Cəmiyyət

Kabel televiziyaları qiyməti niyə qaldırır?

25 Avqust 2015 17:40
15 Şərh     Baxış: 3 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 1-dən etibarən Azərbaycanda fəaliyyət göstərən bütün kabel televiziyaları operatorları qiymətləri artırmağı planlaşdırırlar.

Həm KATV1, həm Ailə TV, həm də Connect TV kimi operatorlar bu günə qədər 9 manat olan baza paketini sentyabrın 1-dən etibarən 10 manata qaldırmağı nəzərdə tutur.

1 manat qiymət artımı, bəlkə də, elə də böyük məbləğ kimi görünməyə bilər. Kabel televiziyaları da qiymət artımını xidmətlərin keyfiyyətinin artırılması ilə izah edirlər.

KATV1 kabel televiziyasının mətbuat xidmətinin rəhbəri Pərvin Sadıqov Milli.Az-a açıqlamasında deyib ki, qiymətlərin artması ilə yanaşı, xidmət keyfiyyəti və baza paketində kanal sayı da artırılacaq. Bu, əslində, abunəçilər üçün daha sərfəli versiya olacaq.

"Misal üçün, əgər əvvəllər futbol kanallarına baxmaq üçün əlavə olaraq abonent idman paketi alırdısa və əlavə olaraq 4 manat ödəyirdisə, sentyabrın 1-dən etibarən həmin kanallar baza paketinə daxil ediləcək. Yəni əvvəllər 13 manata baxdığı kanallara artıq 10 manat ödəməklə baxa bilər", - deyə o bildirib.

Bundan əlavə şirkətin rəsmi açıqlamasında bildirilir ki, yenilənmə abunəçilərə yeni kanalları rus, türk və ingilis dillərində izləmək imkanı yaradacaq.

Qiymətləri qaldırmağı planlaşdıran digər kabel televiziyası Ailə TV-dir. Şirkətin rəsmi açıqlamasında bildirilir ki, baza paketində tarif dəyişikliyinə səbəb, ilk növbədə, məzmunlu və daha keyfiyyətli televiziya yayımın təmin olunmasıdır. İddia olunur ki, tarif dəyişikliyi ilə yanaşı kabel televiziyası xidmətlərinin keyfiyyətinin artırılması və yüksək keyfiyyətli yayımın təmin olunması gündəmdədir.

Connect TV də qiymətləri artırmağı nəzərdə tutur. Şirkətin mətbuat katibi Əlimərdan Sultanov Milli.Az-a açıqlamasında bildirib ki, baza paketin daha da zənginləşdirilməsi, yenilənməsi və yayımlanan kanalların siyahısına daha baxımlı, yüksək reytinqli maariflənirici, xəbər, əyləncə və kino kanallarının daxil edilməsi hesabına baş tutacaq. Eyni zamanda, qeyd olunan tarixdən etibarən xidmət keyfiyyətinin daha da yüksəldilməsi, abunəçilərə daha keyfiyyətli (HD yayım) və onların zövqünə uyğun kontentin təqdim edilməsi, kanal yayımında vahid standartların işlənməsi, xüsusilə yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, kabel operator televiziyasının əhatə dairəsinin genişləndirilməsi və digər texniki yeniliklər olacaq.

Ekspertlər isə qiymət artımı ilə bağlı şirkətlərin açıqlamalarını əsaslı saymırlar. İqtisadçı Samir Əlyev Milli.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda kabel televiziyaları inkişaf edir və əhatə dairələri get-gedə böyüyür. Əhatə genişləndikcə müştərilərin sayı da artır. Yəni xərclər azalır, qazanc artır. Bu səbəbdən də əhatə dairəsi genişləndikcə, qiymətlərin aşağı düşməsi daha uyğun olardı.

"Mən düşünürəm ki, qiymətlərin artımı şirkətlərin yayım keyfiyyətini artırması ilə əlaqədar deyil. Bu, fevral ayında Azərbaycan manatının devalvasiyaya uğraması ilə əlaqədardır. Kabel televiziyalarının istifadə etdiyi texnologiyalar Azərbaycanda istehsal olunmur. Hamısı xaricdən gətirilir. Manatın qiymətinin dollara nisbətdə aşağı düşməsi isə həmin texnologiyaların baha alınmasına səbəb olur. Bu da yayım qiymətlərinin artırılması zərurəti yaradır. Mən düşünürəm ki, kabel televiziyalarının qiymətlərinin artması keyfiyyət artımı ilə bağlı deyil. Ölkədə gedən bahalaşma prosesinin tərkib hissəsidir", - o qeyd edib.

Teymur Hacıyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.