Cəmiyyət

"Qaçan gəlini qınayanlar, özləri də qaçmaq istəyənlərdir"

24 Avqust 2015 00:15
194 Şərh     Baxış: 14 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gündür sosial şəbəkələrdə Ucar rayonun Qaracallı kəndində evdən qaçan Şəlalə Rüstəmovanın addımı müzakirə olunur. Onun ailəli və 3 uşaq anası olduğu halda evdən qaçması və uşaqlarından imtina etdiyini deməyi bu xanımı qınaq obyektinə çevirir. Ş.Rüstəmova isə müsahibəsində deyib ki, qayınana və qayınatası onu mütəmadi olaraq döyüb, həyat yoldaşı isə ilin əksər vaxtı Rusiyada olub.

Cəmiyyətin buna reaksiyası isə xanımın qeyd etdiyi çətin vəziyyəti nəzərə almadan, əsasən, qınaq üzərində qurulub. Xanımın evdən qaçmağına hansı psixoloji vəziyyət səbəb ola bilər? Cəmiyyət bu xanımı niyə belə çox qınayır?

Suallarımızı psixoloq Elmir Əkbər cavablandırdı. O, Milli.Az-a açıqlamasında bildirib ki, əvvəlcə araşdırmaq lazımdır ki, hansı situasiya xanımı belə addım atmağa vadar edib:
"Qadın təbiətən elə məxluqdur ki, heç vaxt rahat ailə həyatını qoyub, qudurğanlıqdan qaçmaz. Bu xanımın atdığı addımla bağlı da araşdırmaq lazımdır ki, hansı vəziyyət onu qaçmağa vadar edib. Birincisi, kişilər gərək qadınları burada atıb Rusiyaya getməsin. Lap çörək pulu qazanmağa gedibsə, yoldaşı yanında olmalıdır. Qadın qayınanasına, qayınatasına ərə gəlməyib, yoldaşına ərə gəlib. Yaxşı kişinin pulu və xanımı yanında olar. Onlar ailə quranda and içiblər ki, yaxşı və pis gündə bir-birilərinin yanında olacaqlar.

İndi bəzi qayınatalar gəlinlərlə elə davranır ki, heç bir kişilik əxlaqına sığmır. Bizim yanımıza konsultasiyaya gələnlərdən də bunu müşahidə edirəm. Xanımları ətrafındakılar elə həddə çatdırır ki, onlar qaçmalı olur".

Psixoloq vurğulayır ki, elə situasiya ola bilər ki, insan iki pis seçimdən daha az pis olanı seçər:

"Düşünmək lazımdır ki, bu qadın bəlkə də ölümlə həyat arasında seçim etməli olub? Bəlkə düşünüb ki, qaçmasa, onu öldürəcəklər, ya da özü özünə qəsd etməli olacaq? Qaçmaq aysberqin görünən tərəfidir, görünməyən tərəfi öyrənmək lazımdır. Elə həddə çatacaq ki, qadınlar çadraya üsyan etdiyi kimi analoji üsyan edəcəklər".

Cəmiyyətin niyə qınamağına gəlincə isə E.Əkbər bildirib ki, normal təfəkkürlü insanlar başqalarını qınamırlar, yaxud da bunu çox nadir hallarda edirlər:

"Bu xanımı qınayanların böyük əksəriyyəti özü çətin həyat yaşayan və bir neçə dəfə ürəyinin dərinliyində qaçmağı düşünüb, amma buna cəsarəti çatmayan adamlardır. Onlar, istər qadın olsun, istərsə də kişi, hamısı şüuraltı olaraq bu xanımın cəsarətinə paxıllıq edir.

İstənilən halda insanın bu vəziyyətə düşməyi arzuolunan deyil, amma bunun səbəbləri var, insanı buna vadar edən şeylər var. Bu vəziyyətin yaranmağında o xanımın ətrafındakı hər kəs günahkardır. Ana-atası, qayınana-qayınatası, həyat yoldaşı, qohumları günahkardır. Biz çox biganə cəmiyyətik. O xanım əzab çəkəndə, yəqin ki, heç kim ona kömək etməyə çalışmayıb, amma indi hamı qınaya bilir. Əslində isə hamı oturub düşünməlidir ki, bu hadisələr niyə baş verir? Savadsız həkim xəstəliyin simptomlarını müalicə edən kimi biz də qaçan qadını günahkar bilib çıxış yolunu tapmış sayılmırıq. Səbəbləri tapıb, aradan qaldırmaq lazımdır".

"Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, cəmiyyət təkcə qadına qarşı belə aqressiv olmaqla özünü göstərir:

"Məsələn, bu gün mətbuatda məhkəmə qərarlarının icrasında alimentin ödənilməməsi halları ilə bağlı material dərc olunsa, sosial şəbəkələrdə belə müzakirələr, aqressiv reaksiya olmayacaq. Halbuki, qadını 3-4 uşaqla atan və aliment ödəməmək üçün gizlənən kifayət qədər kişi var. Cəmiyyətdə "qadın günahkardır", "o anadır" fikirləri, qadın yalnız doğa və qul ola bilər, hörmətə layiq deyil düşüncəsi geniş vüsət alıb. Bu da lap quldarlıq quruluşuna, antik dövr yanaşmasına bənzəyir".

M.Zeynalova vurğulayır ki, Ş.Rüstəmovaya, ilk növbədə, sosial psixoloji yardım lazımdır:

"Bundan sonra isə hüquqi müstəviyə keçmək lazımdır. Uşaqlara da psixoloji yardım lazımdır. Hətta qonşular da bu məsələ ilə bağlı danışdırılmalıdır. Xanımın qayınatası iddia edib ki, guya o, "Tarqovıy"da bir gecə iki nəfərlə intim münasibətdə olub. Bu da mətbuatın öz yazıları ilə qarşı tərəfə öz əməlindən bəraət almaq üçün ipucu verməsindən qaynaqlanır. Amma bu xanımın bəraət almaq hüququ var, belə gözüyumulu ittihamlar, sadəcə, insan faciəsi ilə nəticələnə bilər. Mətbuat da bu məsələlərdə həssas olmalıdır".

Cəmiyyətin aqressiv reaksiyasına gəlincə isə birlik sədri hesab edir ki, Ş.Rüstəmova ilə bağlı qınayıcı fikirlər yazan xanımlar cəmiyyətdə digərləri önündə özünə bəraət almaq istəyənlərdir:

"Mən yaxşıyam, mən günahsızam mesajı verirlər. Halbuki, ana qədər ata da uşağın tərbiyəsində və inkişafında rol oynamalıdır. Biz bir tərəfi yükləyib digərini isə bu yükdən azad edirik".

Məsələnin hüquqi müstəvisi də var. Xanım ərinin ailəsini məhkəməyə verə və uşaqlarını tələb edə bilərmi? Bundan başqa qayınatası onun haqqında bəzi ittihamlar irəli sürüb ki, guya Bakıya hansısa oğlanla görüşmək üçün qaçıb. Bu iddia ilə bağlı məhkəməyə müraciət edə bilərmi?

Suallarımıza cavabında hüquqşünas Səməd Vəkilov bildirib ki, mövzunun mətbuatda müzakirə edilməsi istər-istəməz hüquq pozuntularına yol açır:

"Mən belə mövzuların mətbuatda müzakirə edilməsinin əlehinəyəm. Bu, məhkəmə salonunda müzakirə edilə bilər. Özü də qapalı məhkəmədə. İrəli sürülən ittihamlara gəlincə, təbii ki, əgər onlar özünü doğrultmasa, bu halda qadın o ittihamları irəli sürən şəxsləri məhkəməyə verə bilər. Burada şəxsi həyata müdaxilə komponentləri və o cümlədən şərəf və ləyaqətin ləkələnməsindən söhbət gedə bilər. Fikirlər mətbuatda səsləndirildiyi üçün böhtan və təhqir cinayətlərinin əlamətləri ola bilər. Ümumilikdə isə işin hallarını bilmədən qiymət vermək düzgün olmaz".

Xanımın məhkəmə ilə uşaqlarını almağına gəlincə isə hüquqşünas bildirib ki, əgər analıq hüququndan məhrum edilməyibsə, bunu tələb edə bilər:

"Analıq hüququndan məhrum edilmədiyi halda onun himayəsindən uşaqların alınması real deyil. Məhrumetmənin isə konkret əsasları var. Konstitusiyaya görə valideynlik hüququndan məhrum edilmə aşağıdakı hallarda ola bilər:

Öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; alimenti qəsdən ödəmədikdə; heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə; valideynlik hüquqlarından sui-istifadə etdikdə; uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; xroniki alkoqol və narkomaniya xəstəsidirsə; uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə".

Fatimə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.