Cəmiyyət

Gəlinin evdən qaçmağına sevinirəm...

25 Avqust 2015 00:20
249 Şərh     Baxış: 19 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yenə camaat söyməyə, içindəki aqressiyanı püskürməyə, ərinin, arvadının, qayınanasının, qonşusunun heyfini çıxmağa bir zavallı qadın tapıb. Ucar rayonunun Qaracallı (çox gözəl adı var) kəndində evdən qaçan 24 yaşlı gəlini deyirəm. Arvadlar ocaqdakı yeməyi, kişilər əllərindəki domino daşını yaddan çıxarıb yenə gücü dillərinə veriblər. O gəlin kimi qaragünlülər də onu söyür, dünyadan xəbəri olmayanlar da.

Hörmətli həmvətənlərim, qeyrətli bacı və qardaşlarım, mən sizdən fərqli olaraq o qadının evdən qaçmağına sevinirəm. Bəli, sevinirəm! Sevinirəm ki, o qadın çarəni tövlənin tavanına kəndir salıb özünü asmaqda görməyib. Sevinirəm ki, bir qadın da sizin mentalitetinizin, qəbilə qayda-qanunlarınızın qurbanı olmayıb. Sevinirəm ki, bir insan ölümdən xilas olub. Qoy o qadın lap gəlib sizin dədənizin malı bilib, qısqandığınız Bakı şəhərində fahişəlik etsin, amma canına qıymasın. Sadaladıqlarınız, içinizi yeyib tökən heç bir əxlaq konstitusiyası bir insan canından, ömründən qiymətli deyil.

Bir də ona sevinirəm ki, 13 yaşında, sizin dilinizlə desək, başı bağlanan bu qızın 11 il sonra da olsa, ağlı kəsib, cəsarəti çatıb və o zalımlara qarşı çıxıb. Təhsili, işi-gücü olmasa da, cəsarəti olub. Az şeydi bu?

Vallah mən onun tərəfdarıyam ki, qızlar erkən yaşda ərə verilib bədbəxt olmaqdansa, hamısı evdən, kənddən qaçsınlar. Şəxsən mən onlara evimin qapısını açaram, təki 18 yaşında, 20 yaşında, 24 yaşında bir qız o əsarətin qurbanı olmasın. Bir səhər oyanıb görməyək ki, o yaşda bir gəlinin hardansa cəsədi tapılıb...

Asıb-kəsməyə başlamamış bir düşünün. Düşünün ki, bu qadının günü-güzəranı yaxşıydısa, "can" deyib "can" eşidirdisə, evdən niyə qaçsın?

Bu qız 13 yaşında Rusiyada işləyən bir oğlana nişanlanıb. Mən şəxsən 13 yaşımda kukla oynadırdım, dərs oxuyurdum. Amma bu qız ailə həyatına qədəm qoyub. Niyə? Çünki...

Qızın valideynləri düşünüb ki, çörəkyeyənimizin biri azalar. Əgər qızınızın qarnını doydurmaq sizə belə çətin gəlirsə, ona təhsil verin, bir peşənin yiyəsi edin, özü-özünü dolandırsın. Sizin də canınız qurtarsın, onun da.

Amma onlar ellikcə yığılıb qərara gəliblər ki, qızını Rusiyada işləyən bir oğlana ərə versələr, ailəlikcə ağızları bala batacaq. Bu oğlanın ildə bir dəfə evə gəlib-getməyi, onda da qızlarıyla dalaşmağı onları maraqlandırmır. Vəziyyətdən belə görünür ki, kürəkənləri onda da nəsil artırmağa gəlirmiş... Qızlarının günündən xəbəri olmayan bu binəvalar da "nənən qurban", "baban qurban" deyib nəvə oynadırlarmış...

Nəsil artırmaq demişkən, deyirsiniz ki, yaxşı qadın övladlarını atıb getməz. Əmin olun ki, o qadın gec-tez övladlarına yiyə çıxacaq. Ət dırnaqdan ayrılmaz! Bir gün övladlarının gözü qarşısında qayınana-qayınata qatili olmaqdansa, belə yaxşıdı. Adamı canından bezdirəndə nə desən etmək olar... Hələ bu qadının ərinin sevgisinə, qayğısına, diqqətinə ehtiyacı olmağını və bütün bunlardan məhrum olmağını demirəm. Ağızlarını açanda deyəcəkdilər ki, gəlinimizi bəy qızı kimi saxlayırıq, belə varımız, imkanımız, yemək-içməyimiz. Elə bil evdə mal-qara saxlayırlar, tövləyə sal, yeməyini ver, ildə bir dəfə doğsun, səsini də çıxarmasın.

Qayınatanın müəllim olmağı məsələni lap faciələşdirir. Bir millətin ki, müəllimi evindəki gəlinin yataq otağına qədər qarışır, sözləri çəp gələn kimi onu döyür, evdən qaçandan sonra da ona "fahişə" damğası vurur, o millətin cuvarından, çobanından nə gözləyəsən?

"Namus, namus" deyib qabağına keçəni qırıb-batıran bu "müəllimlər" hələ oğlunun həyat yoldaşı sayılan bir qadın haqqında deyir ki, Bakıya gedib iki oğlanla intim əlaqədə olub. Nə bilim ey vallah...

İndi sizdən soruşuram: siz o qadının vəziyyətinizə düşsəniz, nə edərdiniz? Yox, hələ də deyirsinizsə ki, elə əxlaqsızın ölməyi, yer üzündən silinməyi yaxşıdı... onda Allah sizə rəhmət eləsin!

Sevinc Fədai
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.