Cəmiyyət

Abituriyentlər niyə intihar edirlər?

5 Avqust 2015 15:11
2 Şərh     Baxış: 1 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər bir valideyn övladının ali təhsil alıb yaxşı bir işlə təmin olunmasını, karyera qurmasını arzulayır. Ancaq uşaqla düzgün davranmağı, həssas psixikasını zədələməməyi, uşaqlıq travmalarından qorumağı hər kəs bacarmır. Nəticədə uşağı ali təhsil müəssisəsində, arzuladığı yüksəkliklərdə görmək əvəzinə itirir. Uşağın düşdüyü mühit, üzləşdiyi insanlar onun formalaşmasına təsir etsə də, əsas məsuliyyət valideynlərin üzərinə düşür. 

"Ali məktəbə qəbul ola bilmədiyi üçün intihar etdi". Demək olar, hər il ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlananda belə xəbərlər oxuyuruq. Bu il də istisna olmadı. Belə ki, Kürdəmir rayonunun Pirili kəndində yaşayan 1997-ci il təvəllüdlü Qəhrəmanova Bikəxanım Rəhim qızı özünü asaraq intihar edib. Onun meyidi evin həyətindəki tövlədə asılı vəziyyətdə tapılıb. Verilən məlumatlara görə, ali məktəbə qəbul imtihanı verən, amma uğur qazana bilməyib bundan sarsıntı keçirərək özünü öldürüb. 

Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Ruhin Mayıs oğlu Bədəlov da eyni səbəbdən canına qıyıb. Yaxınlarının bildirdiyinə görə, R.Bədəlov ali məktəbə daxil ola bilmədiyindən intihar edib. 

Psixoloq Arzu Müzəffərovanın sözlərinə görə, ali məktəbə qəbul olmayan abituriyentlərin intihar etməsi anidən yaranan bir fəlakət deyil: "Bu, uşaqlıqdan gələn bir travmadır. Ola bilsin ki, 3 yaşından, 10 yaşından başlayaraq, şəxsiyyətin formalaşması prosesində uşaqlar psixoloji travmalarla üzləşsinlər. İntihar uşaqlıqdakı travmaların nəticəsi olan son həddir". 

"Valideynlər anlamalıdır ki, uşaqların təhsildə uğursuzluqla üzləşməsi normaldır" deyən müsahibimiz əlavə edib ki, gənclərin intiharına onların həyat tərzindəki uğursuzluqları, ünsiyyət pozğunluğu, ailədə olan narazılıqlar səbəb ola bilər: "Yalnız imtahandan kəsilənlər deyil, ali təhsil müəssisəsinə qəbul olanların da ünsiyyət travmaları var. Həmyaşıdları ilə ünsiyyət qura bilmirlər. Xüsusilə də, birinci kursda oxuyarkən problemlərlə rastlaşırlar. Amma bu o demək deyil ki, bu dünyanı yox, ölümü seçməlidirlər. Bu, çıxış yolu deyil. Yaxşı olar ki, onlar psixoloji mərkəzlərə müraciət etsinlər. Valideynlər nəzərə alsınlar ki, övladları üçün onlara güvənə bilmək önəmlidir". 

Mütəxəssis qeyd edib ki, 17 yaşa qədər uşaqların həyat tərzi adətən bağçada və məktəbdə keçir: "Onlar bu mühitdə və ailədə travma ala bilərlər. "Oxuya bilmirsən!", "Ölsən bundan yaxşıdır" kimi kəlmələr uşaqları intihara təhrik edə bilər. Müxtəlif abituriyentlərlə işləyirik. Onların dərdi uşaqlıq travmaları və valideynlərinin sözləridir". 

Abituriyentlər ali təhsil müəssisəsinə daxil olmadıqda valideynlər onları çox danlayır. Psixoloq izah edir ki, onların tənqidinin altında əslində böyük bir sevgi dayanır: "Lakin valideynlər tənqidi uşağa düzgün ötürmür. Mimika, jestləri, səs tonları uşağa pis təsir edir. Amma həqiqətən, heç bir ana-ata övladının uğursuzluğa uğramağını, imtahandan kəsilməyini istəmir. Sadəcə, gənclər bunu normal qarşılamır. Valideynlər uşaqla mübahisə edərkən "Get, özünü as!" desə də, bu kəlmələrin altında böyük sevgi dayanır. Amma uşaq bunu görmür. Uşaq ananın mimikasını görür, nifrət dolu bağırtısını, "axı, biz niyə kimlərdənsə aşağı olmalıyıq?!" sözlərini eşidir". 

Müzəffərova deyib ki, ailə üzvləri bir yerdə yaşasalar da, hər kəsin fərqli fikirləri, həyata baxış tərzi var: "Bunu nəzərə almaqdansa, ana və ata uşaqdan ideallıq istəyir. Həmin valideynlərdən soruşmaq lazımdır ki, "siz uşaqlıqda ideal olmusunuzmu?" Valideynlər özləri uşaqlıqda aldıqları psixoloji travmaları düşünməlidirlər. Onlar da ata-analarının danlaqları ilə üzləşiblər. Bu, onlara necə təsir edirdi? Valideynlər övladlarına çox diqqət göstərməlidirlər. Uğuru çətinliklə qazanan valideyn uşağını heç vaxt danlamaz. O başa düşür ki, uğur çətinliklə qazanılır". 

Valideynlər uşağa sərbəstlik verməlidir deyən psixoloq bildirib ki, valideynlər övladlarına "Onu eləmə", "Bunu etmək olmaz!", "Uşaqsan, otur uşaq yerində" kimi sözlər deyərək çox sıxırlar: "Uşaq da valideynin xoşuna gəlməsi üçün nə edəcəyini bilmir, çaşqınlıq yaşayır. Uşaqlar fikir edirlər ki, görəsən, mən filan hərəkəti etsəm, filan sözü desəm, ata-anamın və ya ətrafdakıların xoşuna gələcəkmi? Xoşa gəlmək, bəyənilmək önəmli deyil. Hamının xoşuna gəlmək üçün hər kəsin dediyini etmək lazım deyil. Bir gün uğursuzluq qazanarsız, bir gün uğur. Ali məktəbə qəbul olmamaq həyatın sonu deyil! Uşağı sıxmağa, gecə-gündüz dərs oxumağa məcbur etmək düzgün deyil! Elə valideynlər var ki, övladlarını dərs oxusunlar deyə gecə yarı yuxudan oyadır. Belə yanaşmalar olanda, əlbəttə ki, uşaqlar sarsılır. Sonda da geri dönüşü mümkün olmayan hadisələr baş verir". 

"Ekspress"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.