Cəmiyyət

Saxta brilyantları Azərbaycana kim gətirir, kim satır? - ARAŞDIRMA

5 Avqust 2015 14:59
1 Şərh     Baxış: 5 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı sakini 1 il əvvəl brilyant qaşlı dəst alıb, sonra onu yoxlatdırıb, sən demə, daş brilyant deyilmiş. O da polisə müraciət edib. Əslində bu gün çoxları aldıqları zinət əşyalarını yaxşı mütəxəssisə göstərsələr, əmin olun, əksəriyyətin yolu polis idarələrindən düşər. Çünki bazarda brilyant, almaz adı altında imitasiya olunmuş, ya da sintetik daşlar yetərincədir. Amma adamlar polisə getmirlər, çünki bu işə vaxt sərf etmək istəmirlər. Burada psixoloji məqam da var - kim istər ki, həqiqi brilyantlarının olduğu barədə ümidləri bir anda alt-üst olsun? "Bizim Yol" əməkdaşının bu barədə araşdırması bahalı daşlara meylli xalqı ehtiyatlı olmağa sövq edəcək. 

Əvvəla, qeyd edim ki, Azərbaycan bazarı dünya bazarından həmişə fərqlidir, dünya bazarında qiymətlər ucuzlaşanda Azərbaycan bazarında tərsinə proses baş verir. Dünya bazarında neft ucuzlaşır, bizdə isə benzinin qiyməti qalxır. Qızılın da qiyməti getdikcə aşağı düşür, qiymətli metalın unsiyası dünya bazarında 34-35 dollar, bizdə isə 40 dollardan aşağı deyil. Bu hələ yaxşıdır. Keçən həftə Tarif Şurası bəzi dərman preparatlarının tənzimlənən yeni qiymətlərini açıqladı, real satış qiyməti ilə təqdim olunan qiymətlər arasında 8-13 dəfə fərq var. Ya da başqa maraqlı bir məlumat verəcəm. İl yarım əvvəl alınmış, indi öz qiyməti 70-80 manat ancaq olan planşeti Samsung Service Plazaya təqdim etdim. Hissə üçün 100 manat istədilər. Köhnə malın astarı özündən baha-başa gəlir.

Bilmirəm, sahibkarlar onları hansı qiymətlə və nə fəndlə ölkəyə gətirirlər, amma bizdən qazandıqları xərclədiklərindən dəfələrlə çoxdur. Əcnəbi ölkələrin saytlarının qiymət müqayisəsi göstərir ki, eyni mal bizdəkindən, ən azı, 8-10 dəfə ucuzdur. Dubay, Türkiyə məhsullarını demirəm, oxşar zinət əşyalarının Avropada qiyməti 1000 avrodursa, Azərbaycanda 10 min manatın üzərindədir. Hələ keyfiyyətindən söhbət açmıram.     

Ticarət mərkəzlərində yalnız qızıl və təbii daşlarla işlənmiş zinət əşyaları get-gedə qəhətə çəkilir. Müşahidələrimə görə, zinət əşyalarının az qala 99.99 faizi şəffaf daşlarla işlənib. Təbii ki, sahibkarlar onu brilyant adlandırırlar. Amma maraqlıdır ki, həmin daşlar zinət əşyalarının üzərində hazır məmulat kimi deyil, çox vaxt ölkəyə ayrıca gətirilir. Sahibkarlar bunu özləri etiraf edir, səbəbini də yüksək vergi, gömrük rüsumları ilə əlaqələndirirlər. Amma bunun rüsumdan başqa bir səbəbi də olmalıdır. Əgər həmin daşlar təbii deyilsə? Onların hansı hissəsini brilyant, almas, hansı hissəsini adi daş adı ilə rəsmiləşdirdikləri özlərinə bəllidir. Təbii daşları sünilərdən fərqləndirmək üçün çox vaxt yaxşı zərgər olmaq yetmir, onları yalnız xüsusi laboratoriyalarda ayırd etmək mümkündür ki, o da bizdə yoxdur. 

Almaz saf karbondan meydana gəlmiş mineralın adıdır. Brilyant isə xüsusi kəsilmiş almaza verilən addır. Bundan ötəri hər kəsilmiş almaza brilyant deyilmir. Brilyantın üzərində 57 faset olur. Faset - işığı əks etdirən bucaqlı səthlərə verilən addır. Brilyant üç hissədən ibarətdir. Tac, kəmər və papaq. Sintetik brilyant - təbiətin min illər yetişdirdiyi təbii brilyantdan fərqli laboratoriyalarda qısa zamanda süni şəkildə "yetişdirilən" daşdır. Təbii brilyantla, demək olar ki, eyni fiziki, kimyəvi və optik xüsusiyyətlərə sahibdir. Təbii brilyant kimi karbondan meydana gəlir, kub formada kristallanır. Bir karbon digər dörd karbon ilə bərabər uzaqlıqda tetrahedron şəklində bağlanır. Sərtliyi və istilik keçiriciliyi eynidir. Bu səbəbdən sadə vizual üsullarla aradakı fərqi anlamaq mümkün deyil. Ayırd edilməsi yalnız gemoloji laboratoriyalar tərəfindən spektroskopik cihazlar istifadə etməklə mümkündür. Yəni bir zərgərin təkcə lupanın köməyi ilə adi gözlə onu anlaması imkansızdır. 

Hazırda sintetik brilyant istehsalı üçün iki üsul məlumdur: HPHT və CVD. HPHT yüksək təzyiq və istilik üsulu ilə almazın yer altındakı meydana gəlmə şərtlərinin bənzəri təmin edilərək çıxarılmasıdır. CVD kimyəvi buxar saxlama yoluyla yüksək təzyiqə ehtiyac olmadan, yüksək istiliklə bir plazma buludundan karbonlar ayrılaraq toxumun kristal üzərində yığılmasıdır. İki üsulda da sintetik, ya da təbii bir almaz kristalı "seed crystal" var. Satışlarda "bunların da daxili almazdır" demək səhvdir. Daxili almazdırsa, xarici nədir? Bu, almazdır, ancaq insanın yaratdığı almaz. Beynəlxalq gemoloji terminologiyada buna "laboratory grown diamond", yəni laboratoriyada yetişdirilmiş almaz deyilir və "man made" - "insan istehsalı" almaz olaraq məlumdur. Sintetik sözü müştəri üçün saxta, təqlid, ucuz kimi qəbul edildiyindən, bu, sadəcə laboratoriya almazı olaraq xarakterizə edilir.

Son istehlakçı, yəni alıcı almaz deyildiyində təbii olan, milyonlarla ildə meydana gəlmiş, sonsuza qədər eyni şəkildə qalan, nəsildən-nəslə ötürülən daşı düşünür. Ancaq sintetik deyilincə, bu duyğunun yerini nəyin alacağı marketinqlə məşğul olanların mövzusudur. Tək tövsiyə olunan sintetik brilyantın qəti şəkildə təbii brilyant adı altında satılmamasıdır. Bunun üçün gemoloji analiz və sertifikat şərtdir. "Laboratoriyada yetişdirilmiş brilyant" Azərbaycan bazarında işlənməyən termindir. Amma bu, belə brilyantların bizdə olmadığı anlamına gəlmir. Əslində heç brilyant olmayan adi daşdansa bütün parametrləri təbii brilyantla eyni olan laboratoriyada yetişdirilmiş daş daha arzuolunandır və çox güman ki, gördüyümüz bahalı zinət əşyalarının üzərindəki daşlar da ən yaxşı halda sintetik ola bilər. Təbii daşlar bahadır və onu həmin qiymətə alıb Azərbaycan alıcısına az fərqlə satmaq marağında olan sahibkarın varlığına şübhə edirəm.     

Mozanit və zirkon (nəyə görəsə buna bizdə sirkon deyirlər) da sintetikdir. Sintetik mozanit (SIC) və kubik zirkon (CZ) laboratoriya mühitində istehsal olunur, ancaq kimyəvi strukturları almazdan fərqlidir və ayırd etmək son dərəcə asandır. Sintetik mozanit və kubik zirkon kimi daşlar sintetik almaz adlandırılmır, onlara təqlid (simulyant) daşlar deyilir. Mozanitdə müşahidə edilən işıq nizamındakı fərqlilik və yüksək dispersiya səbəbiylə brilyanta görə daha çox göy qurşağı rəngləri var. Sintetik mozanit gül kəsimi, zümrüd kəsimi, şahzadə, damcı və bir çox şəkildə qarşımıza çıxır. Xüsusilə qara mozanitlər son zamanlarda çox istifadə edilir. Kubik zirkonun zəif parlaqlığı şüşə kimi xətlərin rahatca görülməsini təmin edir. Son dövrlərdə CVD (Chemical Vapor Deposition), kimyəvi buxar saxlama-çökəltmə-yığma üsulu ilə hazırlanan brilyantlar qarşımıza çox çıxır. Təbii ki, dünyanın ən qiymətli daşının yer altındakı böyümə şərtlərini göz önünə alaraq, surətini çıxarmaq maddi olaraq cazibəsini qoruyur. Bu səbəbdən elm adamları və onları dəstəkləyən firmalar artan büdcə ilə öz üsullarını inkişaf etdirib, indiki vaxtda ləl-cəvahirat keyfiyyətində daha ucuz xərcli kristallar meydana gətirməyi bacarıblar.

Türkiyə bazarında sintetik brilyant yetərincədir. Çünki onlarda da bizdəki kimi daşların tərkibini analiz edən laboratoriyalar hələ qurulmayıb. İstanbul Kuyumcu Əsnaf və Sənətkarlar Odası yönətim Kurulu Başqanı Norayr İşlər brilyantın istifadəsinin genişlənməsiylə sintetik daşlar mövzusunun ortaya çıxdığını deyib: "Sintetik daşları brilyant olaraq müştəriyə təqdim edən kəslərə "dur" demək, bu problemi işlərimiz pozulmadan həll etmək məcburiyyətindəyik. Türkiyədə 25 min pərakəndə satış nöqtəsi var. Adambaşına düşən milli gəlir 55-60 min dollara çatdı da, bizim xəbərimiz yoxdur? Bu zərgər sayı ilə yola davam edilərmi? Avropa Birliyi dövlətlərində ən işlək küçədə ciddi tələb olmadıqca mağaza sayı artmır. Türkiyədə bu sayı təhlil etmək gərəkdir. Sektorun peşəkarlığının yetərliliyi və standartlarının ortaya çıxarılması lazımdır, bu da ancaq xüsusi bir qanunla mümkün olar. Fikrimcə, zərgər peşəsində qadağalara başlanmalıdır". 

Mücəvhər İxracatçıları Birliyi Yönətim Kurulu Başqanı Ayhan Günər isə keçən il sektorun 3,1 milyard dollar ixracat, turistə 1,2 milyard dollarlıq satış etdiyini deyib. Günər Türkiyədəki alış-verişdən şikayətlənənlərə cavabında durumun ölkədən kənarda daha pis olduğunu söyləyib: "21 internet saytında sintetik brilyant satılır. Bunu turistə satdığımızı düşünsəniz, Türkiyənin etibarı bitər. Gömrük Nazirliyinə də bu problemi çatdırmağımız lazımdır". O, ad çəkməyib, amma Türkiyəyə ən çox turist gedən və shoping edənlərdən biri də azərbaycanlılardır. Nüfuzlu ticarət mərkəzlərimizdə əsasən qonşu ölkədən gətirilən zinət əşyalarının satıldığını nəzərə alsaq, düşünmək olar ki, sintetik brilyant artıq çoxlarımızın həyatına girib, gözünü "oxşayır".   

Yenə türk mütəxəssisləri xəbərdar edirlər, duruma qarşı çıxırlar, bizdə buna etiraz edən yoxdur. Zərgərlər brilyant daşlara yaxın durmurlar, sadəcə götürdükləri zinət əşyasının qızılına görə pul verirlər. Bəlkə də həmin daşları yenidən hansısa zinət əşyasının üzərinə brilyant adı ilə yerləşdirib satırlar. Tanıdığım bir xanım 4 il əvvəl brilyant qaşlı nişan üzüyünü 500 manata alıb. Sonradan üzüyün bir daşı düşdüyünə görə onu zərgərə göstərib. Zərgər də üzüyün boş qalan yerinə 5 manat müqabilində "brilyant" taxıb. Daşlar bir-birindən heç fərqlənmirmiş. Sonradan üzükdən şübhələnib, onu satmaq qərarına gəlib, daşına pul verən olmayıb, zərgər sadəcə qızılı 150 manata alıb. Belə misallar yüzlərlədir. Aldığınız yerdə daşları zərgərə göstərməyə lüzum yoxdur, onsuz da sizə düzünü deməyəcəklər. Hər halda həmkar həmrəyliyi olduğunu düşünürəm. Bir-birinin paxırını açmaq istəmirlər, yəqin ki, "sözləşmələri" var. Amma kənarda düzünü demək ehtimalı yüksəkdir. 

Söhbət etdiyim zərgər brilyant daşlı zinət əşyalarına meyl etməyi məsləhət görmür. Deyir ki, hazırda bazarda qarışıqlıqdır, nəyin gerçəkdə nə olduğu bəlli deyil. Zərgərlərin də bilikləri sintetik daşları təbiidən ayırmağa yetərli olmadığından ən yaxşısı sadə daşlara üstünlük verməkdir. Zirkon daş adı ilə ucuz almaq, brilyant adı ilə həmin o zirkonun özünü baha almaqdan yaxşıdır. Zərgərlər daş satırlar, amma nadir hallarda özləri alırlar. O da təmizliyi və tarixinin bir az uzağa gedib çıxdığına əmin olduqdan sonra. Çünki ilk sintetik brilyant ötən əsrin 50-ci illərində istehsal edilməyə başlayıb. Amma lazımi keyfiyyət alınmadığından süni brilyantın əldə edilməsi vaxtı bir az da gecikib. Satın aldığınız məhsulun gerçək dəyəri ancaq beynəlxalq etibarlı sertifikat sayəsində aydın olar. Araşdırmalarda hələ sertifikat təqdim edən zərgər görməmişəm. "Əvvəl alın, sertifikata sonra baxın", deyirlər. Məlum olur ki, sertifikat məhsulun yanında yox, hansısa ofisdə qalıb. İstehlakçıya ciddi yanaşmırlar. Şüurlu istehlakçı isə artıq sertifikatlı brilyant istəyir. Avropada xüsusi sertifikat tək təşkilat tərəfindən hazırlanır. Sənəddə malın xüsusiyyətləri, qiymətli daşların təbii olub-olmadığı gemologlar tərəfindən araşdırılaraq qeyd olunur. İrəlidə böyük itkilər yaşamamaq üçün zərgərinizdən mütləq beynəlxalq sertifikat istəyin.
 

"Bizim Yol"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.