəriyyəti Şeyx Nəsrullah yaşda ağsaqqal kişilərdir. Bütün günü əxlaqdan, dindən, namusdan danışan hansısa ağsaqqalın səhifəsindən beyqafıl yayılan viruslar əvvəllər məni çox düşündürsə də, indi bu cəhalətə gülürəm. Təbii ki, bu acgözlüyün psixoloji tərəfi var və mən bunu təhlil etmək fikrindən uzağam. Yaşlı-başlı adamların pornoya baxmaq istəyini qınamaq istəməzdim, amma hər şeyin yeri və zamanı var. İnsanın istənilən yaşda pornoya baxması onun haqqıdır və bu haqqı heç bir yaşda onun əlindən almaq olmaz. Amma sosial şəbəkədə yayılan spamlara cahilcəsinə tamah salmaq seksual aktı camaat içində icra etmək kimi bir şeydir. Ağsaqqal porno həvəskarları bilməlidir ki, daha təhlükəsiz, virus və spam yaymayan porno saytlar mövcuddur və normal adamlar pornoya baxmaq ehtiyacını bu saytlar vasitəsi ilə ödəyir.

Sosial şəbəkələrdəki ağsaqqal porno həvəskarlarının qadın şəkillərinə yazdıqları şərhlərdən anlamaq olur ki, bu problemin kökü çox dərindir. Bəzən qızı yaşında xanımlara "girişən" ağsaqqalların ürəkbulandıran komplimentləri gözlərimi yaşardır. İnsan niyə bu qədər görməmiş, düşük, manyak olmalıdır?

Ehtiyatsızlıqdan, bilməzlikdən, qəza nəticəsində spam, virus qurbanı olanlar da az deyil, onlarla işim yox. Mən bütün günü dostluğundakı xanımlara "girişən", protezini suya qoyub bilgisayar başına qaçan, menapoz dönəmindəki xanımıyla yatağını ayırıb, nəvələrini əzizləməyi unudan "ağsaqqallar"dan narahatam. İnternet cəhaləti kənardan şəxsiyyətli, möhtəşəm görünən neçə-neçə ağsaqqalı yüngülsaqqal edib.

Poçt qutusunun yanını kəsdirən Novruzəliylə virusları aktivləşdirən internet istifadəçisi qocaman müəllimin, körpə qızlarla evlənib, ölü diriltdiyini iddia edən Şeyx Nəsrullahla bütün günü dindən, imandan danışıb, nəvəsi yaşında xanımlara "girişən" ağsaqqal təqaüdçülərin ciddi fərqi yoxdur.

Dövrümüzün cahilləri daha müasir vasitələrlə cahillik edirlər, vəssalam. Düşmənimiz dəyişməzdir: cəhalət!

Cəlil Cavanşir
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.